Həyatımızın “böyük daşları”

saadet-cahangir-koseSəadət Cahangir

Məşhur bir fransız professoru Amerikanın böyük şirkətlərinin rəhbərlərinə vaxtın idarə olunması mövzusunda təlim keçirdi. Yaşlı professor mövzunu bir təcrübə üzərində anlatmağa qərar vermişdi. O, masanın altından bir balon çıxardı. Onun içinə tennis topu boyda daşları səliqə ilə yığmağa başladı. Balon ağzına qədər dolanda zala “doldumu?” deyə soruşdu. Hamı bir ağızdan “bəli” deyəndə, professor “həqiqətənmi?” sualını verdi. Ardınca çınqıl daşlarını çıxarıb balondakı boş yerləri doldurmağa davam etdi, sonra “indi doldumu?” soruşdu yenidən. Bir nəfər “xeyr” səsləndi. Haqlıydı, alim sonra bir az qum götürüb balona boşaltdı və ən sonda onu su ilə doldurdu. Professorun anlatmaq istədiyi şey bu idi: “Əgər böyük daşları öncə qoymasanız, onları sonradan yerləşdirə bilməzsiniz. Sizin həyatınızın ”böyük daşları” nədirsə, onu öncə, düzgün yerləşdirməlisiniz. Əks halda, vaxtınız çınqıl və qum kimi kiçik şeylərə vaxt öldürməyə gedəcək…”

Bu ölkənin insanı gözünü açandan niyə əzab-əziyyət içində itib-batır, bilirsiniz? Əsas səbəb elə o daşların yerinə düzgün yerləşdirilməməsi ilə bağlıdır. Gözünü açıb düşdüyü mühitdə hər şeyin qarmaqarışıq və boz-bulanıq olduğunu görən insan bu nizamı hardan biləcək? Hardan biləcək çınqılı, qumu, suyu “həyat balonu”na öncədən doldurmaqla, böyük daşlara yer buraxmadığını? Çevrəsində hər kəs xırda-para işlərlə əlləşib dururkən, kim anladacaq, kim göstərəcək ona ən doğru olanı? Kim qaçırılmış fürsətlərin bir daha geri gəlməyəcəyini, itirilmiş vaxtın yenidən yaşanmayacağını zamanında söyləyib xəbərdar edəcək onu? Anladacaq kim var ki? Barmaqla saysaq, sayılar, ya sayılmaz, yalnız o qədər. Mühitin özündə bir nizamsızlıq, bir xaos, bir darmadağınlıq var axı. Insanlar həyatlarındakı dağınıqlığın və əzab-əziyyətin kökünün də doğulduqları mühitdə, cəmiyyətdə olduğunu anlamaq istəmirlər. Insanlar anlamaq istəmirlər ki, çıxdıqları yolun onları doğru mənzil başına aparıb çıxarması birbaşa normal cəmiyyətə bağlıdır. Xəstə mühitdə doğulan bir insanın çevrəsindəki “mikroblar”dan qoruna-qoruna sağlam böyüməsi nə qədər çətindir, deyilmi? Zamanında düzgün nizamlanmamış o qarmaqarışıqlığın içində nə qədər çapalamaq olar, nəyisə düzəldib qaydaya salmaq üçün? Bu, bir insan həyatının hansı önəmli hissəsini alıb götürə bilər, təsəvvür edirsinizmi?

Fransız professorun dediyi məsələnin içində insan xoşbəxtliyinin açarı gizlənir həm də. Doğru istiqamət tutduğun yol səni yanlış ünvana aparmaz, şübhəsiz. Nə yazıq ki, biz yaşadığımız ölkədə uzun illərdir əksini görürük. Burda hər şey o qədər alt-üstdür ki, insanlarda əsas həyat daşlarının harda və necə düzüləcəyi haqda belə təsəvvür yox. Insanlar burda vaxtın dəyəri və önəmi haqqında düşünmək belə istəmirlər. Çünki çevrədə o vaxtın insanlara xoşbəxtlik adına nəsə gətirdiyini görən yox. Çünki burada insanlar həyata inamlarını elə itiriblər ki, böyük daşların və onun yan-yörəsini dolduran əlavə mexanizmlərin fəlsəfəsi ilə bir yana çıxacaqlarını ağıllarından belə keçirmirlər. Buranın daşı daş üstə qalmayıb axı. Həyatının yarıdan çoxunu bu duman içində itirmiş insana vaxt itkisi haqda daha nə öyrədəcəksən? Insanların xoşbəxtlik axtarışına, xəyal gücünə, yaşamaq eşqinə, sevmək arzusuna əngəl olan bir mühitdə vaxtın ölməsi kimi ağrıdacaq, kimi narahat edəcək ki? Amma bir ölkədə insan həyatı nə qədər belə nizamsız davam edə bilər? Neçə nəsil ağrısını çəkməlidir bu qarışıqlığın? Nəhayət, anlayaq ki, bu ölkədə “həyat balonları”nı düzgün doldurmağın zamanı çatıb. Böyük daşları çoxdan öz yerinə qoymaq lazım…