Elton Quliyevə dost ağısı

seymur heziSeymur Həzi

İyulun yağı olmayanları öz duzunda, duzsuzları öz yağında qovurduğu günlərdir. “Azərbaycan saatı” üçün müsahibəyə Elton Quliyev gəlir.

1500 Vattlıq dörd işıq, 16 kvadratlıq darısqal məkan, 3 çəkiliş kamerası və kostyumda tər içində mən – bu sətirlərin müəllifi.

Qonağım dillənir:

– Çıxır? (Gülüşürük)

– Əlbəttə, bir az oynaqlarımda qalıb…

– Axıracan lazım döyül, duzsuz adam adam döyül…

Üstündən günlər keçir və məlum olur ki, məni həbs etmək üçün hazırlıqlar yekunlaşıb. Neynəmək olar.

Bundan qabaq sufilərin kəfəni boynunda idi. Indisə “yaxşı müxalifətçisənsə vəkilin hanı?” deyirlər. Yəni, sufi hər an ölümə, Tanrıyla bir vücudda qovuşmağa hazır olduğu kimi, müxalifətçi də həbsə hazır olmalıdır. Zəng edirəm. Öz təbirincə desək “əmoğlu” cavab verir: “Hi”. Deyirəm: “Görüşək, Toni. (Dostlar onu ”Toni” deyə çağırırlar). Razılaşırıq. Şəhərdə görüşürük, daha doğrusu Azadlıq Radiosunun ofisi tərəflərdə. “Sözlü adama oxşayırsan” deyir.

– Deyəsən, artıq vədə yetişib tuturlar.

– (Telefonda təqvimə baxır) Əmoğlu sən canın bir-iki ay ləngit, əlimdə işim çoxdu.

– Mən tutmuram e, onlar tuturlar.

– (Gülür) Bilirəm, intəhası sən dozanı azaltsan, ləngidərlər, bəlkə.

– Onda da mənim şəkərim düşər.

– Yaxşı da, ta neynəyək, başına gələn başmaqçı olar.

Sarılıb ayrılırıq. Bu olub 24 avqust 2014-də. Mənim Məhərrəm Həsənov adlı zərərdidənin başına bir ədəd “Esuntiki 17″ şüşəsini vurmaq məcburiyyətində qaldığım gündən beş gün qabaq.

29 avqustda Eltona zəng edirlər. Abşeron rayon polis idarəsinin istintaq şöbəsinin rəisi Bilal Nəbiyev.

Həbsimi xəbər verir. 1 saat sonra Toni içəri girir. Təfərrüratı məndən öyrənir və ilk reaksiyası:

– Niyə öldürmədin o ….şı?

Hamı vəkilə baxır. O heç halını da pozmur. “Ya 10 ilin yarısı, ya 5 ilin hamısı, gərək öldürəydin” deyir.

Mən də əsl günahımı indi anlamış kimi “imkan olmadı” deyirəm (gülüşürük).

Hadisələr, məhkəmələr, dindirmələr, üzlər, üzləşmələr, susmalar, pısqırıqlar… Zaman heç nəyə baxmadan ötür…

Elton bəy BİT-ə gəlir. Orderi yaddan çıxıb. Amma əmoğlunu görmək istəyir. Bir yüzlüyü atır ortaya: “Bunu parçalayın, Seymuru da çağırın, tələsirəm”. Gəlirəm, görüşüb ayrılanda əməkdaş deyir ki, bəs orderi də verin qeyd edək işə.

– Order olsaydı sizdən 100 manat da alardım, order nə gəzir?!

6 yanvar 2015. Saat 10:30-dur. Bakı İstintaq Təcridxanasında mənə deyirlər ki, vəkilə hazırlaş.

Hazırlaşıram. Kamera yoldaşım Yaqub kişiyə deyirəm ki, ordan bir qırmızı alma ver. Cibimdə alma gəlirəm “vəkilxana”ya. Toniylə görüşüb, sarılırıq. Almanı çıxarıram. Dərhal “Xədicəyə gətirmisən?” deyə soruşur.

Gülümsədim. Amma o gün axırıncı təbəssüm oldu. Elton ağır diaqnoz barədə danışdı. İki saata yaxın söhbətləşdik, iki əmoğlu kimi. Özü barədə heç narahat deyildi: dostlar, ailə, yarımçıq qalan işlər. Həmişə başqalarını düşünən qəlb sahibi. Sonra mənə dedi ki, Xədicə almanı görən kimi mənim hədiyyəm olduğunu bilib.

13 yanvara gəlib çıxdıq. Elton Quliyev məhkəmədə sonuncu müdafiə çıxışını edir. Hakimə eyhamlı replikalarından qalmır. Gülüşmələr yaranır. Orada olanlardan yalnız mən bilirdim ki, o gülmür, güldürür.

Hakim (Şövkət Nəcəfova) özünü nə qədər ciddi aparmaq istəsə də auranın təsirindən çıxa bilmir.

Arxadan qulağıma pıçıldayırlar ki, diyəsən xanım hakim vəkilinizdən xoşlanıb. Toni isə növbəti replikaya hazırlaşır. Növbəti müdafiəyə. Biz yenə sarılıb ayrılırıq, amma bir daha görüşmürük. Toni harasa getdi və dönmədi. Bizim Toni.

Əhməd Cavadın bir misrası belə məqamlarda dodağımı titrədir:

“… ölmə qardaş, ölmə, düşmən çoxaldı…”

Əziz Toni, sən bizim qəlbimizdə, yaddaşımızda ölə bilməzsən!!!