Avropa Məhkəməsi araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun hazırda həbsdə olan əməkdaşı Xədicə Ismayılın daha bir şikayətini araşdırmağa başlayıb.
Məhkəmə jurnalistin şəxsi həyatın toxunulmazlığının pozulmasına dair şikayət üzrə hökumətə sorğu göndərib.
Bu haqda “Azadlıq” radiosuna fəaliyyətini dayandırmış Media Hüququ Institutundan məlumat verilib. Sözügedən iş üzrə X.Ismayılı həmin institutun vəkilləri təmsil edib.
X.Ismayılın araşdırılan işi peşə fəaliyyətinə görə hədələnməsi, şəxsi həyat məzmunlu bilgilərinin yayılması ilə bağlıdır.
Xədicə Ismayıl 2012-ci ildə hədələyici məktublar almışdı. Həmin məktublarda ondan araşdırmalarına son qoyması tələb olunur, əks halda şəxsi videogörüntülərinin yayılması ilə şantaj edilirdi. Məktubların ardınca internet üzərindən jurnalistin videogörüntüləri yayımlanmışdı.
Hökumətin nəzarətində olan “Səs”, “Yeni Azərbaycan” qəzetləri isə X.Ismayılı aşağılayan məqalələr dərc etmişdilər. Jurnalistin vəkilləri X.Ismayılın üzləşdiyi hüquq pozuntularının araşdırılması üçün Baş Prokurorluğa şikayət etsə də, həmin müraciətlər araşdırılmamışdı. Yerli məhkəmələr də jurnalistin şikayətlərini rədd etmişdilər.
Vəkillərin Avropa Məhkəməsinə göndərdikləri şikayətdə qeyd olunur ki, ölkə məhkəmələri hüquqları pozulan jurnalistin iddiaları üzrə qərarlar verərkən onun Avropa Konvensiyasında təsbit olunmuş ədalətli məhkəmə araşdırması (maddə 6), şəxsi həyatın toxunulmazlığı (maddə 8) və ifadə azadlığı (maddə 10) hüququna müdaxilə ediblər.
Avropa Məhkəməsindən ərizəçinin hüquqlarının pozulmasının tanınması, onların işlə bağlı çəkdikləri xərclərin, habelə onlara dəymiş maddi və mənəvi zərərlərin əvəzinin ödənilməsinin təmin olunması xahiş edilib.