“Absurd bir cinayət işinin ssenarisi var ortada…”
“Üzümə durmaq lazım olanda yaxşı tapıb gətirirdilər, indi niyə o adamları məhkəməyə gətirmirsiz?”
AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahim yanvarın 22-də Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda hakim Turqay Hüseynova bu sualla müraciət edib. O, bu cür səbəblərlə məhkəmə prosesinin uzadılmasına etirazını bildirib.
Məhkəmədə həmçinin Məmməd İbrahimin vəkili Yalçın İmanov ötən iclasda zərərçəkmiş qismində dindirilmiş Oruc Vəliyevin məhkəmə–psixiatrik ekspertizasından keçirilməsi barədə vəsatət qaldırıb: “Biz hesab edirik ki, Oruc Vəliyev ümumiyyətlə, hadisə yerində olmayıb, sadəcə, Məmməd İbrahimə qarşı ittihamı ağırlaşdırmaq məqsədilə sonradan tapılıb işə qoşulub. O, məhkəmədə dindirilərkən çoxsaylı suallarıma cavab verə, istintaqa ifadəsilə burada ddedikləri arasındakı ziddiyyətlərə aydınlıq gətirə bilmədi. Özü məhkəmədə bildirdi ki, keçirdiyi avtomobil qəzası ilə əlaqədar onda yaddaş pozğunluğu var. Xahiş edirəm, onun anlaqlı olub–olmadığı müəyyənləşdirilsin“.
Məhkəmə vəsatəti təmin etməyib.
Müdafiəçinin digər vəsatəti isə Məhəmməd Qurbanovun zərərçəkmiş statusuna xitam verilməsi haqda olub. Yalçın İmanov bu vəsatətini Məhəmməd Qurbanovun məhkəmə iclaslarının heç birinə gəlməməsi, istintaqa ifadələrində Məmməd İbrahimin ona heç bir ziyan yetirmədiyi barədə dedikləri, həmçinin bu şəxsin üzərində xəsarət izi aşkarlanmadığı haqda ekspertiza rəyilə əsaslandırıb.
“Ekspertiza rəyi və özünün ifadələrindən sonra müstəntiq də demişdi ki, onun zərərçəkmiş statusuna xitam veriləcək. Amma sonra bunu eləmədilər. Görünür, sonra kiminləsə məsləhətləşib qərara gəliblər ki, zərərçəkmişlərin sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Absurd bir cinayət işinin ssenarisi var ortada…”, – deyə vəkil bildirib.
Lakin məhkəmə bu vəsatəti də təmin etməyib.
Daha sonra Yalçın İmanov Məhəmməd Qurbanovun məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul edilməsi məsələsini qaldırıb: “Bu adamın məhkəməyə gəlməməsi prosesin lüzumsuz yerə uzadılması ilə nəticələnir. Şahidlərə bildiriş göndərilib, onlar hər dəfə gəlirlər, küçədə gözləyib gedirlər“.
Məmməd İbrahim özü də zərərçəkmiş qismində tanınan şəxslərin məhkəməyə gətirilməməsinə etirazını bildirib.
Məhkəmə prosesi yanvarın 29-da davam edəcək.
Məmməd İbrahim bir müddət əvvəl AXCP–dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında sentyabrın 30-da həbs olunub. Mikayıl Quliyevi vurmaqda ittiham olunan Məmməd İbrahimə CM–in 221.1-ci (xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra Məmməd İbrahimə ittiham maddəsi ağırlaşdırılıb və CM–in 221.2.2-ci maddəsinə tövsif olunub. Bu maddə iki ilədək islah işləri və ya beş ilədək həbs cəzası nəzərdə tutur.
Məmməd İbrahim ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.