İtən dəyər, artan maaş…

rovshenRövşən Hacıbəyli

Ölkə insanını hakimiyyət uzun illərdir dəyərdən salıb. Indiki populyar dillə desək, kəskin devalvasiyaya uğradıb. Faiz nisbətini tapmaq belə çətindir. Bu, iqtisadçıları da çətin duruma salan məqamdır. O elə bir devalvasiyadır ki, neftin qiyməti 150 dollara qalxanda belə ona təsiri olmadı, dəyəri artmadı. Əslində, Azərbaycanda insan devalvasiyasına başlıca səbəb elə qara qızılın qiymətinin kəlləçarxa çıxması oldu. Bütün başqa dəyərləri də o dəyərsizləşdirdi. Ölkəyə və ölkədən xaricə axan milyardlar dəyərlər sistemində “köklü islahatlara” gətirib çıxardı; islahatlar başqa sahələrdə gözlənilsə belə…

Baxmayaraq ki, bəzi itmiş dəyərlər müstəqilliklə birgə qazanılmışdı, yaxud yenidən üzə çıxmışdı, sovetlərin çox ciddi aşındırmasından sonra. Ancaq onun da ömrü elə uzun çəkmədi.

Şair demişkən,

…Bircə gün çəkmədi gəlib-getməyi,

Kəpənək doğuldu, kəpənək öldü.

Ağca pambıq kimi,

ağca yun kimi,

Diddilər, diddilər o kəpənəyi.

Daraşıb qanadlı, əlli-ayaqlı,

Yedilər, yedilər o kəpənəyi…

Başlıca dəyərlərdən biri söz və mətbuat azadlığı idi. Ötən əsrin başlanğıcında şərəfli babalarımızın əsasını qoyduğu müstəqil mətbuat ənənələri əsrin sonunda yenidən dirçəlmişdi. Yeni yüzilə böyük ümidlər vardı, yeni əsrin başlanğıcı, həm də elm və texnikanın gəlişmiş çağında. Ancaq zaman onu da sınağa çəkdi və elə ötən əsrin sonlarındaca mətbuata əl uzadıldı. Alınıb-satılma mərhələsi başlandı və… yeni əsrə bugünkü durumda gəlib çıxdıq. Dəyərli sözü bazara çıxaracaq mətbuat qalıb-qalmayıb dartışmasını aparırıq. Çox vaxt da zəif arqumentlərlə…

Ziyalılarımız onsuz da həmişə bu prosesə hazır, ya da, deyək ki, prosesin içində olub. Onlarla bağlı heç vaxt tələb-təklif çətinliyi yaşanmayıb. Sovetlərin pioneri kimi “həmişə hazır” durumda olublar. Özlərini həmişə matah mal sayıblar. Bəzilərində yanlış təsəvvür var; əlinə diplom alan kimi özünü pərçim edir ziyalılar kateqoriyasına və çox təəssüf ki, toplum da belələrinə ziyalı kimi baxır. Onlar yeri gəldi-gəlmədi, tələblər irəli sürür. Hər kəsdən özünə hörmət göstərilməsini gözləyir, yuxarı başa keçirilməsini umur, yuxarılardan isə həmişə təltif istəyir. O yolda hər şeyini satmağa hazır olur. Bu sıraya, çox təəssüf, əsasən müəllimlər (tək-tük vicdanlı və namuslu müəllimlər istisnadır) daxildir. Onlar başlıca vəzifələrini deyiləni, yuxarıdan deyiləni, sözsüz yerinə yetirməkdə görürlər. Bu adamlar üçün oğurluq – səs oğurluğu adi haldır. Əslində, adam oğurluğundan da bir pillə yuxarıda dayanacaq bu cinayət əməlini onlar gözlərini qırpmadan, üzə gülə-gülə, çox vaxt da onun uğrunda “namus” məsələsi kimi mübarizə apararaq törədirlər. Sonra da sinif otaqlarına, auditoriyaya girib əxlaqdan, tərbiyədən, yeni nəslin yetişdirilməsindən danışırlar. Bəzən də gəncləri böyüklərə hörmətsizlik etməkdə qınayırlar. Belə müəllimlərlə bağlı sosial şəbəkələrdə yetərincə videolar var və kimdəsə azacıq da olsa buna qarşı çıxmaq istəyi yaransa, onları bir daha izləməklə içində qalxan etiraz ehtirasını söndürə bilər; o ehtirasa ləyənlə su tökməklə… AzTV-ləri izləyənlərsə özlərini əziyyətə salıb internetə baş vurmasınlar, həmin dediyimiz ziyalılar hər gün bu kanalların efirindən izacəsiz-filansız onların evinə soxulur, göz qırpmadan yalan üyüdüb tökür.

Ölkə vətəndaşlarına verilən ən son dəyər manatın il boyu 100 faizlik devalvasiyasının ardından prezidentin maaş və təqaüdləri 10 faiz artırmasıdır…

Kimsədən ummayaq, özümüz özümüzə dəyər verək!