İnkişaf nağılının son mogikanı…

zumrud-yagmur-yeniZümrüd Yağmur

Ölkədə ”analoqsuz inkişaf” nağılının bitdyini artıq bu nağılın müəllifləri də qəbul etməyə başlayıb. Prezidentin son müşavirəsindən də göründü ki, daha kimsə bu nağılın altına öz imzasını qoymaqda maraqlı deyil.

Təhsil naziri Mikayıl Cabbarov isə “təhsil nağılının” deyəsən, son magikanı kimi çıxış etdi. Sən demə, Azərbaycandakı təhsil modeli dünyada maraq doğururmuş…

Açıqlamanı oxuduqdan sonra, nə gizlədim, güldüm. “Bu adam və ya məqaləni yazan bilmirmi ki, sözləri nə qədər gülüş, ironiya doğurur, niyə belə asan şəkildə özlərini məzhəkə obyektinə çevirirlər?”, – deyə düşündüm.

Amma birdən anladım ki. yox məsələnin mahiyyəti başqadır. Təhsil naziri Ezop dilində verib açıqlamanı, dərun mənası var.

Doğrudan da, Azərbaycandakı təhsil modeli dünyada necə maraq doğura bilər?

Əgər yadınızdadırsa, Milli Məclisin dil boğaza qoymayan vəkilləri hər zaman deyirdi ki, Avropa gəlsin bizdən iqtisadi inkişaf modelini öyrənsin. Biz onda da anlamırdıq bu möhtərəmlərin nə dediyini. İndi anlayıram ki, Avropaya nəyi çatdırmaq istəyiblər.

Sabah məsələn, Almaniyada iqtisadi problem olsa, Merkeldən tutmuş, bütün məmurlara qədər bu krizisi öz üzərlərində hiss etməyəcəklərmi? Edəcəklər!

Amma baxın bizə, ölkədə insanlar işsiz, acdırlar, məmurlarımızınsa kefi yerindədir. Onlar da Avropadakı məmurlara demək istəyiblər ki, ağıllı olun, gəlin bizdən öyrənin büdcəni yağmalamağı…

Yəni “iqtisadi model” deyəndə ölkəni necə soyub talamağı nəzərdə tutublar. Çünki Azərbaycanda iqtisadiyyat demək, neft satıb ölkəyə gələn pulu oğurlamaq deməkdir.

İndi də Mikayıl Cabbarov “maraq doğurub” deyəndə başqa şeyləri anlatmaq istəyib. Məsələn, dünyada maraq doğurur ki, az qala hər gün mətbuatda Azərbaycan məmurlarının oğurluğuna dair dərc olunan, bu oğurluq nəticəsində meydana çıxan yaxtalar, villalalar, varidat haqqında yazılan məqalələrə necə olur ki, xalq reaksiya vermir?!

Necə olur ölkədə mandatın satılması ilə bağlı video kino kimi nümayiş olunur, yenə də kimsə etiraz etmir.

Bədbəxt Avropa necə maraqlanmasın axı, bu xalqı necə, harda yetişdirmisiniz, bunun təhsil modeli necədir ki, hamını belə “nizama yatırıb”?

Yazıqlar öyrənmək istəyirlər, məktəb sistemini necə qurub orda necə bir nəsil yetişdirmək olar ki, onlar da ayağını kənara atanda vətəndaş başının üstünü almasın? Məsələn, İsveçin xarici işlər naziri Margot Wallström’un Stokholmda növbəsiz mənzil aldığı iddia olunur. İndi bələdiyyə onu məhkəməyə verib, mənzili növbəsiz aldığı sübut olunarsa xanım naziri cərimədən həbsə qədər cəza gözləyir…

İndi bu yazıq necə maraqlanmasın manqurt sürüsü yetişdirən təhsil sistemi ilə?

Azərbaycanda seçkilər təhsil işçilərinin əli ilə necə saxtalaşdırılır? Necə olur ki, 200 manata işləyən müəllim onu bu hala salan hakimiyyətin ayaqda qalması üçün bülleten oğrusuna çevrilir? Təhsil sistemində bu, sizcə, maraq doğurası hal deyil?

Dünyaya maraqlıdır, necə olur ki, bütün dərsliklər vətənpərvərlik şeirləri ilə dolub daşır, ləyaqət və yaxşılıq, şəxsiyyətin vacibliyi tərənnüm olunur, amma nəticədə ortaya tam bunun əksi olan bir kütlə çıxır?

Azərbaycanda doğrudan da bu sahədən öyrəniləsi çox şey var. Məsələn, uşaq 11 il xarici dil keçir, o dili bilmir, bütün günü yazıb oxuyur, amma baxırsan ki, fikrini ifadə etməyə çətinlik çəkir.

Azərbaycanda hələ kiçik yaşlarından məktəbdə əməli-başlı “hörmət etməyi” öyrənən nəsli bu metodu öyrənmədən Avropada necə yetişdirmək olar?

Yalan danışmağı, riyakarlığı, saxtakarlıq və simasızlığı öyrədən təhsilin nə halda olduğunu və Avropanın da nəylə maraqlandığını Mikayıl Cabbarov çox yaxşı bilir. Adamı nə savadsızlıqda, nə də nağılbazlıqda ittiham etməyə tələsməyin.

O özü bilir ki, başında durduğu təhsil sistemi doğrudan da dünyada maraq doğurur. Bu dəfə sözün əsl mənasında dedim. Mən Ezop dili ilə danışmağı sevmirəm…