Ekspertlərə görə, dövlət daxili borclanmaya gedərək dollar nominalında dövlət istiqrazları çap etməlidir
Azərbaycanda sosial təminatın gücləndirilməsi üçün 2016-cı ilin dövlət büdcəsində dəyişiklik edilməsinə zərurət yaranıb. Bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov bildirib.
Nazir deyib ki, ilkin olaraq büdcədə neftin baza qiyməti barreli 50 dollardan götürülüb: “Həmçinin xərclərin təmin edilməsi üçün əlavə gəlir mənbələri tapılmalıdır”.
Qeyd edək ki, büdcədə neftin baza qiymətinin 30 dollar/barrelə qədər azaldılması nəzərdə tutulub.
S.Şərifov bildirib ki, ilk növbədə yeni məzənnə siyasəti ilə bağlı olan müəyyən qiymət artımı ilə əlaqədar büdcənin xərclər hissəsində lazımi düzəlişlər ediləcək.
Əmək haqlarının artırılması, habelə məcburi köçkünlər üçün ərzaq müavinətlərinin verilməsi ilə bağlı maliyyə təminatının yaradılması üçün zərurət yarandığını qeyd edən nazir əlavə edib ki, digər sosial müavinətlər üçün dövlət büdcəsinin xərclər hissəsində də müvafiq dəyişikliklərin edilməsinə ehtiyac var.
“Azalan gəlirlərin təmin edilməsi üçün müəyyən tədbirlər görülməlidir. Gəlir mənbələrinin artımını təmin etməliyik və bu məsələlər yeni büdcədə əksini tapmalıdır”,- deyə S.Şərifov bildirib (“Report”).
Əslində hökumətə bu maliyyə mənbələrinin ünvanı dəfələrlə müstəqil ekspertlər tərəfindən göstərilib. Onlar sırasında ilk növbədə institusional xərclərin azaldılmasını göstərmək olar. Bir-birini təkrarlayan strukturların maliyyələşməsi dayandırılmalıdır. Eyni zamanda azaldılsa da, yenə də israfçı xərclər, layihələr qalmaqdadır.
Iqtisadçı Samir Əliyev bildirdi ki, büdcənin qənaət sisteminə keçməsi hazırkı vəziyyətdən çıxış yolu deyil. Bir-birini təkrarlayan dövlət qurumlarının ləğvinin zəruri olduğunu deyən S.Əliyev bildirdi ki, amma məsələnin kökü bu deyil: “Maliyyə bazarını sakitləşdirmək üçün ölkəyə valyuta lazımdır. Manata etibarı artırmaq lazımdır. Bu gün əhalinin manata etibarı yoxdur. Ona görə valyuta cəlb etmək üçün mənbələr tapılmalıdır. Ölkəyə valyuta axınını təmin etmək üçün mənbələrdən biri Neft Fondudur. Digər mənbələr isə daxili və xarici borc almadır”.
S.Əliyev bildirdi ki, manatın devalvasiyasından sonra dollar naminalında xarici borcun səviyyəsi artıq 20 faiz artıb. Bundan başqa, büdcədə neftin göstəricisinin 50 dollardan 30 dollara salınacağını deyən S.Əliyev vurğuladı ki, bu isə o deməkdir ki, büdcənin gəlirləri azaldılacaq: “Büdcəyə əlavə gəliri təmin etmək üçün yollardan biri qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Amma bu uzun sürən prosesdir. Daha qısa müddət tələb edən yol, daxili borclanmaya getməkdir. Mərkəzi Bank daxili borclanmaya getməklə bir güllə ilə iki quşu vura bilər. Birinci daxili borclanma ilə pul cəlb olunur və büdcə öhdəlikləri yerinə yetirilir. Ikinci məqam isə odur ki, daxili borclanma ilə əhalinin yastıqaltına yığdığı vəsaiti dövriyyəyə qaytarmış olur. Bunun da yolu odur ki, yaxşı olardı dollar nominalında istiqraz buraxılsın. Bu istiqrazların illik faiz dərəcəsi iki-üç faiz, ümumi məbləği iki-üç milyard ola bilərdi. Həm faiz, həm də məbləğ barədə müzakirə açmaq olar. Maliyyə Nazirliyi belə bir qərar versə, əlavə vəsait cəlb edə bilər”.
Xəyal