Hökumət daxili imkanları necə məhv edir?

iqtisadi-felaketYerli milyarderləri ölkədən didərgin salıb, dünyaya üz tutublar

Neftin qiymətdən düşməsi ölkə iqtisadiyyatını iflic vəziyyətə saldı. Çünki, uzun illər ərzində heç bir real sektor inkişaf etdirilmədi, neft pulları isə lazımsız layihələrə xərcləndi, mənimsənildi. Indi ölkənin valyuta ehtiyatları azalır, büdcə boşalır, işsizlər ordusu yaranır. Bir sözlə, ölkə böhran vəziyyətindədir. Ölkə başçısının son müşavirədəki çıxışından da aydın oldu ki, hökumət xarici borclanmaya gedəcək. Yəni, hazırda dövlətin 25 milyard xarici borcu var və ölkə başçısı daha böyük börclanmanın zəruri olduğunu qeyd edir. Maliyyə Naziri Samir Şərifov da  bildirib ki, azalan gəlirlərin təmin edilməsi üçün müəyyən tədbirlər görülməlidir və gəlir mənbələri arıtırılmalıdır.

Göründüyü kimi hökumət komandası çıxış yolu kimi xaricdən borc almağı düşünür. Məsələ burasındadır ki, ölkənin daxili imkanları var və uzun illər bu imkanlara qıfıl vurulub. Bəli, dünyanın müxtəlif yerlərində azərbaycanlı milyarderlər var və bu adamlar heç vaxt Azərbaycana sərmayə yatıra bilməyiblər. Yaxud, Rusiyanın özündə kifayət qədər azərbaycanlı iş adamları var ki, ölkədə biznes fəaliyyəti ilə məşğul olmağa həmişə maraqlı olublar. Hələ bir müddət əvvəl “Milyarderlər Ittifaqı” adlı bir qurum yaradılmışdı və bu quruma Azərbaycandan olan varlı şəxslər yığılmışdı. Amma bu adamların heç biri Azərbaycanda fəaliyyət göstərə bilmir. Çünki, Azərbaycandakı iri məmurlar bu adamlara imkan vermir və öz monopolist fəaliyyətlərini davam etdirirlər.  Əminliklə demək olar ki, xaricdə yaşayan imkanlı həmyerlilərimiz öz ata yurdlarında qurub-yaratmaq istəyərlər və bu daşlaşmış bir mentalitetdir. Əgər bugünə qədər bu adamlara imkan verilsəydi, siyasi hakimiyyətin müdaxiləsi olmasaydı, bu adamlar ölkədə xeyli iş görərdilər. Məsələn, Mübariz Mənsimova qarşı bütün vasitələrlə təzyiq olundu, onu bazardan çıxarmaq üçün əllərindən gələni etdilər və nəticə göz qabağındadır. AST Telman milyardlarını Türkiyəyə, Rusiyaya yatırdı. Zülfüqarlı qardaşlarının həyat hekayəsi hamıya məlumdur. Demək istəyirik ki, hakimiyyət uzun illər ərzində biznes mühitini yaxşılaşdırmaq, pul kütləsini artırmaq, büdcəni böyütmək üçün bütün imkanları qapıdan qovub. Hətta bu gün də bizim tanımadığımız azərbaycanlı iş adamları var ki, Türkiyədə, Gürcüstanda və başqa ölkələrdə iş yerləri açıb, həmin ölkələrin büdcəsinə pul ödəyir.  Təkcə son 2 ildə Türkiyədə azərbaycanlılar 507 şirkət açıb.  Amma ölkə başçısı bu gün da həmin adamlara səslənmir, varlı azərbaycanlıları ölkəyə cəlb etmək marağı hiss olunmur. Hansıki, bu adamlar Azərbaycanda əngəllərlə üzləşməyəcəklərini, qeyri-qanuni tələblərə rast gəlməyəcəklərini bilsələr, ölkəyə investisiya yatırarlar. Yəni, Azərbaycanda münbit mühit yaradılmalıdır ki, imkanlı adamlar üçün ölkə cazibədar olsun.

Nəticə isə budur ki, hökumət dünyaya əl açıb, pul dilənir. Ölkənin potensialına üz çevirib, daxili imkanları zəiflədib, xaricə elçi düşüblər. Göründüyü kimi bütün problemlərin mənbəyi hakimiyyətin acgözlüyü, anti-xalq siyasətidir.

Samir