100 min işçinin ixtisar olunduğu ölkədə, 15 min iş yerinin açıması nəyi dəyişəcək?
Hələ ötən ilin sonlarından ölkə başçısı elan etmişdi ki, 2016-cı il çətin il olacaq. Çünki, hakimiyyət də başa düşür ki, ölkənin taleyi neftlə bağlıdır, heç bir sahə inkişaf etdirilməyib və bundan sonra vətəndaşı “inkişaf fontanları” ilə aldatmaq mümkün olmayacaq. Amma bu ağır il biz gözlədiyimizdən də ağır başladı və sürətlə də ağırlaşmağa davam edir. Artıq bölgələrdə də etirazlara start verilib, insanlar qiymət artımlardan təngə gəlib, kütləvi ixtisarlara start verilib və s.
Belə bir məqamda hökumət real addımlar atmaq əvəzinə, xalqa boş-boş vədlər verməklə məşğuldu. Əslində, pensiyaların baza hissəsinin 10 faiz artırılamsı da boş vədlərin biabırçı nəticəsinin göstəricisidir. Qiymətlərin 40 faiz qalxması, valyutanın 100 faiz ucuzlaşması müqabilində, 10 manatlıq artım vətəndaşı ələ salmaqdır. Yəni, uzun müddət insanları “inkişaf gedir” təbliğatı ilə ofsunlayıblar. Indi isə “qarşıdan inkişaf gəlir” təbliğatına köklənirlər.
Belə ki, hər yerə səs salıblar ki, yeni iş yerləri açılacaq. Iqtisadiyyat naziri Şahin Mustafayev isə iş yerləri ilə bağlı rəqəm də səsləndirib. Nazir qeyd edib ki, kənd təsərrüfatı, emal və sənayə sahəsi üzrə 150-yə yaxın layihə bir il yarım ərzində icra olunmalıdır və nəticədə 15 minə yaxın yeni iş yeri açılmalıdır.
Nazirin bu proqnozu həm gülməli, həm də ağlamalıdır. Gülməlidir ona görə ki, kütləvi ixtisarların reallaşdığı bir vaxtda, 15 min iş yerinin açılması paradoksdur. Ağlamalıdır ona görə ki, bu dövlət və millət bu təfəkkürdə insanların ümidinə qalıb.
Təssəvvür edin ki, ekspertlər 2016-cı ildə 100 min işçinin ixtisar ediləcəyini proqnozlaşdırır. Artıq xeyli dövlət strukturları ləğv edilib, bu yazı yazılarkən məlum oldu ki, “Unibank”ın fililallarından ümumilikdə 900 işçi ixtisar edilib. Başqa bir xəbərdə bildirilir ki, “Azərenerji” 3000 işçisini ixtisar etməyə hazırlaşır. Bundan əlavə iş adamları sürətlə ölkəni tərk edir və bu da iş yerlərinin qapadılması, işsizliyin artması deməkdir.
Belə bir vəziyyətdə “15 min iş yeri açılacaq” mesajı nəyə xidmət edir? Belə çıxır ki, 100 min adamı işdən çıxarıb, sonra 15 min adamı geri qaytaracaqlar və bu da olacaq iş yerlərinin açılması. Bu ona bənzəyir ki, bir uşağın əlindən çörəyini alırsan, sonra yarısını qaytarmaqla savab iş gördüyünü düşünürsən.
Işsizlər ordusu yaradıb, sonra bu ordunun bir “tabor”unu işə cəlb etmək, sadəcə olaraq vətəndaşı ələ salmaqdır, çürük təsəllidir.
Hansıki, hökumətə hansı addımların atılmasıyla bağlı ciddi təkliflər verilib, real islahatların haradan başlanması göstərilib. Hökumət isə nə vaxtında lazımi addımları atıb, nə də indi real addım atmaq istəyir. Hökumətin bütün fəaliyyəti, vətəndaşı yeni böhrana adaptasiya etdirməkdən ibarətdir. Ona görə də 15 min iş yerinin açımasıyla bağlı səslənən fikirləri ciddiyə almaq lazım deyil. Bir müddətdən sonra bu vədlərin yerini, yeni vədlər alacaq.
İlham