“Kommunal sahə özəlləşdirilsə, şişirdilmiş xərclər azalacaq”

azer mehtiyevİqtisadçı-ekspert Azər Mehdiyev son günlər bir sıra dövlət qurumlarının özəlləşdirilməsi ilə bağlı yayılan fikirlərə Facebook səhifəsində münasibət bildirib:

“Son zamanlar dövlət mülkiyyətində olan müəssisə və obyektlərin özəlləşdirilməsi məsələsi yenə geniş müzakirə edilməkdədir. Xüsusilə kommunal sferasında özəlləşdirmə məsələsi insanların müəyyən qismini narahat edir ki, belə proseslər kommunal xidmətlərin qiymət artımına gətirib çıxara bilər. Amma burada diqqətdə saxlanılası çox mühüm məqam var.
Kommunal xidmətlər göstərən iri dövlət müəssisələrinin (elektrik, qaz, su, istilik və başqa enerji növlərinin paylanma şəbəkələri və s.) əslində tam deyil, qismən özəlləşdirilməsindən söhbət gədir, yəni bu qurumların öz sahələri üzrə təcrübəli və tanınmış investorlara uzunmüddətli idarəetməyə verilməsi təmin edilir. Bu dünyada geniş yayılmış və səmərəliliyi təsdiqini tapmış bir mexanizmdir. Sahədə böyük təcrübəsi olan ciddi investorların uzunmüddətli idarəetməsinə verilməsi kommunal sferaya dövlətlədən çox investorların vəsait qoyması demək olacaq. Bununla, bir tərəfdən, dövlət hənin sahələrə əlavə vəsait qoyuluşundan qurtulacaq, digər tərəfdən isə, həmin qurumların fəaliyyətində şəffaflıq və hesabatlılıq yaradacaq, ən vacibi isə, həmin qurumların fəaliyyətinə çəkilən xərclərin şişirdilməsinin qarşısını almaqla xərclərin kəskin azalmasına gətirib çıxaracaq. Xüsusilə bu sahələrə müasir menecment gələcək. Bu halda investorun qiymətləri qaldırmasına tam şəffaflıq və hesabatlılıq yaradılana, xərclər optimallaşdırılmasına qədər məhdudiyyətlər qoyulur. Qiymət artımı yalnız gələcəkdə real xərclərin səviyyəsi dəqiqləşdiriləndən sonra dövlətlə razılaşdırılaraq həyata keçirilir. Vaxtıyla “Bakıelektrikşəbəkə”nin “Barmek”in uzunmüddətli idarə edilməsinə verilməsini xatırlayın. Qısa müddətdə “Barmek” əhaliyə keyfiyyətli xidmətin nə olduğunu göstərmişdi. “Barmek” az müddət ərzində həmin quruma çox mütərəqqi menecment üsulları da gətirmişdi. Kommunal sektora biznes yanaşmasının və keyfiyyətinin gətirilməsindən çəkinmək lazım deyil. İndiki durum dövlət vəsaitlərini dağıdanlara sərf edir…
P.S. Burada önəmli olan hökumətin buna ciddi yanaşması, təcrübəli investorların maraq göstərmələri üçün zəruri mühiti formalaşdırmasıdır”.