Ölkənin bank və sığorta şirkətləri çökür

 

bank reytinq

Nemət Əliyev: «Azərbaycana investisiya yatırmış və yatırmaq istəyən bütün investorlar ölkəmizdən qaçaq düşəcək»

Azrbaycanda makro-iqtisadi vəziyyətin ehtimal olunan pisləşməsi bankların investorlarını narahat etməyə başlayıb. “Investorlar banklara kredit ayıran zaman, bağlanan müqavilədə vəsaiti lazım gələrsə vaxtından əvvəl geri tələb edilə bilinməsi barədə bənd daxil edirlər. Onlar, Azərbaycanda makro-iqtisadi vəziyyətin daha da pisləşməsini görsələr, pullarını geri istəyə bilərlər. Banklardan böyük məbləğdə vəsitin birdən geri tələb edilməsi onları daha çətin vəziyyətə sala bilər. Bu risk getdikcə güclənir”.

Banklar üçün təhlükəli proqnoz

Bank sektorundakı mənbə “Marja”ya bildirib ki, əgər bankların investorları öz vəsaitlərini vaxtından əvvəl tələb edərlərsə, bu, bankların vəziyyətini daha da ağırlaşdıra bilər: Mənbə qeyd edib ki, xarici investorlar Azərbaycan banklarının gələcəkdə pulları geri qaytara bilməyəcəklərindən narahatdırlar.

Bundan başqa, ona da diqqət yetirmək lazımdır ki, dövlət başçısı Ilham Əliyev də çıxışlarında 2016-cı ildə bankların sayının azaldıla biləcəyinə eyham vurub.

“Sığorta bazarı da çökür”

Bundan başqa, Azərbaycanın sığorta bazarı da çətin günlərini yaşayır. Ölkədəki iqtisadi böhran və devalvasiya şəraitində sığorta bazarının perspektivləri də qaranlıqdır. Ölkənin ən böyük sığorta şirkətlərindən biri olan “AZSIĞORTA” ASC-nin idarə heyəti sədrinin 1-ci müavini Aleksandr Kananadze bildirib ki, bu ilin sonunda cəmi 5 sığorta şirkəti qala bilər. “Bizim təqribi hesablamalarımıza görə, 2015-ci ildə sığorta sektorunda azalma 2-3 faiz olub. Buradan iri müqavilələri, məsələn, dövlət mülkiyyətinin sığortalanması ilə bağlı müqavilələri çıxsaq – hansı ki, əvvəlki ildə yox idi – il ərzində enmə təqribən 13-14% təşkil edib. 2016-cı ildə isə dövlət çətin ki, sığortaya bu qədər vəsait ayıra bilsin, ona görə də enmə daha güclü olacaq, yəni təqribən 17-18 faiz”, deyə “AZSIĞORTA” təmsilçisi qeyd edib.

nemet-eliyev1

Iqtisadçı Nemət Əliyevin fikrincə, Azərğbaycanın sığorta təşkilatlarının dünya səviyyəsində ad çıxarmış, reytinq qazanmış təşkilatlar səviyyəsində deyil. Yerli sığorta təşkilatlarının müstəqillik illərində formalaşdığını deyən N.Əliyev bildirdi ki, bu təşkilatlara maliyyə strukturu kimi dəstəyin olması çox vacibdir. Amma son zamanlar manatın başına gələnlərin sığorta şirkətlərini hədəfə çevirdiyini vurğulayan N.Əliyev qeyd etdi ki, şirkətlər müştərilərdən vəsaitləri manatla yığır. Və manat da hər ötən gün dəyərini itirir: “Manatın dəyərsizləşməsinin fonunda ödənilən sığorta haqları da bir işə yaramayacaq. Çünki bütün ölkə üzrə bahalaşma gedir. Ona görə manatın dəyərdən düşməsi sığorta şirkətlərini böyük zərbə altına almış olur”.

Bankların xarici borc öhdəliklərini ödəməsi ilə bağlı məsələyə gəlincə isə, N.Əliyev bildirdi ki, belə bir tələb gündəmdədir. N.Əliyevin sözlərinə görə, bu risk təkcə banklarla bağlı deyil. Dövlətin özünün də üzərinə düşən öhdəliklər hazırda risk altındadır: “Ötən illə müqayisədə bu ilin büdcəsində bir milyarddan artıq vəsait nəzərdə tutulub. Bu həm borc öhdəliyinin, həm də əsas borcun ödənilməsinə xidmət edir. Oxşar vəziyyət banklarla da bağlı yaranıb. Sanki Azərbaycan hökuməti nə etdiyinin fərqində deyil. Bu gün Azərbaycanda baş verənləri dünya mediasından gizlətmək mümkün deyil. Azərbaycana investisiya yatırmış və yatırmaq istəyən bütün investorlar ölkəmizdən qaçaq düşəcək. Onlar ölkədə baş verənləri müşahidə edəndə hansı təəssürat yaranacaq”.

Iqtisadi vəziyyətin hər ötən gün daha da pisləşdiyini deyən N.Əliyev bildirdi ki, regionlarda baş verən aksiyaların səbəbi budur. N.Əliyevin sözlərinə görə, bank borclarını qaytarmağın problemə çevrildiyi bir zamanda, manat da dəyərdən düşür. “Bütün bu şərtlər xarici investorları ciddi narahat edən məsələdir. Ona görə də onların belə bir şəraitdə Azərbaycan kommersiya banklarına verdiyi kreditləri tam şəkildə dərhal istəməsi tam normaldır. Hökumət investorların Azərbaycandan qaçaq düşməsinə imkan verməməlidir”, deyə N.Əliyev vurğuladı.

Xəyal