Emil İsmayıl: “Əliyevin sanksiyalardan çəkindiyi hamıya bəllidir”
ABŞ-da yaşayan azərbaycanlıların dövlət başçısı Ilham Əliyevin okeanın o biri üzünə dəvət edilməsinə qarşı çıxmalarından, eləcə də avtoritar rejimə sanksiya tətbiqilə bağlı kampaniyaya başlaması barədə xəbər vermişdik. Hər iki aksiyanın təşkilatçılarından və fəallarından biri, ABŞ-da yaşayan həmyerlimiz Emil Ismayıl “Azadlıq” qəzetinə son addımları haqda danışıb.
Azərbaycan hakimiyyətinin öz xalqına qarşı törətdiklərini qətiyyətlə pisləyən və qeyri-konstitusion addımların təcili dayandırılmasının vacibliyini vurğulayan Emil Ismayıl deyir ki, o və yoldaşları susmaq, sadəcə, prosesləri kənardan izləmək niyyətində deyil: “Atdığımız hər bir addım Azərbaycanda demokratiyanın bərqərar olmasına xidmət edir və bundan sonra da belə olacaq. ABŞ Konqresində Ilham Əliyev hakimiyyətinə qarşı sanksiya layihəsi təqdim olunduqdan sonra biz bu layihəni ətraflı öyrəndik və sanksiyaların effektiv ola biləcəyini düşünürük. Sanksiyalar Belarusu siyasi məhbusları azad etməyə, Iranı nüvə sazişi imzalamağa vadar etdi və çox yaxınlarda Rusiyanın da sanksiyalara tab gətirməyib geri çəkiləcəyi şübhə doğurmur. Azərbaycan kimi balaca bir ölkənin diktatoru Ilham Əliyevin də sanksiyalardan möhkəm qorxduğu hamıya bəllidir”.
Emil Ismayılın sözlərinə görə, ABŞ azərbaycanlıları bir neçə gün öncə sanksiya layihəsinə dəstək məqsədilə imzatoplama kampaniyasına start verib. Hazırda 600-ə yaxın imza toplanıb və kampaniya davam edir. Bir çox konqresmen və senatorlara məktublar göndərilib, orada sanksiyaların Azərbaycanda demokratiya və siyasi məhbusların azadlığa buraxılması baxımından çox vacib olduğu vurğulanıb.
“Bizim məqsədimiz Ilham Əliyev və onun komandasında olan korrupsioner, insan haqlarını pozan məmurların, onların ailə üzvlərinin ABŞ-da olan bütün maliyyə vəsaitlərinin dondurulmasına, onlara qarşı viza qadağalarının tətbiqinə nail olmaq, siyasi məhbusların azadlığa buraxılmasına töhfə verməkdir”, – deyə Emil Ismayıl qeyd edib.
O, ABŞ-da yaşayan və Azərbaycan xalqından oğurlanmış neft pulları ilə maliyyələşən bəzi saxta lobbi təşkilatların da fəaliyyətini tənqid edib: “Çox təəssüf ki, bu təşkilatlar və onların anonim üzvləri sanksiyalar əleyhinə kampaniya aparır, saxta yollarla imza toplayırlar. ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondu (Karabakh Foundation) və onun idarə heyətində olan Adil Bağırov Qarabağ məsələsindən sui-istifadə edərək, illərdir ABŞ-da Ilham Əliyev diktaturasının təbliğatı ilə illərdir məşğul olur, onun da sanksiyalar əleyhinə kampaniyada yaxından iştirakı hamıya bəllidir. Amma bu işlərdə Adil Bağırov tək deyil. ABŞ-ın Nyu York şəhərində bir neçə saxta 2-3 nəfərdən ibarət diaspora təşkilatları və onların rəhbərləri olan Zəminə Mirhadıyeva, Ercan Yerdelenli kimi saxta diaspora nümayəndələri da Azərbaycan xalqından oğurlanmış neft pulları hesabına bu ölkədə insanların səsinin boğulmasına, diktaturanın cinayət əməllərinə xəcalət çəkmədən göz yumurlar. Bu psevdo pətənpərvərlərin fəaliyyəti Novruz şənliyi təşkil etmək, Xocalı faciəsindən öz məqsədləri üçün istifadə etməkdən ibarətdir. Faciənin anım günündə hər il BMT qarşısında heç bir effektivliyi olmayan etiraz aksiyaları keçirir, fotolar çəkdirirlər. Budur bunların fəaliyyəti…”
Emil Ismayıl ABŞ-da yaşayan yeni nəsil azərbaycanlıların bu gün ölkəmizdə baş verənlərlə bağlı dərin narahatlıq keçirdiyini də qeyd edir: “Biz xalqımızın ABŞ-da yaşayanlar kimi yüksək səviyyəli həyata layiq olduğuna inanırıq. Lakin gördüyümüz odur ki, Azərbaycan xalqının səsini boğmaq istəyirlər. Bu narahatlıq doğuran məqamları nəzərə alaraq, biz sanksiyalara dəstək kampaniyasını daha aktiv şəkildə davam etdirmək fikrindəyik. Hər bir azərbaycanlını bu kampaniyaya dəstək olmağa çağırırıq. Son hadisələr də onu göstərir ki, Ilham Əliyev hakimiyyəti, ciddi beynəlxalq qınaq olmasa, öz xalqına qarşı, hətta silahları işə salmağa hazırdır. Biz Əliyevin Daxili Qoşunlardan istifadə edərək xalqa zor tətbiq etməsini qətiyyətlə pisləyirik. Azərbaycan hakimiyyətini təcili demokratik islahatlara başlamağa, siyasi məhbusları azad etməyə çağırırıq”.
S.Novruz