Zahid Oruc hakim ailəyə yaxın şirkəti «topa» tutdu, qarşı tərəfdən sərt cavab gəldi
Deputat Zahid Oruc Azərbaycanın qida bazarında çox böyük payı olan “Azərsun Holdinq”i kəskin tənqid edib. Onun olke.az-a verdiyi açıqlamasını olduğu kimi təqdim edirik: “Ölkə rəhbərliyi ən yüksək tribunadan süni qiymət artımlarına qarşı sözün əsl mənasında müharibə elan etdi. Bəzi şirkətlər qiymətləri cüzi qaldırdığını bildirsə də, marketlərdə bunun tam əksini gördük.
Bizim hər birimizə bəllidir ki, müxtəlif qurumların, şirkətlərin, holdinqlərin daxili bazardakı qiymət siyasətinə diqtə edici yöndə təsir imkanları var. Onlar rəqabətdənkənar qiymətləri, qiymət məzənnələrini müəyyənləşdirirlər. “Azərsun” şirkətinin qida sənayesində hansı inhisarçı mövqeni qazandığını hər kəs bilir. Adamlar hələ minnət də qoyurlar ki, on minlərlə insana istehsal mədəniyyəti, istehsal intizamı və s. gətiriblər. Sanki, “Azərsun” olmasaydı Azərbaycan insanı burjuaziyanın nə olduğunu bilməycəkdi. “Azərsun” düşünür ki, 10 min insanı Afrikadan, Irandan, ya da Türkiyədən gətirməli imişlər.
Baxın, sizə vacib bir şey deyim. Azərbaycanın cənub bölgəsində münbit torpaqları əhatə edən bir müəssisə var idi. Sadə vətəndaşlarımız da min hektarlarla yeri əkib becərir, məhsullarını yetişdirib həmin müəssisənin zavoduna verirdilər. Zavod da yaxşı məhsullar istehsal edir, insanlarımız da keyfiyyətli məhsullardan istifadə edirdi. Günün birində “Azərsun”un monopolist mevqeyi o müəssisənin iflasına səbəb oldu. Zavodu sıxışdırıb, iflas etdirdikdən sonra o ərazilər də əkilməmiş qaldı. Minlərlə insan da qazanclarından məhrum oldu. Işsizlikdən o insanlar paytaxta üz tutub. Bakı şəhərinin onsuzda əmək və məzil bazarındakı gərginliyi biraz da ağırlaşdırdılar. Sakinlər yerli büdcənin formalaşmasında iştirak edə bilmirlər. Həmçinin bizlər də keyfiyyətli məhsuldan məhrum olduq.
Əvəzində nə oldu? “Azərsun” Çindən gətirilmiş hazır konsentratın üstündə bir az da emal prosesi həyata keçirib, Azərbaycan xalqının mədəsinə “tomat”ı tökür. Bundan sonra bizim səhiyyə müəssisələrimizə, tibbi qurumlarımıza nə qədər xəstə müraciət edir. Əsas məsələ isə devalvasiya vaxtı meydana çıxır. Daxili istehsalı hər cür vasitələrlə vurub bazardan çıxardan “Azərsun” şirkəti çox böyük minnətlə xalqa elan edir ki, bizim gətirdiyimiz məhsulların maya dəyərində, onun xammalında dolların yeni kursu oturub. Ona görə də, biz sizə devalvasiya faizi qədər deyil, 30 faiz bahalaşma elan edirik. Sual olunur, sən bu cür fəaliyyəti Isveçdə və yaxud Norveçdə apara bilərdinmi? Avropa ölkələrindən birində “Azərsun” kimi şirkətə mütləq cəza sanksiyası tətbiq edilərdi. Yaxşı, “Azərsun” olmasaydı, Azərbaycan xalqı qənd, duz, yağ kimi məhsulları istehsal edə bilməyəcəkdi?”.
“Azərsun Holdinq” bu ittihamları cavabsız qoymayıb. “Azərsun Holdinq”in Mətbuat Xidmətindən “Qafqazinfo”ya daxil olan açıqlamada deyilir: “Bu gün (dünən-red) mətbuatda millət vəkili Zahid Oruc bəzi qrupların təşviqi ilə Azərbaycanın mövcud iqtisadi vəziyyətində birləşdirici deyil, dağıdıcı mövqe nümayiş etdirərək iftiralara başlayıb. Xaricə pomidor ixrac edən ”Azərsun Holdinq”i, Çindən tomat konsentratı gətirməkdə ittiham edərək, gülünc mövqe sərgiləyib. Buna inanan və şübhəsi olan hər kəs Azərbaycana Çindən tomat pastası gətirilib-gətirilməməsi barədə Dövlət Gömrük Komitəsindən məlumat ala bilər. Şirkətin bu çətin dönəmdə Azərbaycan xalqı və dövlətinə necə dəstək ola biləcəyini, böhrandan çıxış yollarını araşdırdığı bir zamanda, millət vəkilinin bu ali statusa yaraşmayan iftiralara başlaması təəssüf doğurur. Minlərlə çeşiddə məhsul istehsal edən, on minlərlə iş yeri yaradan, yüz minlərlə insanın məşğulluğuna şərait yaradan bir qurumun da fəaliyyəti göz önündədir, Zahid Orucun da fəaliyyəti və həyat yolu. Zahid Oruca bundan artıq cavab verməyə lüzum görmürük”.
Məlumat üçün deyək ki, Azərsun Holdinq hakim ailəyə yaxın hesab olan şirkətdir. Bu baxımdan Zahid Orucun fikirlərinin özfəaliyyət olduğu inandırıcı görünmür. Təsadüfi deyil ki, holdinq də açıqlamasında deputatın “bəzi qüvvələrin təşviqi ilə” danışdığını bəyan edib. Görünür ki, hakimiyyət daxilində vəziyyət gözlənildiyindən də pisdir.