Azərbaycanda vəzifəli şəxsin bir vətəndaşı ağır yaraladığı haqda “Azadlıq” qəzetinin redaksiyasına məlumat daxil olub. Məlumat bundan ibarətdir ki, Bakı rayonlarından birinin icra başçısı təxminən bir ay əvvəl başının dəstəsi ilə Xızıya ova gedib. Ov zamanı o, təsadüfən yerli sakinlərdən birini ağır yaralayıb. Düzgün nişan ala bilməyən başçının gülləsi Xızının Fındığan kəndindən olan bir kişinin, xoşbəxtlikdən, qoluna dəyib. Yaralının qol sümüyü ciddi zədə alsa da, özü ölüm təhlükəsindən ötüşüb.
Məlumatı çatdıran yerli mənbələr deyirlər ki, həmin icra başçısı ov üçün Xızıda tez-tez peyda olur. Xızı camaatı az qala onun bu rayonda işlədiyini zənn etməyə başlayıblar. Təəccüblənirlər ki, “iki günün biri” Xızıya ova gələn icra başçısı Bakıdakı, rəhbərlik etdiyi rayonla bağlı işlərini görməyə necə vaxt tapır?
O da məlum olub ki, icra başçısının yaraladığı şəxs əslən Ermənistanın Qafan rayonundandır.
Hadisə barədə məlumat verən mənbə icra başçının kimliyini açıqlamaqdan imtina etsə də, əməkdaşlarımız söhbətin kimdən getdiyi haqda müəyyən ipucları əldə ediblər. Lakin dəqiqləşdirmələrə ehtiyac olduğu üçün ad çəkmək istəmirik.
İcra baçısının kimliyi və ov həvəsini Xızıda hansı imkanlar hesabına təmin etdiyi, eləcə də hadisənin ictimaiyyətdən necə gizlədildiyi ilə bağlı dəqiqləşdirmələr aparmağa çalışacağıq.
İnformasiya şöbəsi