«Müəllifi mövcud beynəlxalq metodologiyanı bilmədiyindən yanlış nəticələrə gəlib»
Bugünlərdə Dövlət Statistika Komitəsi dekabr ayında ölkədə bahalaşmanın səviyyəsilə bağlı məlumatları açıqlamışdı. Komitənin məlumatında bildirilirdi ki, ötən ay Azərbaycanda ərzaq məhsulları 4,5 faiz, qeyri-ərzaq məhsulları 7,1 faiz bahalaşıb. Son iki ayda ölkədə istər-istərsə də qeyri-ərzaq məhsullarındakı kəskin bahalaşma fonunda bu statistik rəqəmlər inandırıcı görünmür. Elə “Azadlıq”da iki gün əvvəl bu mövzuda “Statistika Komitəsinin tünd yalanı” adlı məqalə yayımlanmışdı. Dövlət Statistika Komitəsi həmin məqalədə yazılanlarla razılaşmır. Komitənin “Azadlıq”a məktubunda bildirilir ki, istehlak qiymətləri indeksi beynəlxalq təcrübəyə əsaslanaraq hesablanır.
“Ay ərzində gündəlik ticarət şəbəkələrində aparılan müşahidələr nəticəsində toplanan məlumatlar üzrə orta istehlak qiymətləri hesablanır. Hesablanmış orta qiymətlər öz növbəsində əvvəlki ayda eyni qaydada hesablanmış orta qiymətlərlə müqayisə edilir. Yəni 21 dekabr 2015-ci ildə baş verən devalvasiya nəticəsində bir sıra məhsulların qiymətində təqribən 20-30 faiz artım müşahidə edilirdisə, bu o demək deyil ki, dekabr ayı ərzində qiymətlər 20-30 faiz artmalıdır. Çünki dekabrın 21-dək həmin istehlak məhsullarının qiyməti noyabr ayının müvafiq dövrünün qiymətlərilə müqayisədə ciddi dəyişikliyə uğramayıb”, – deyə komitədən bildirilib.
Məktubda iddia olunur ki, yazının müəllifi mövcud beynəlxalq metodologiyanı bilmədiyindən yanlış nəticələrə gəlib: “Dekabr ayı üçün hesablanan istehlak qiymətləri indeksinin müddəti müəllifin verdiyi 20 günü deyil, yalnız 9 günü əhatə edir”.
Informasiya şöbəsi