Avstriyalı idmançıların vurulması ilə bağlı cinayət işi məhkəmədən ibtidai istintaqa qaytarıldı
Ötən ilin iyununda Bakıda keçirilən Avropa Oyunları zamanı avstriyalı idmançıların vurulması ilə nəticələnmiş avtobus qəzası üzrə cinayət işinin məhkəmə baxışına xitam verildi. Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən hazırlıq iclasında Cavid Hüseynov, Eldar Ismayılov və Əlisultan Osmanovdan ibarət hakimlər kollegiyası cinayət işinin yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılması barədə qərar çıxarıb. Qərarda göstərilib ki, istintaq kobud qanun pozuntuları ilə aparılıb, prokurorluqda cinayət işi tam, hərtərəfli araşdırılmayıb.
Xatırladaq ki, ötən il iyunun 11-də səhər saatlarında metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən “Atletlər kəndi”nin nəqliyyat deposunda “Bakubus” MMC-yə məxsus avtobus hərəkət zolağından çıxıb. Nəticədə, həmin vaxt səki ilə gedən şəxslərdən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviç, Luna Pajer və Verena Breyt xəsarət alıb.
Bu iş üzrə məhkəmə qarşısına çıxarılanlar arasında avtobusun sürücüsü, 51 yaşlı Vəli Əhmədovla yanaşı, paytaxtın Nizami Rayon Polis Idarəsinin “Təhlükəsiz şəhər” xidmətinin operatoru olmuş Elçin Həsənov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Hüseyn Salamov və Xidmətin Bakı Regional Departamentinin Sərnişindaşımanın Tənzimlənməsi sektorunun məsləhətçisi Fərid Əmiraslanov da var. Bu şəxslərdən sürücü Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsilə ittiham olunur. Adıçəkilən polis isə avtobus qəzası baş verərkən təhlükəsizlik kameralarının qeydə aldığı video-görüntüləri ictimaiyyətə yaydığı üçün məsuliyyətə cəlb olunub və ona qarşı CM-nin 308-ci (vəzifədən sui-istifadə) maddəsilə ittiham irəli sürülüb. Hüseyn Salamova da CM-nin 308-ci maddəsilə ittiham verilib. Fərid Əmiraslanov isə CM-nin 314-cü (səhlənkarlıq) maddəsilə təqsirləndirilir. Nəqliyyat Nazirliyinin əməkdaşları bu Vəli Əhmədovun adının sürücülər siyahısına daxil edilməsinə görə məsuliyyətə cəlb olunub. Fərid Əmiraslanov istisna olmaqla, digər üç nəfər həbsdədir.
Dünənki məhkəmə iclasında hakim Cavid Hüseynov əvvəlcə yanvarın 11-də Baş Prokurorluqdan və Azərbaycanın Avstriyadakı səfirliyindən məhkəməyə daxil olan məktubları elan edib. Məktubda göstərilib ki, Avstriya səfirliyi, Avstriya Olimpiya Komitəsi və qurumlar vasitəsilə zərərçəkmişlərə ibtidai istintaqın yekunlaşması, işin məhkəməyə göndərilməsi, zərərçəkmiş kimi hüquq və vəzifələri barədə məlumatların çatdırılması üçün mümkün olan bütün tədbirlər görülüb. Məlumatlar həmçinin qeyri-rəsmi qaydada və birbaşa da çatdırılıb.
“O, hardan biləydi ki, sürücü qəza törədəcək?”
Hazırlıq iclasında təqsirləndirilən şəxslərin vəkilləri də bir sıra vəsatətlər qaldırıblar. Vəsatətlərin əksəriyyəti cinayət təqibinə xitam verilməsi və ya həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə olub.
Elçin Həsənovun vəkili Ismayıl Abışov da keçmiş polisin barəsində cinayət təqibinə xitam verilməsini, bu olmadıqda isə ən azı, himayəsində iki azyaşlı uşağı nəzərə alaraq, həbs-qətimkan tədbirinin dəyişdirilməsini istəyib. Vəkil bildirib ki, müvəkkili cinayət törətməyib: “Elçin Həsənovun Azərbaycanın imicinə xələl gətirmək niyyəti olmayıb”.
Sürücü Vəli Əhmədovun vəkili Zöhrab Əsgərovun vəsatəti isə işin istintaqa qaytarılması haqda olub. Vəkil bildirib ki, ibtidai istintaq zamanı zərərçəkmişlə ekspertizadan keçirilməyib, onların iddia tələbinin olub-olmadığı məlum deyil: “Iş materiallarına görə, üç zərərçəkmişdən ikisi ağır, biri isə az ağır xəsarət alıb. Ekspertiza keçirilmədən bunu necə müəyyənləşdiriblər?”
Həmkarı kimi, o da iş prokurorluğa qaytarılmayacağı təqdirdə, heç olmasa, Vəli Əhmədov barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib. Müdafiəçi vəsatətini belə əsaslandırıb: “Vəli Əhmədova ittiham verilən maddədə üç ilə qədər həbs cəzası nəzərdə tutulub. Bu əməl əməl ehtiyatsızlıqdan törədilən cinayət hesab olunur və verilən cəza da məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilir. Amma altı aydan çoxdur ki, Vəli Əhmədov həbsdə saxlanılır. Bu da onun hüquqlarının pozulmasıdır.
Fərid Əmiraslanovun vəkili Ağaveyis Şahverdi də müvəkkilinin əməlində cinayət tərkibi olmadığını bildirib: “Ona ittiham verilib ki, niyə Avropa Oyunlarında iştirak edəcək sürücülərin siyahısından Vəli Əhmədovun adını çıxarmayıb. Əvvəla, heç bir sənədlə ona belə bir səlahiyyət verilməyib. O, məsləhətçi olaraq, yardımçı işini yerinə yetirib. Fərid Əmiraslanov 314-cü (səhlənkarlıq) maddənin subyekti deyil. Hətta olsaydı belə, əvvəlcədən görə bilməzdi ki, Vəli Əhmədov belə bir hadisə törədəcək. Fərid Əmiraslanovun barəsində cinayət təqibinə xitam verilməlidir”.
Hüseyn Salamovun vəkili Pərviz Ələkbərov da müvəkkilinin barəsində cinayət təqibinə xitam verilməsini istəyib. O bildirib ki, Avropa Oyunlarında iştirak edəcək sürücülərin siyahısı hazırlanarkən Hüseyn Salamov məzuniyyətdə olub: “Onun cinayət törətdiyini təsdiqləyən bircə sübut yoxdur. O, məzuniyyətdə olduğundan siyahının göndərilməsi müavini tərəfindən icra olunub. Yəni Vəli Əhmədovun adını siyahıya o, daxil etməyib. Ümumiyyətlə, Hüseyn Salamov hardan bilə bilərdi ki, belə bir hadisə baş verəcək? Heç bir sürücü bundan sığortalanmayıb”.
Vəkil həmçinin əlavə şahidlərin dindirilməsi haqda da vəsatət qaldırıb. Müdafiəçi bildirib ki, Davud Əfəndizadə ibtidai istintaqda dindirilsə də, nədənsə prokurorluq onun adını məhkəmədə dindiriləsi şahidlərin siyahısına daxil etməyib.
Prokurorluq işi hərtərəfli araşdırmayıb
Məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror Fərid Nağıyev isə cinayət işinin yenidən ibtidai istintaqa qaytarılması barədə vəsatətlə razılaşmayıb. Prokuror bildirib ki, istintaq zamanı zərərçəkmişlərə münasibətdə mümkün olan bütün işlər görülüb: “Bütün məlumatlar, o cümlədən lazımi sənədlər tərcümə olunub göndərilib. Amma zərərçəkmişlər müraciətlərə cavab verməyib”.
Prokuror həbs-qətimkan tədbirinin dəyişdirilməsinə də əsas görməyib. Cinayət təqibinə xitam verilməsi və əlavə şahidin dindirilməsi haqda vəsatətlərin isə hələlik baxılmamış saxlanılmasını istəyib. Həmçinin işin məhkəmə baxışına verilməsini təklif edib.
Lakin məhkəmə qısa müşavirədən sonra cinayət işinin yenidən araşdırılması üçün prokurorluğa qaytarılması barədə qərarı elan edib. Qərarda göstərilib ki, istintaq orqanı tam, hərtərəfli araşdırma aparmayıb, zərərçəkmişləri dindirməyib, onların şəxsiyyətini, ailə vəziyyətini, yaşayış yerini, maddi tələblərinin olub-olmamasını müəyyənləşdirməyib. Onlar ekspertizadan keçirilməyib, aldıqları xəsarətlərin dərəcəsi bəlli deyil. Qərardan o da məlum olub ki, iş materialları arasında Gənclər və Idman Nazirliyinin Baş Prokurorluğa məktubu var. Həmin məktubda göstərilib ki, xəsarət almış avstriyalı idmançıların reablitasiyası üçün 1 milyon avro kompensasiya tələb olunacağı ehtimal olunur.
Qeyd edək ki, məhkəmədə Avstriyanın Azərbaycandakı səfirliyinin nümayəndələri də iştirak edirdi.
Aytən Məmmədova