Vətəndaşı təhqir edən icra başçısı özünə haqq qazandırdı VİDEO

mahmud-quliyev-ihbCəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev vətəndaşı təhqir edib. İcra başçısı ondan iş istəyən vətəndaşa “get öl” deyib. Vətəndaşın təhqir etməməklə bağlı çağırışının ardından isə icra başçısı küçə söyüşləri ilə təhqirini davam etdirir. Sosial şəbəkələrdə yayılmış video görüntülərdən də aydın olur ki, icra başçısı polisi çağıraraq vətəndaşı dərhal ərazidən uzaqlaşdırıb həbs etmək barədə tapşırıq verir.

Ümumiyyətlə, icra başçısının bu hərəkəti sosial şəbəkələrdə olduqca sərt qarşılanıb və insanlar Mahmud Quliyevi təhqir etməkdən belə çəkinməyib.

Hətta Cəbrayıldan deputat Astan Şahverdiyev də icra bşaçısının bu hərəkətini pisləyən açıqlama verib.

Mahmud Quliyev isə baş verənlərə münasibətində bildirib ki, guya ora yığılanlar onun qohumları olub, o da qohumlarına ərk edib.

“Mən ora getmişdim, amma bilmirəm ki, orda kim qışqırır, kim-kimi söyür. Orda elə bir söyüş də olmayıb. Bir dənə “köpəkoğlu” sözü deyilib, vəssəlam. Öz qohumlarıma demişəm ki, “axmaq köpəkoğlu, burda nə axtarırsan?” Orda heç camaat da yığışmamışdı. Öz qohumlarımdı, ərk edib demişəm. İçib piyan olub, kafedən çıxıb yığışmışdılar” – deyə o bildirib.

Bəli, icra başçısının özünü müdafiə üçün yapşıdığı arqumentlər daha biabırçıdı. Əgər sən haqqın tələb edən qohumlarını təhqir edirsənsə, yadlarla necə rəftar edərsən? Yaxud, icra başçısının qohumları ağır vəziyyətdə yaşayırsa, kənar şəxslərin vəziyyəti necədir? İstənilən halda təhqiramiz ifadələr işlətmək icra başçısına yaraşarmı?

Bu da İlham Əliyevin kadr siyasəti. Vətəndaşa yuxarıdan aşağı baxırlar, insanlarla kobud rəftar edirlər. Bu təfəkkürlü adamlar icra başçısı ola bilirsə, ölkənin bu vəziyyətə düşməsi təbiidir.

Bəli, icra başçısı vətəndaşa ölmək təklif edir.