Statistika Komitəsinin tünd yalanı

statistika-komitesiYaxud, «qatıq qaradır» təbliğatı

Azərbaycan hökuməti o qədər absurdlara imza atıb ki, artıq insanları təəccübləndirmək çətinləşib. Bəlkə də buna görədir ki, hakimiyyət vətəndaşa istənilən yalanı danışa bilir,  dövlət strukturları ağı qara kimi təqdim etməkdən çəkinmir.  Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə 2015-ci ilin dekabr ayında ərzaq məhsullarının qiymətləri 4,5%, qeyri-ərzaq məhsullarının 7,1%, əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri isə 1,9% bahalaşıb.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ümumilikdə istehlak məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 4,4% bahalaşıb.

“Ay ərzində düyünün, unun, çörəyin, qarabaşaq yarmasının, makaron məmulatlarının, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, almanın, armudun, bananın, heyvanın, narın, qozun, fındığın, şabalıdın, xiyarın, pomidorun, balqabağın, badımcanın, bibərin, kartofun, soğanın, sarımsağın, göyərtinin, spirtli içkilərin, tütün məmulatlarının qiymətlərində bahalaşma, limonun, portağalın, naringinin, xurmanın, kələmin, çuğundurun, yerkökünün qiymətlərində isə ucuzlaşma müşahidə olunub”, – deyə Statistika Komitəsi bildirir.

Göründüyü kimi hökumətimiz yalanın yeni zirvələrini fəth etməklə məşğuldu. Yalan görmüşdük, ağ yalan da görmüşdük,  bu qədər tünd rəngli yalana isə dünya tarixi şahidik etməyib.  Bunu “statistik yalan” da adlandırmaq olar. Deməli, 20 gündən artıqdır ki, ölkədə bütün məhsulların qiyməti ən azı 30-40 faiz artıb və hər bir vətəndaş bunu öz həyatında hiss edir.

Amma Statistika Komitəsi gözümüzə girir ki, məhsulların qiyməti 4-5 faiz artıb. Çox uzağa getməyək. Əgər 40 qəpiklik çörək 50 qəpiyə satılırsa, bu 25 faiz artım deməkdir. Yaxud, 36 qəpiklik pampers 55 qəpik olubsa, bu 50 faizdən artıq bahalaşma deməkdir. 2 manat 30 qəpiklik günəbaxan yağı 3 mamanat 60 qəpik olubsa, bu  50 faizdən artıq artım deməkdir. Bu siyahını artımaq da olar. Sadəcə olaraq bir neçə nümunə ilə göstərmək istəyirik ki, vətəndaşı bu qədər sadəlövh, avam hesab etmək olmaz. Dövlət strukturunun bu miqyasda yalan məlumat yayması etik normaların da kəskin pozulmasıdır.

Bu da ÜDM-in artımı, hərbi büdcəmizin miqdarı, iqtisadi artım göstəricisi deyil ki, sadə vətəndaşı aldadasınız.   Bütün məhsulların 30-40 faiz bahalaşmasına hər gün vətəndaş şahidlik edir və məhz kəskin bahalaşmaya görədir insanlar etiraza başlayıblar.

Hakimiyyət saxtakarlıq, yalan üzərində qurulduğuna görə bütün strukturlar yalana bulaşıb. Vətəndaşın istinad edə biləcəyi, güvənəcəyi heç bir qurum qalmayıb. Əgər faktiki 40 faizlik artım, 4 faiz kimi təqdim edə bilirlərsə, sabah “bütün məhsullar vətəndaşlara pulsuz verilir”, deyədə bilərlər. Görünür, utanmaq hissi itəndə, utanmazlıq əsas tapıntıya çevrilir.

Xülasə, Statistika Komitəsi analoqsuz fantaziyaya malikdir və yalanın statistikasına köklənib. Bəli, statistikamızın “qatıq qaradır” qənaəti ilə üz-üzə qalmşıq.

Samir