Zahid Oruc aksiyalara haqq qazandırdı; Fəzail Ağamalı isə deputat həmkarlarını ittiham etdi
Ölkədə davam edən böhran hakimiyyət daxilində vəziyyəti gərginləşdirib. Artıq bir vaxtlar hakimiyyətin məddahlığı ilə məşğul olanlar iqtidarı müdafiə etməkdən yayınır. Həmkarlarımız bildirir ki, regionlarda başlayan kütləvi aksiyalarla bağlı bir neçə deputatın rəyini öyrənməyə çalışsalar da, onlar heç bir fikir söyləmək istəməyiblər. Danışanlar isə tənqidə üstünlük verir.
Məsələn deputat Zahid Oruc modern.az-a açıqlamasında etiraz edən insanların haqlı olduğunu vurğulayaraq, hökuməti təcili tədbirlər görməyə çağırıb: “Nəzərə almaq lazımdır ki, bölgələr üzrə sosial vəziyyət eyni deyil. Məsələn, Siyəzən daha az torpaq sahəsinə malik regiondur. Buna görə də əhalinin yaşayış vəziyyəti digərlərindən geri qalır. Ağcabədidə daha çox köçkünlərin məskunlaşdığı da məlumdur. Ilk üzülən hissələrdən biri də ora olmalı idi. Həmçinin, Lənkəranda insanlar uzun müddətdir dənizdən istifadə imkanları əllərindən alındığına görə etirazlarını gündəmə çıxarmağa məcbur olublar. Bu təbii qarşılanmalıdır. Heç kəs həmin etirazları kiminsə ayağına yaza bilməz. Bu, insanların mövqeyidir. Hökumət də bunu təhlil etməli, nəticə çıxarmalı, bir neçə istiqamətdə təcili tədbirlər görməlidir.
Hər hansı iqtisadi, maliyyə addımından öncə insanlarda inamı bərpa etmək lazımdır. Məsələ təkcə manatın ucuzlaşmasından doğan problemlərdə deyil, məsələ həm də ondadır ki, xalqın inamı sarsılıb”.
Zahid Oruc hazırda təmsil etdiyi regionda etirazlar olan, buna baxmayaraq xaricdə istirahətini davam etdirən həmkarlarına da səslənib. Onlara mandatı xalqa görə daşıdıqlarını xatırladıb: “Indi hökumət efirə çıxmadan, məsələləri mediada fəal şəkildə izah etmədən, prosesi yalnız bir neçə ekspertin sərəncamına verərək, hətta alınan qərarların effektivliyini təmin edə bilməyəcək. Hökumət bu gün ekranda, məmurlar bölgələrdə olmalıdır. O cümlədən, bilavasitə sahəvi nazirliklərin təmsilçiləri məsələni daim müzakirədə saxlamalıdır. Insanlara o inamı vermək lazımdı ki, ortada şayiə şəbəkələrindən, böhrandan qazanmaq istəyənlərdən xilas ola bilək.
Parlamentin üzərinə düşən vəzifə heç də hökumətdən az deyil. Parlament üzvü kimi həmkarlarımın fəaliyyətini təftiş etməkdən çox uzağam. Etiraz olan bölgələrdə, o rayonun təmsilçiləri haqda da mənfi fikir söyləmək istəmirəm.
Onların da hər birinin səlahiyyət çərçivələri var. Amma indi xalqın yanında deyillərsə, niyə o mandatı daşıyırlar?! .
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə ölkədə unun qiymətinin süni surətdə bahalaşmasında və əhalinin narazı salınmasında deputat həmkarları Tahir Süleymanovla Əsabil Qasımovu ittiham edib. “Yeni Müsavat”a açıqlamasında Fəzail Ağamalı bildirib ki, insanların narazılığı unun kəskin bahalaşmasınadır. Bunu edən isə un istehsalı ilə məşğul olan adıçəkilən deputatlardır: “Mən iki deputat həmkarıma çağırış edirəm. Onlardan biri Siyəzənin deputatı Tahir Süleymanov, biri isə Imişlinin deputatı Əsabil Qasımovdur. Onlar ölkənin əsas un istehsalı ilə məşğul olan adamlardır. Qiymətləri də onlar qaldırıblar. Hər ikisi zəhmət çəksin illərdir bu dövlətin hesabına yığdıqları pulu xərcləsinlər. Süni bahalaşmaya gedib əhalinin vəziyyətini ağırlaşdırmasınlar. Bu deputatlara çağırış edirəm ki, xalqı çörəklə imtahana çəkməyin, xalqı dövlətdən narazı salmayın. Onlar bu dövlətdən qazanıblar, indi qazandıqlarını zəhmət çəkib xalqa xərcləsinlər. Bu durumda da pul qazanmaq həvəsinə düşməsinlər.
Bu iki deputat çağırışlara məhəl qoymasalar və xalqı çörəklə imtahana çəkməkdə davam edəcəklərsə, kimliklərindən asılı olmayaraq birbaşa onların üstünə gedəcəm. Onlara bəyan edirəm ki, unun qiymətini qaldırmasınlar. Ölkə prezidenti də çağırış etdi ki, süni qiymət artımına gedilməsin. Prezidentin çağırışına əməl etsinlər. Xalqın və dövlətin maraqları hər şeydən üstündür. Unun, taxılın məşğul olanların üzərində dövlətin müvafiq qurumlarının ciddi nəzarəti olmalıdır. Bu möhtəkirlər, işbazlar yaranmış durumdan istifadə edib varlanmaq istəyirlərsə, əslində dövlətə xəyanət edirlər”.