Üç ailə bir otağın ümidinə qalıb
“Azadlıq”a müraciət edən məcbüri köçkün Ibrahim Quliyev yurd-yuvasından perik düşdüyü bu illər ərzində olmazın çətinliklər çəkdiyini söyləyib. Şikayətçinin müraciətində deyilir:
“”Qaçqınkom” sədri, baş nazirin müavini Əli Həsənov televiziyada haqdan, ədalətdən danışır. Amma o öz komandasıyla məcburi köçkünlərə dövlətin hesabına tikilən evləri yüksək məbləğə sataraq məni kimilərin evsiz qalmasına səbəb olur. 1993-cü ilin oktyabrında məlum hadisələrlə bağlı yurd-yuvamızı itirmişik. Bütün əmlakımız əlimizdən çıxıb. 2012-ci ildən bugünə qədər üç ailə BDU-nun 8 saylı yataqxanasında qalmışıq. Yataqxanada yaşayan və Horadizdən olan məcburi köçkünləri ailə tərkibinə uyğun olaraq sənəd tələb etmədən mənzillərlə təmin ediblər. Mənim əlimdə isə bütün rəsmi sənədlər və Horadizdə cəmisi 17 kvm bir otaq var. Bizə üç ailə, 9 nəfərə bir 4 otaqlı mənzil təklif edirlər. Pulumuz olmadığı üçün əlavə mənzil ala bilmirik. Oğlanlarım evlidir və hərəsinin öz ailəsi var. Hamımız bir otağa necə sığa bilərik?! Ona görə də 2012-ci ildən BDU-nun yataqxanasında qalmağa məcburuq. Insan ömrü qısadır, yaşımız ötüb. Övladlarımızın insan kimi yaşamaq hüququ var. Təkcə Müşfiqabad qəsəbəsində öncə 1440 ailəlik evlər tikilib istifadəyə verdilər. Sonra isə 160 ailə yataqxanadan köçürüldü. Biz isə pulumuz olmadığı üçün ağır vəziyyətdə qalmışıq. Xahiş edirik, əlaqədar qurumlar bizim durumuzu nəzərə alıb problemimizin həllinə kömək etsin”.
Sosial şöbə