Cəmil Həsənli 2016-nın «multikulturalizm ili» elan edilməsindən yazdı
«Tolerantlıq hər bir hakimiyyətin öncə öz xalqına münasibətindən başlamalıdır»
Millət, gözün aydın. Hökumətin bu gün (yanvarın 10-da – red.) keçirilən müşavirəsində 2016-cı il multikulturalizm ili elan olundu. Sən demə, əsas dərdimiz bu imiş. Nə böhran ölkəni cənginə alıb, nə qiymətlər artır, nə manat urvatdan düşür, nə də səngimək bilməyən devalvasiya bu xalqın həyatını, yaşayışını təhdid edir. Əlqərəz, düzəlmişdi hər yarağımız, qalmışdı saqqal darağımız.
2015-ci ili “kənd təsərrüfatı ili” elan etmişdilər, elə kənd təsərrüfatının axırına da 2015-də çıxıldı. Deyəsən, multikulturalizmin də axırı çatıb. Yoxsa bu qədər dərdimiz ola-ola niyə bu 2016-cı ili multikulturalizm ili elan etsinlər? Hər ilə ad qoymaq məsələsində hər necə olsa da ədalət naminə Türkmənistan deyilik. Vaxtilə Saparmurad Türkmənbaşı nəinki illərə, hətta aylara da ad qoymuşdu. Birinə atasının, məsələn, ölkədə bahar fəslinin ən gülüstan laləzər ayına anasının, uşaq evində böyüdüyü üçün qalan aylara da “detdom” dostlarının adını vermişdi.
Ona görə də xalqımız gərək tarixə qovuşdurduğumuz illərin hər birinə sənaye, kənd təsərrüfatı, ekologiya, gənclər, ahıllar, idman, multikulturalizm ili kimi adlar verilməsinə naşükürlük etməsin. Hər necə olursa olsun ili adsız qoymaq olmaz. Moşu demiş, adsız dəyirmanda xoruz olar.
Indi baxıb görək bu 2016-cı ili şərafətləndirəcək multikulturalizm nədir? Filosofların nəzərincə, multikulturalizm – eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü formalaşdırmaq və ona uyğun olan siyasət yeritməkdir. Bu siyasətin çıxış nöqtəsini dünyada müxtəlif millətlərə və dinlərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmoniyası təşkil edir ki, buna da tapınmaq üçün gərək tolerantlığa iman gətirəsən. Çox mürəkkəb oldu filosofların baxışları. Bunun sadə anlamı Sovet dövründə daha başadüşülən idi. Məşhur bir mahnıda deyildiyi kimi: “Kür, Araz, Ararat, bizimdir bu həyat, qardaş olub Hayastan, Azərbaycan!” Indi bu mahnının sözləri olub multi, musiqisi də kulturalizm. Hətta, çoxxalqlı Los-Ancelesdəki Ravin dostumuz da bu günlərdə konqresmen Kris Smitin açığına Azərbaycanı multikulturalizm və tolerantlığın beşiyi adlandırıb.
Amma burada bir balaca izaha ehtiyac var. Tolerantlıq hər bir hakimiyyətin öncə öz xalqına münasibətindən başlamalıdır. Özünün istedadlı, vətənsevər gənclərinin cibinə heroin, evinə “Molotov kokteyli” atdıran, dövlətin resursları vasitəsi ilə opponentlərini susdurmağa cəhd edən, milli düşüncə sahiblərini cəlayi-vətən edib didərgin salan, Nardaranda xüsusi əməliyyat keçirib dost-doğma dindaşlarına və millətdaşlarına divan tutan, azad söz deyə bilən qələm sahiblərini min bir oyunla yarğıya çəkən, yüzdən artıq vicdanlı, namuslu vətəndaşları siyasi mülahizələrlə zindana salan bir məmləkət, sən demə, dünya üçün multikulturalizm beşiyi, tolerantlıq nümunəsi olacaqmış.
Mübarək qədəmlərini ölkəmizə qoymuş 2016-cı il multikulturalizm və tolerantlıq ili olacaqsa, onda gərək din qardaşımız, Müsəlman Birliyi Hərakatının sədri Hacı Tale Bağırzadənin DIN-in təcridxanasında döyülərək sındırılmış burnunun konturlarını tolerantlıq rəmzi kimi ilin tuğrasına çevirək. Yoxsa, Avropa və Amerikanın şəhər və qəsəbələrində müxtəlif libas geymiş dini konfessiya başçılarının, fərqli dinlərin ibadət yerlərinin şəkillərini özündə əks etdirən stendlər nümayiş etdirməklə iş bitməz. Canlı nümunə lazımdır. Belə bir nümunə də din qardaşımızın DIN-də sındırılan burnu ola bilər”.