Hökumət günahı dünyanın üstünə atıb, ilə «ad» qoymaqla kifayətləndi
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Bu iclas, milli valyutanın 100 faizdən çox ucuzlaşdığı, qiymətlərin kəskin artdığı, əhalinin təşviş içində olduğu bir vaxta təsadüf etdi. Xeyli insan düşündü ki, bu iclasda konkret qərarlar veriləcək, ciddi addımlar atılacaq və ölkə başçısı cəmiyyətin narahatlığına təsəlli çiləyəcək.
Amma yanvarın 10-da baş tutan iclas xırda ümidləri də öldürdü. Yenə də ənənəvi ifadələr, ənənəvi tapşırıqlar və ənənəvi “cəzalandırılacaq” vədləri oldu.
Daha dəqiq ifadə etsək bu iclas bir neçə məqamla yadda qaldı və bu məqamlara qısa nəzər salaq:
- Əliyev hökuməti qərara gəldi ki, 2016-cı ilə “Multikulturalizm ili” adı verilsin. Təkcə ilə bu adın verilməsi kifayət etdi ki, hökumətin nə qədər qeyri-ciddi, aciz və qətiyyətsiz olduğu ortaya çıxsın. Ölkə ən ağır günlərini yaşayır, vəziyyət daha da kəsklinləşməyə doğru gedir və belə bir vaxta “multikulturalizm” prioritet seçilir. Əgər neftdən gələn milyardlar davam etsəydi, 2016-cı ilə “multikulturalizm” adı qoymazdılar. Hansısa bir sahənin adını qoyub, pul silərdilər. Amma indiki halda heç bir sahəni inkişaf etdirməyə maddi imkan olmadığına görə, ili “multikulturalizm”lə yola verirlər. Pulun çox olan vaxtı “Ekologiya ili”ni, “Turizm ili”ni, “Sənaye ili”ni, “Kənd Təsərrüfatı ili”ni zay eləyənlər, pulun olmadığı vaxtda “Iqtisadiyyat ili” elan edib nə nəticə əldə edə bilərlər? Ona görə ilə “multikulturalizm” adı qoydular və əlacsız olduqlarını etiraf etdilər.
- Əliyevin bu iclası kifayət qədər gecikmiş iclas idi. Yəni, bütün sahələrdə qiymətlər artıb, manat 100 fazidən artıq dəyərin itirib və proses mənfi istiqamətdə sürətlə irəliləyir. Amma bu gecikmiş iclasda da dağıdıcı qiymət artımlarının qarşısının alınacağı vəd olunmadı. Sadəcə olaraq yerli istehsal məhsullarının qiymətinin qalxmayacağı bildirildi ki, bu da vətəndaşın yarasını sağaltmır. Əvvəla ona görə ki, yerli istehsal cüzi miqdardadı və əhali əsasən zəruri ehtiyaclarını idxal malları hesabına ödəyir. Ikincisi, yerli istehsalçıya “qiyməti qaldırma” demək də ədalətsiz olardı. Çünki, yerli istehsalçı da zəruri ehtiyaclarını qiyməti qaldırılmış idxal məhsulları hesabına alır və balanas yaratmaq üçün o da qiyməti qaldırmalıdır. Indiki halda isə ölkə başçısı yerli istehsala nəzarəti prokururluğa tapşırdı ki, bu da cüzi yerli istehsalın da qarşısını alacaq. Belə ki, yerli istehsalçı ya məsuliyyətə cəlb olunub cəzalandırılacaq, ya da müəyyən “haqq” qarşılığında sərbəst buraxılacaq. Nəticədə, yerli sahibkarlar sıradan çıxmış olacaq, fəaliyyətlərini dayandıracaqlar. Bir sözlə, bahalaşmaya qarşı mübarizəni yerli istehsala nəzarətlə məhdudlaşdırmaq, daha böyük bahalaşma yaratmağa xidmət edəcək. Hansıki, idxal məhsullarını ölkəyə gətirənlrə iri məmurlardı və bu məhsulların üzərindəki monopoliya ləğv olunsa, problem həllini tapar.
- Bildiyiniz kimi hökumət həmişə yarıtmaz siyasətini, özünə qarşı tənqidləri sığortalamaq üçün “erməni” arqumentindən isitfadə edir. Yəni, deyirlər ki, bütün pisliklərin başında erməni lobbisi dayanır, erəmnipərəst qüvvələr bizə qərəzlə yanaşır və s. Amma bu dəfə “erməni” arqumentindən yapışmaq daha böyük biabırçılıq olacağına görə, ümumi dünyanı hədəf seçdilər. Ilham Əliyev iclasda bildirdi ki, ölkənin bu vəziyyətə düşməsi iqtisadi yox, siyasi məsələdi. Yəni, cəmiyyətə inandırmaq istədi ki, əgər siyasi qərarlar nəticəsində neft qiymətdən düşməsəydi, manatımız da bu qədər dəyər itirməz, valyuta ehtiyatlarımız azalmaz, büdcəmiz boşalmazdı.
Gəlin, təsəvvür edək ki, Ilham Əliyev haqlıdır. O zaman sual meydana çıxır: Niyə, neft ixracatçısı olan digər ölkələrdə də eyni mənzərə baş vermədi? Norveçdə milli valyuta 27 faiz, Nigeriyada 20 faiz, Küveytdə 6 faiz, acınacaqlı vəziyyətdə olan, sanksiyaların mühasirəsində qalan, hökumətimizin “böyük qardaşı” olan Rusiyada 56 faiz ucuzlaşdı. Iraq və Səudiyyədə ümumiyyətlə devalvasiya baş vermədi. Neft istehsalçısı olmasa da düşmən Ermənistanda milli valyuta 1.9 faiz dəyər itirdi.
Göründüyü kimi hökumət çaşqınlıq yaratmaq üçün günahı dünyanın üstünə atmaq istəyir. Reallıq isə onu göstərir ki, baş verənlr sırf idarəetmə ilə bağlıdır.
Əgər ölkədə iqtisadiyyatın diversifikasiyası həyata keçirilsəydi, azad sahibkarlıq mühiti yaradılsaydı, monopoliyalar ləğv edilsəydi, 100 milyard vəsait ölkədən çıxarılmasaydı, korrupsiya dövlət siyasətinə çevrilməsəydi, qeyri-neft sektorunun inkişafı prioritet seçilsəydi, neftin qiymətdən düşməsi Azərbaycanı indiki vəziyyətə salmazdı.
Deməli, bu gün üzləşdiyimiz “cəhənnəm qazanı” hakimiyyətin anti-xalq siyasətinin nəticəsidir.
Müxtəsər, hökumət bu iclasda da baş verənləri adıyla çağıra bilmədi, sadəcə olaraq ilə ad qoya bildilər. Bu isə onu göstərir ki, hökumət real islahatlar aparmağa hazır deyil.
Samir