Teleradio Şurası ANS-dən 168 min manat tələb edir

ansMəhkəmə ANS-in apelyasiya şikayətini təmin etmədi, teleşirkət Ali Məhkəməyə üz tutacaq

Milli Televiziya və Radio Şurası (MTRŞ) bir neçə aydır ki, ANS-dən serial çəkilişi üçün bu telekanala ayrılmış böyük məbləğdə vəsaitin geri verilməsini tələb edir. ANS isə öhdəliyi yerinə yetirdiyini bildirərək, pulu qaytarmır. Üstəlik, seriala görə Teleradio Şurasının ödəməli olduğu qalan vəsaitin də ödənilməsini istəyir. Bu məsələ ilə əlaqədar xeyli vaxtdır ki, Teleradio Şurası ilə ANS arasında məhkəmə çəkişməsi gedir.

Yanvarın 8-də Bakı Apellyasiya Məhkəməsində hakim Sərvət Hüseynovun sədrliyilə ANS-in bu məsələ ilə bağlı şikayətinə baxılıb.

Qeyd edək ki, Teleradio Şurası 1 saylı Bakı Inzibati-Iqtisad Məhkəməsinə müraciət edərək, ANS-dən serial çəkilişi üçün ilkin olaraq ayrılmış 160 min manatın geri alınması, həmçinin teleşirkətin daha 8 min manatlıq cərimə ödəməsi barədə qətnamə çıxarılmasını istəyir. ANS isə çəkdiyi teleserialı təhvil verərək, öhdəliyi yerinə yetirdiyini bildirir. Ona görə də ANS Teleradio Şurasına qarşı qarşılıqlı iddia qaldırıb. Lakin məhkəmə teleşirkətin iddiasını icraata götürməkdən imtina edib və bu barədə qərardad çıxarılıb. ANS məhz bu qərardaddan apellyasiya şikayəti verib.

Məhkəmədə Teleradio Şurasından heç kim iştirak etməyib. ANS-in nümayəndəsi Muxtar Mustafayev bildirib ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin əvvəlcə cavabdeh tərəfə göndərilmədiyini əsas gətirərək, qarşılıqlı iddianı icraata qəbul etməkdən imtina edib. Vəkilin sözlərinə görə, bu cür yanaşma doğru deyil: “Belə çıxır ki, vətəndaş ona ziyan vurmuş birisinin bank hesabına həbs qoyulması üçün məhkəmədən əvvəl qarşı tərəfə iddia ərizəsini göndərməli, bu barədə qəbzi iddia ərizəsilə birlikdə məhkəməyə təqdim etməlidir. Bu nə anormal yanaşmadır? Belə olan halda, məhkəmə başlayana qədər qarşı tərəf gedib bank hesabını boşaldar, bununla da iş bitər. Bu norma tamamilə yanlışdır, bizim Mülki Prosessual Məcəllədə dəyişiklik etmək lazımdır. Milli Məclisdə oturanlar hansısa hüquqi normanı qəbul eləyəndə bir fikirləşməlidilər də…”

Məhkəmə ANS-in apellyasiya şikayətini təmin etməyib.

Aytən