İnsanları ölümə aparan bank kreditləri…

kredit borcu

Yaranmış situasiyanın günahkarı birbaşa hökumətdir!

Azərbaycanda son günlərdə baş verən intihar hallarının böyük əksəriyyətinin sırf borc səbəbindən baş verməsi bu ölkədə insanların hansı vəziyyətdə yaşadığının göstəricisidir. Banklardan kredit götürərək qaytara bilməyən və canına qıyan şəxslər barədə mətbuatda ətraflı xəbərlər verilib.

Məsələnin mahiyyətinə varanda, onların hansı səbəbdən özünəqəsd yolu tutmasına təəssüflənməmək olmur. Təəssüfləndirici hallardan biri də odur ki, son üç gündə borca görə baş verən intihar hadisələri əvvəlkilər kimi araşdırılmamış qalacaq.

Bank haqlı olaraq verdiyi krediti istəyir, bunu qaytara bilməyən vətəndaş özünü öldürür, hökumət isə elə davranır ki, sanki yaranmış bu vəziyyətə görə qətiyyən məsuliyyət daşımır.

muzeffer baxis

Hüquqi Dövlət” Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov deyir ki, intihar faktı üzrə CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanır. Bir sıra hallarda bu cinayət işlərinin formal olaraq açıldığını deyən ekspert vurğulayır ki, bankın müştəridən verdiyi krediti tələb etməsi tam normaldır. Yəni bank krediti geri istədiyinə görə məsuliyyətə cəlb oluna bilməz: “Intihar faktına görə cinayət işi başlanır. Amma intihara görə əksər hallarda kimisə cinayət məsuliyyətinə cəlb etmək mümkün olmur. Konkret olaraq, banklara gəlincə, kreditlərə görə baş vermiş intiharlara görə banklar məsuliyyət daşımır”.

Əlbəttə, Azərbaycanda bankların kredit faizlərinin çox yüksək olduğu heç kimə sirr deyil. Amma nəzərə almaq lazımdır ki, bütün bu baş verənlər hökumətin gözü qarşısındadır. Hökumət nə bank faizlərinin aşağı salınması, nə də əhalinin sosial-iqtisadi durumunun yaxşılaşması üçün heç bir tədbir görmək istəmir. Yaranmış vəziyyətin təhlili göstərir ki, baş verən intiharların da səbəbkarı bütövlükdə Azərbaycan hökumətidir.

Nigar