Elvin Abdullayevin həbsindən 1 il ötdü

elvin-abdullayevŞərəfli məhrumiyyətin mübarək olsun

Henri Toro deyirdi ki, ədalətsiz cəmiyyətdə vicdanlı adamların yeri həbsxanadır. Həqiqətən də Azərbyacanda vicdanlı, vətənpərvər, ədalətli olmaq təhlükəlidir. Haqqı deyənin, zülmə etiraz edənin, talançılığa susmayanın yeri həbsxanadır.

Amma şükrlər olsun ki, 22 illik YAP hakimiyyəti cəmiyyəti tam mənada kölələşdirə, qorxuda, sındıra bilmədi.  Tarixin bütün dönəmlərində olduğu kimi, sərt avtoritar rejimin hökm sürdüyü Azərbaycanda da həqiqətləri söyləyən, məhrumiyyətlərdən qorxmayan insanlar meydana çıxdı və çıxacaq. Belə mərd, ləyaqətli gənclərdən biri də AXCP Gənclər Komitəsinin üzvü Elvin Abdullayevdir. Onu Universitetdən çıxarkən həbs etdilər. Bəli, Elvin növbəti imtahandan yüksək qiymət almışdı və gələcəyin tarixçisi kimi inkişaf edirdi. Amma tarixin “lənət qutusu”nun sakinləri onu şərləyərək həbs etdilər. Daha bir gənci, daha bir vicdanlı insanı narkotik ittihamı ilə zindana göndərdilər. Amma hamı başa düşürdü ki, Elvin Abdullayev narkotik istifadəçisi olduğuna görə yox, rejimin yalanlarından hallanmadığı üçün həbs olunub. Elvin hökuməti sərt tənqid edir, ədalətsizliyə etirazını bildirirdi. Bu gün də səhhətində problemlər olmasına baxmayaraq, anasının dediyi kimi aslanlar kimi dayanıb. Əqidəsinə, mübarizəsinə görə peşiman deyil. Elvinlər var olduqca, şərin mütləq qələbəsi reallaşmayacaq. Elvinlər sabahın xoşbəxtlik müjdəçiləridir. Elvin Abdullayev həbsxana yaşamış cinayətkar kimi yox, zindana azadlıq daşımış vicdan kimi xatırlanacaq.

Artıq Elvin Abdullayevin həbsindən 1 il ötür. O, vicdanlı olduğuna görə 4 divarın əhatəsindədir. Əslində, gələcək sübut edəcək ki, Elvin üçün zindanda keçən ömür itirilmiş vaxt yox, qazanılmış günlər olacaq.

O, bu ölkədə hamıdan daha arxayın, hamıdan daha azad və hamıdan daha inamlı yaşayacaq. O, zindanda keçirdiyi günlərə görə başını aşağıya dikməyəcək, qürurla başının yuxarı qaldırıb gəzəcək.

Şərəfli məhrumiyyətin 1 yaşı tamam oldu. Zindandakı yaşın mübarək olsun. Sənə azadlıq çox yaraşır. Birdə ki, sən zindanda da azadlıq libası geyinmisən.

Ilham