İlham Əliyevi ABŞ-da nə gözləyir?

ataxan ebilovAtaxan Abilov

İlham Əliyevin ABŞ Konqresindən Azərbaycan hakimiyyətinə sanksiya hədəsinin gəldiyi bir zamanda ABŞ-a dəvət edilməsi gündəmin əsas mövzularından biridir. Məsələnin mahiyyətindən xəbərsiz olan, özlərini müxtəlif adlarla ictimaiyyətə təqdim edən bəziləri bunu az qala Azərbaycan iqtidarının, daha doğrusu Əliyev administrasiyanın böyük bir uğuru kimi qələmə verirlər.

Bundan irəli gələrək sözü gedən tədbirin formatı və tarixi haqda bəzi məsələləri qeyd etmək istəyirəm.

Söhbət Nüvə Təhlükəsizliyi Sammitinin (NTS) sayca dördüncü olan və keçirilməsi bu ilin 31 mart – 1 apreldə planlaşdırılan toplantısından və Azərbaycan dövlət başçısının da ora dəvət almasından gedir. NTS – bu formatda bəzi dövlət və beynəlxalq təşkilatların toplandığı tədbirin əsası 2010-cu ildə Vaşinqtonda qoyulub və hər iki ildən biri keçirilməsi planlaşdırılıb. İlk tədbirdə 47 ölkə və üç beynəlxalq təşkilat iştirak edib. Formatın əsas məqsədi dünyada nüvə teroru ilə mübarizədir. Sammit çərçivəsində bu məqsədlə tədbirlər planı müzakirə edilir və hazırlanmış beynəlxalq hüquqi sənədlərə imza atılır.

Planlamaya uyğun olaraq ikinci sammit 2012-ci ildə Seuldə, üçüncüsü isə 2014-cü ildə Haaqa şəhərdə keçirilib. Onu da qeyd edim ki, üçüncü sammit yaşadığım ölkənin siyasi paytaxtında keçirildiyindən onun gedişini yaxından izləmişəm. Sammitdə 53 dövlət, BMT, Aİ, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və İnterpol iştirak edirdi. Dövlətlər özlərinin hökümət və dövlət başçıları simasında tədbirə qatılmış və təbii ki, Azərbaycanı da prezident İlham Əliyev təmsil etdirdi. Tədbirin sonunda ABŞ Prezidenti Barak Obama növbəti sammitin Vaşinqtonda keçirilməsi təşəbbüsülə çıxış etdi və bu Sammit tərəfindən qəbul edildi. Yəni hələ iki il əvvəl NTS-in ABŞ-da keçiriləcəyi məlum idi. Bu ilki ABŞ sammiti də bu formatda tədbirin iki il sonra harda keçirəcəyini müəyyən edəcək.

Azərbaycan NTS-in bərabərhüquqlu üzvüdür və onun özünün dövlət başçısının timsalında tədbirə dəvət alması qeyri-adi, xüsusi diqqət çəkəcək hadisə deyil və bu beynəlxlaq münasibətlərdə adi diplomatik prosedurdur.

Bu gün Azərbaycanın iqtidar yönlü mediyası və avtoritar rejimdən hələ də yağlı tikə gözləyənlər ABŞ-dan Bakıya adi diplomatik etiket qaydaları çərçivəsində göndərilən bir parça kağızı əməlli-başlı Əliyev rejiminin təbliği üçün reklam çarxı ediblər. Təbii ki, beynəlxlaq prosedur çərçivəsində NTS katibliyi tərəfindən Bakıya göndərilən dəvətnamənin belə hay-küylu reklamı daxili auditoriyaya hesablanmışdır və bu avtoritar rejimin xeyrinə uğursuz təbligat cəhdi kimi qəbul edilməlidir…

Yazı müəllifin facebook səhifəsindən götürülüb.