Gömrük Komitəsi Əli Kərimlinin tənqidinə dözmədi

gomruk-komitesi1

Komitə özünü təmizə çıxaran açıqlama ilə çıxış etdi

 

Ölkənin üzləşdiyi maliyyə problemlərindən çıxış üçün hökumətin təqdim etdiyi islahatlar ənənəvi olaraq reallıqda tətbiq olunmur. Reallığın isə necə olduğunu və hakimiyyətin gömrükdə reallaşdırmağı “planlaşdırdığı” islahatların mahiyyətinin nədən ibarət olduğunu AXCP sədri Əli Kərimli statusunda ifşa edib. Gündəmə yeridilən “gömrükdə islahatlar”, “monopoliyaların ləğvi” mövzusuna maraqlı bir yazı həsr edən Ə.Kərimli bu ad altında hansı yeni saxtakarlıq mexanizminin hazırlandığını açıqlayıb:

“Belə görünür ki, Gömrük Komitəsindəki peşəkar korrupsionerlərin qarşısına ciddi ”dövlət vəzifəsi” qoyulub. Onlar elə bir mexanizm qurmalıdırlar ki, zahirən idxalda inhisarın aradan qalxdığı təəssüratı yaradılsın, hər kəsin ölkəyə xaricdən istədiyi malı gətirə biləcəyi elan edilsin, həm də elə olsun, gömrükdəki “qara kassa” da boş qalmasın, hazırkı inhisarçılar da ziyan çəkməsin. Görürsünüz, elə də asan iş deyil. Lakin hakimiyyət daxilindən sızan məlumatlara görə, təcrübəli, peşəkar saxtakarlar artıq belə bir mexanizmi yaradıblar. Yeni saxtakarlıq mexanizmi haqda danışmazdan öncə gömrükdə son günlərə qədər tətbiq olunan korrupsiya mexanizminə bir nəzər yetirək”.

Daha sonra yazısında bu istiqamətdə aparılan araşdırmaların nəticələrinə istinad edən Ə.Kərimli gömrükdəki reallığı tam formada ortaya qoyub: “Əsas saxtakarlıq mexanizmi onun üzərində qurulurdu ki, ölkəyə idxal olunan mallar gömrükdə real həyatda olduğundan onlarla dəfə ucuz qiymətə rəsmiləşdirilirdi. Məhz belə dövlət səviyyəsində həyata keçirilən cinayətkarlığın nəticəsidir ki, məsələn, 2013-cü ildə xaricdən ölkəyə gətirilən 109 min 435 baş diri iribuynuzlu mal-qaranın hər biri 29 dollar 91 sentə, 163 min 435 baş diri qoyunun hər biri 10 manat 77 qəpiyə sənədləşdirilib. Kartofdan banana qədər hər şey real satış qiymətindən onlarla dəfə aşağı qiymətə rəsmiləşdirilib. Yazının çox böyük alınmaması üçün digər malların rəsmiləşdirmə qiymətini yazmıram. Sadəcə onu yada salıram ki, 15 ölkədən Azərbaycana 2008-2013-cü illəri əhatə edən idxal məlumatları əsasında aparılan bir araşdırmada (Qubad Ibadoğlunun araşdırması) 21.58 milyard dollarlıq fərq ortaya çıxmışdı”.

Gömrük Komitəsindən “cavab”

Dövlət Gömrük Komitəsinin dünənki bəyanatı belə bir girişlə yayılıb. Gömrük Komitəsi bəzi kütləvi-informasiya vasitələrində Komitənin ərazi və ixtisaslaşdırılmış gömrük idarələrində ölkə ərazisinə gətirilən malların gömrük rəsmiləşdirilməsi prosedurlarına dair fikirlərə cavab verib. Komitənin yaydığı məlumatda deyilir: “Son zamanlar bir sıra kütləvi-informasiya vasitələrində müxtəlif adda idxal və ixrac olunan malların dəyər və qiymətləri barədə həqiqəti əks etdirməyən əsassız fikirlər, gömrük statistikası ilə əlaqədar məzmunsuz şərhlər və təhlillər verilir. Və yalnız şəxsi ambisiyalara varmaqla, heç bir əsas olmadan rəsmi statistik rəqəmlər təhrif olunur. Qeyd etmək lazımdır ki, ölkə ərazisinə idxal olunan malların gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) VII maddəsinə, GATT-ın VII maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. Bəzi mətbu orqanlarda əsassız, heç bir rəsmi mənbəyə istinad olunmayan məlumatlar əsas gətirilərək son 6 il (2008-2013-cü illər) ərzində 15 ölkədən (Almaniya, Belarus, Çin, Macarıstan, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, ABŞ, Yaponiya, Böyük Britaniya, Koreya, Iran, Israil, Fransa) Azərbaycana 21,58 milyard həcmində idxal olunan malların statistik uçotdan yayınması kimi göstərilməsi faktı tam yanlış və əsassızdır”.

Vahid Məhərrəmov: “Məhsulların idxal dəyəri ilə bağlı ağlasığmaz qiymətləndirmə ilə rastlaşırıq”

vahid-meherremov1

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirdi ki, uzun müddətdir ölkəyə idxal olunan malların, məhsulların həcmi, idxal dəyəri ilə bağlı araşdırmalar aparırlar. Hər dəfə çoxlu sayda məhsulların idxal dəyəri ilə bağlı ağlasığmaz qiymətləndirmə ilə rastlaşırlar: “Misal üçün, hamı bilir ki, 13-15 kiloqram təmiz ət çıxışı verən 1 baş qoçu 11 dollar 67 sentə (həmin ilin məzənnəsi ilə 9 manat 10 qəpiyə) Gürcüstandan alıb Azərbaycana gətirmək mümkün deyil. Onu da qeyd edim ki, 11 dollar 67 sentə idxal dəyəri olduğu üçün bura alış qiyməti ilə yanaşı heyvanın nəqliyyatla daşınma, sığorta, gömrük rüsumu və sair xərclər də daxildir. Təsəvvür edirsiniz? Bir kiloqram qoyun əti qiymətinə 13-15 kiloqram təmiz ət çıxışı verən qoç alınıb, ölkəyə gətirilib. Həmin ildə Gürcüstandan Azərbaycana kəsim üçün 3 milyon 273 min ABŞ dolları dəyərində 109 435 baş diri iribuynuzlu mal-qara da gətirilib və həmin heyvanların hər birini orta hesabla 29 dollar 91 sentə sənədləşdiriblər. Bir iribuynuzlu heyvanın Gürcüstandan alınması, sığortalanması, nəqliyyat vasitəsi ilə daşınması, gömrük rüsumu və sair xərclərlə birlikdə 29 dollar 91 sentə, yəni həmin ilin məzənnəsi ilə 23 manat 47 qəpiyə (3 kiloqram mal əti qiymətinə) başa gəlib. Bunu təsəvvür edə bilirsinizmi?”

V.Məhərrəmovun sözlərinə görə, bu və digər oxşar faktları ictimailəşdirdikdən sonra sahəyə məsul olan məmurlar özlərinin təqdim etdikləri statistik məlumatları inkar etməyə başladılar. Ümumiyyətlə, bu kimi məlumatların, informasiyaların, statistik rəqəmlərin və hesablamaların yanlış olduğunu iddia edirlər: “Üzümü həmin şəxslərə tutub deyirəm: 2013-ci ilin yanvar-dekabr aylarında malların idxalı və ixracına dair göstəricilərə diqqətlə baxın. Düşünürəm ki, hesablamağı sizə öyrətmək lazım deyil. Hesabda siz ustasınız. Cənablar, fərqli illərdə sizin təqdim etdiyiniz cədvəllərdən əldə olunan məlumatlara əsasən hesabladığımız rəqəmləri diqqətinizə çatdırıram. Bütün malların 1 kiloqramının idxal dəyəri həmin ilin məzənnəsi ilə manatla hesablanıb: düyü 26 qəpik, kartof 2 qəpik yarım, quş əti 51-61 qəpik, süd və qaymaq 60 qəpik, qabıqlı şabalıd 37 qəpik, qabığı təmizlənmiş badam 35 qəpik, qabığı təmizlənmiş qoz 75 qəpik, ananas (təzə və ya qurudulmuş) 23 qəpik, qurudulmuş qara gavalı 33 qəpik, qurudulmuş üzüm 37 qəpik, təzə üzüm, portağal (təzə) 24 qəpik, alma 24 qəpik, armud 26 qəpik, qabıqlı püstə 95 qəpik, qabıqlı şabalıd 37 qəpik, keşyü fındığı (qabığı təmizlənmiş) 37 qəpik və sair…”

V.Məhərrəmov onu da qeyd etdi ki, idxal malların miqdarı və dəyərin məbləği Dövlət Statistika Komitəsinin “Azərbaycanın Statistik Göstəriciləri” toplusundan götürülüb. “Hesab edirəm ki, bu qədər çeşiddə dempinq malları əldə etmək qeyri-mümkündür. Yalnız süni olaraq malların idxal dəyəri dəfələrlə azaldılıb. Burada vergidən yayınmaqla külli miqdarda mənimsəmə hallarına yol verilib. Bu ifaktları hüquq mühafizə orqanları araşdırmalıdır. Belə faktların olmadığını iddia edən məmurlar isə ictimaiyyəti çaşdırmaqla məşğul olmaq əvəzinə, aidiyyəti orqanlara izahat verməlidir”, deyə V.Məhərrəmov vurğuladı.

Qubad Ibadoğlu: “Bu rəqəmləri inkar etmək yox, vəziyyəti düzəltmək lazım idi”

qubad-ibadoglu

ADR sədri, iqtisadçı Qubad Ibadoğlu isə bildirdi ki, reallığı inkar etmək yox, ortadakı rəqəmləri, çatışmamazlığı müzakirə etmək lazımdır. Q.Ibadoğlu vurğuladı ki, o, əsaslı rəqəmlərlə Gömrükdə 6 il ərzində 21 milyardlıq fərqin yaranmasını sübut etməyə hazırdır: “Iyirmi bir milyardlıq məbləğ 15 ölkə ilə ticarət nəticəsində formalaşıb. Bəlkə də bütün idxal tərəfdaşı olan ölkələr üzrə hesablama aparılsaydı, bu məbləğ daha böyük olardı. Həmin rəqəmlərin mənbəyi beynəlxalq mötəbər mənbədir. Bütün rəqəmlər ”UN Comtrade” saytından götürülüb. Bütün dünya, o sıradan Statistika Komitəsi hər il bu sayta məlumatlar verir. Bu rəqəmləri araşdırma aparılıb fərqlər ortaya çıxarılandan bir il sonra inkar etmək yox, vəziyyəti düzəltmək lazım idi”.

Xəyal