Oqtay Haqverdiyev: «Gələcək nəsillərə borc saxlamamaq, iqtisadi stabillik üçün başqa yollar axtarılmalıdır»
Azərbaycanda dekabr ayının 21-də növbəti devalvasiyadan sonra dövlət qurumlarının xarici borcları daha da artıb. Dövlət orqanlarının xarici borcunun artıq 7 milyard dollar civarında olduğu bildirilir. Vəsaitlər əsasən, Dünya Bankı, Asiya Inkişaf Bankı, Islam Inkişaf Bankı, Avropa Yenidənqurma və Inkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilib.
Həmin vəsaitlərin iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmiryolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə istifadə edildiyi bildirilir.
Nəqliyyat Nazirliyi, “Azərsu”, “Azərenerji”, “Azərbaycan Dəmir Yolları” QSC bu vəsaitləri borc şəklində götürüb. Götürülən vəsaitlərin 66 faizi dollarla, 20.3 faizdən bir az artığı isə avro ilədir.
Ikinci devalvasiyadan sonra bankların xarici öhdəlikləri də 9 milyarda qalxıb. Xarici borclanmanın artması nəticəsində ölkədə daha ağır durumun yaranması da qaçılmazdır. Dövlət qurumlarının bu həddə borclanmaya getməsi sözsüz ki, müsbət heç nə vəd etmir.
Iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyir ki, adıçəkilən qurumlar dövlətin tabeliyində olduğu kimi, onların götürdüyü borc da dövlətin borcu hesab edilməlidir. Ekspertin sözlərinə görə, bu həddə borcu da dövlət özü qaytarmalıdır. Yalnız həmin qurumların özəlləşdirilməsi nəticəsində yığılan pulların qaytarılması prosesi mümkün ola bilər: “Xarici borc ümumdaxili məhsula nisbətdə təxminən, 10 faizdir. Dövlət hələlik kritik səviyyəyə gəlib çatmasa da, etiraf edək ki, belə tendensiya var. Sabiq maliyyə naziri Saleh Məmmədov hazırkı böhrandan çıxmaq, manatı stabil saxlamaq üçün hökumətə xarici borca getməyi təklif edib. Mən bunun qəti əleyhinəyəm. Çünki gələcək nəsillərə elə bir alternativ iqtisadiyyat yarada bilməmişik ki, neft tükənəndən sonra hansısa bir sahə valyuta gətirə bilsin və dünya bazarında yerimiz olsun”.
O.Haqverdiyev onu da qeyd edir ki, devalvasiyadan sonra dövlətin xarici borcu dollarla qaytarıldığı üçün büdcədə müəyyən problemlər olacaq. Borcun vaxtında qaytarılmadığı şəraitdə isə ölkə defolt, müflis elan oluna bilər. Yunanıstan, Ukrayna və digər ölkələrin böyük xarici borca görə belə vəziyyətə düşdüyünü xatırladan ekspert həmin ölkələrin borcu vaxtında qaytarmaq üçün yenidən kreditə girdiklərini bildirir. Bu istiqamətdə yolu iqtisadi cəhətdən səmərəli hesab etməyən O.Haqverdiyev daha alternativ yollar aramağı məqsədəuyğun sayır.
Nigar