Milli Şuranın sədri, professor Cəmil Həsənli devalvasiyanın ölkəyə vurduğu ziyandan yazıb. Cəmil Həsənli Facebook səhifəsində yazır:
Dostlar! Devalvasiya ölkənin bütün həyatını iflic edib. Hökumətin bir il əvvəlki yekaxanalığından əsər-əlamət yoxdur. Analoqsuz inkişaf barədə rəsmi bəyanatlar, bu inkişaf barədə hekayələr uyduran televiziya müzakirələri, davamlı inkişaf barədə konseptual nağıllar, demokratiyanın Azərbaycan yolu və onun möhkəm iqtisadi dayaqlara söykəndiyi haqqında uydurulan əfsanələr sabun köpüyü kimi qısa müddətdə yox oldu. İndi baş verənləri rəsmilər də, iqtisadçılar da, hakimiyyətin dil boğaza qoymayan təbliğatçıları da az qala qəzavü-qədərin işi kimi qələmə versinlər. Üzgüçülük məsələsində manatımız qısa müddətdə çempion oldu. 21 dekabr devalvasiyasından sonra üzə-üzə 1.55-dən 1.85-ə düşdü. Sabah necə olacaq, təxminən bəllidir.
Bu artıq iki həftə ərzində manatın daha 21 faiz ucuzlaşması deməkdir. Mərkəzi Bankın verdiyi proqnozların heç biri özünü doğrultmur, valyuta satışının məhdudlaşdırılması ilə bağlı qəbul edilən qərarlar manatın məzənnəsini saxlaya bilmədi. Milli valyutanın belə sürətlə qiymətdən düşməsi insanların, ölkə əhalisinin qısa müddət ərzində yoxsullaşması ilə nəticələndi. Xalq həyəcan içindədir. Görünən odur ki, indi Mərkəzi Bank manatı deyil, manat Mərkəzi Bankı idarə edir.
Son iki gündə ölkənin maliyyə bazarında baş verənlər Mərkəzi Bankın “Manatın yeni devalvasiyasının olacağı barədə şayiələrin əsası yoxdur” fikrinin bir daha əsassız olduğunu ortaya qoydu. İndi MB-ın açıqlamaları daha çox şayiə təsiri bağışlayır. Əgər son iki həftə ərzində dekabr ayının 21-dəki kəskin devalvasiyadan sonra manat daha 21 faiz ucuzlaşıbsa bu devalvasiya deyil, bəs nədir? Əslində, indi möhkəm valyutanın məzənnəsinin gün ərzində, saat ərzində bahalaşması idxal məhsulları üzərində oturmuş istehlak bazarında xaotik vəziyyət yaradıb.
Manatın gün ərzində haldan-hala düşməsi, hər an ucuzlaşması onun arxasında istehsalın olmaması, milli valyutanın yalnız neftdən asılı olduğundan irəli gəlir. Böyük neft erası ərzində qara günlük bir şeylər etmədilər, Avropada təmir etmədikləri bir park qalmadı. İndi xalq qalıb böhranla üz-üzə və böhranın dərinləşdiyi indiki anda bu dəfə də manatı sürünən kursa uyğunlaşdırıb sürünməyə öyrədirlər. Qorxuram manatın bu halı böhran məqamında taleyin ümidinə buraxılmış əhaliyə də sirayət etsin.