Başıbəlalı Qarabağ, başabəla “Qarabağnamə”

mtrsMTRŞ telekanalların mənimsədiyi vəsaiti qaytara biləcəkmi?

Teleradio Şurası ANS və ITV-ni fakt qarşısında qoyub: film çəkməmisən, pulları geri qaytar. Haqlı və gecikmiş tələbdir. Yerli telekanalların əyalət səviyyəsindən aşağı teleserial çəkməsi bir, büdcədən ayrılan vəsaitin mənimsənilməsi ikiqat cinayətdir. Hər cinayətin cəzası olmalıdır. Zarafat deyil, ortada dollara nisbətdə 98 faiz dəyərdən düşən 5 milyon manat var.

MTRŞ-nin əməkdaşı Toğrul Məmmədovun sözlərinə görə, qurum serial çəkilişi üçün bağlanmış müqavilədə göstərilən şərtlərə əməl olunması, yəni adları göstərilmiş serialların təqdim edilməsi tələbində israrlıdır: “ANS televiziyası təqdim etdiyi müqavilədə çəkəcəyi serialın hər seriyasının müddətini bir saat göstərib. Lakin həm fərqli adla, həm də qeyd olunan tarixdən xeyli sonra bizə təqdim etdiyi serialın hər seriyasının müddəti cəmi 35 dəqiqədir.

ITV dövlət büdcəsindən ayrılan vəsait hesabına “Qarabağnamə” serialını çəkdiyini iddia edir, amma bizə heç nə təqdim etmir. MTRŞ hər iki televiziya kanalından seriallar üçün ayrılan vəsaiti geri almaqda qərarlıdır. Vəsait ya dövlət büdcəsinə geri qaytarılacaq, ya da yeni serialların çəkilməsinə xərclənəcək”.

Yada salaq ki, MTRŞ dövlət büdcəsindən serialların çəkilməsi üçün ITV-yə ayrılan vəsaitdən 429 min, ANS-ə ayrılan vəsaitdən isə 160 min manat geri tələb edir. Gözəl. Həmişə belə ola. ANS-in, ITV-nin sağ əli AzTV-nin başına. Gün gələ onlardan da əməkdaşlara maaş verməyib, çəkilişlərdən pul yığıb ildə 54 milyonu hara xərclədiklərini soruşalar. Hələ ötən il MTRŞ sədri Nuşirəvan Məhərrəmli mediaya belə demişdi: “Televiziya kanallarının çəkdiyi seriallar bizi qane etmədi. Bu kanalların əksəriyyəti onlara verilən vəsaitdən lazımınca istifadə etmədi. Bəlkə də şəxsi məqsədlər üçün istifadə etdilər. Ailə-məişət məsələsi, ailədə xəyanət, varlı-yoxsul arasında olan münasibətlər seriallarda əsas mövzu kimi qoyulub. Bu səbəblərə görə də Azərbaycan ictimaiyyəti serialları qəbul etmədi”. Etməz də. Mövzu bəsit, peşəkarlıq aşağı, aktyor, rejissor işi zəif.

N.Məhərrəmlinin müsahibəsindən sonra MTRŞ-nin Ictimai televiziyanı məhkəməyə verdiyi bəlli oldu. Səbəb  telekanalın “Qarabağnamə” çoxseriyalı bədii televiziya filmini yarımçıq dayandırması olub. Oktyabr ayında 1 saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsi MTRŞ-nin iddiasını təmin etdi. Dekabrda Bakı Apelyasiya Məhkəməsində Ictimai Televiziya və Radio Yayımları Şirkətinin (ITV) Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı apelyasiya şikayətinə baxıldı və birinci instansiya məhkəməsinin qərarı qüvvədə qaldı. Yəni Ictimainin apelyasiya şikayəti təmin edilmədi.

Bəlli oldu ki, 2011-ci ildə 5 milyonun 800 min manatı ITV-də yayımlanan “Qarabağnamə” çoxseriyalı bədii televiziya filminə ayrılıbmış. Lakin televiziya filmi yarımçıq dayandırıb. MTRŞ həmin film üçün ayrılan vəsaitin 429 min manatının geri qaytarılması barədə tələb irəli sürüb. Tək bir filmdən 429 min manat silmək – ITV rəhbərliyi bunun cavabını verməlidir. Pullar hara və niyə gedib? Üstəlik, məsələ tək mənimsənilən rəqəmdə deyil. Vətəndaşlıq mövqeyinin yoxluğundadır. Ictimaiyyətin maraqlarını qorumalı olan telekanal Qarabağ adıyla saxtakarlıq edib. “Qarabağnamə” üçün ayrılan vəsaitin silinməsi işin qanunla tənzimlənməli tərəfidir.

Burda mənəvi tərəflər, vətəndaşlıq mövqeyi önə çəkilməlidir. Ictimai televiziya dövlət büdcəsindən maliyyələşir – əslində ləyaqəti olan kəslər Qarabağ haqqında filmi daxili vəsait hesabına çəkməliydilər. Yəni MTRŞ “Qarabağnamə” üçün 800 min manat ayırmamalıydı. Bu pul hər il hara xərcləndiyi bilinməyən 16 milyonluq vəsaitdən də götürülə bilərdi. Hər gün Qarabağ savaşının Milli Qəhrəmanları barədə çarx yayımlamaqla vətənpərvəlik olmur. Buna Qarabağ pərdəsi arxasına sığınmaq, Qarabağ adıyla alver demək daha düz olar. Pulları haradan qaytaracağını bilməyən ITV “Qarabağnamə”ni cəkəcəyi barədə öhdəlik götürüb. Söz verilib. Söz hələlik havada qalır. Öhdəlik yerinə yetirilmir. Məhkəmə qərarından bir ay keçdi; ortada “nə fal var, nə də toyuq”.

Məsələni diqqətdə saxlayacağıq.

Aydın