AZAL yeni tarif siyasətinə keçdi

azal1“Azərbaycan Hava Yolları” (AZAL) 2016-cı il fevralın 1-dən etibarən Azərbaycanın hava limanlarından olan uçuşlarda aviabilet qiymətlərinin formalaşdırılmasında tam yeni siyasətin tətbiq edilməsini elan edir.  “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yeni konsepsiya çərçivəsində “Azərbaycan Hava Yolları”nın daha çox tələbatın olduğu reyslərində ekonom sinfinin üç tarif kateqoriyası – “Budget”, “Discount” və “Comfort” mövcud olacaq. Artıq 15 yanvar tarixindən etibarən bu tariflər üzrə aviabilet əldə etmək mümkün olacaq.  “Budget”, “Discount” və “Comfort” tarif qaydaları təyyarə göyərtəsində yemək nəzərdə tutmur və yalnız əl yükü (çəkisi 8 kq-dək) daşınmasına icazə verir. Sərnişin kassada bilet aldığı zamanı əvvəlcədən qaynar yemək sifariş verə bilər, veb-sayt üzərindən sifariş verdiyi halda isə bu barədə call-center vasitəsilə (+99412-598-88-80 və ya *8880) məlumat verə bilər. Həmçinin sərnişinlər təyyarə göyərtəsində soyuq qəlyanaltı və içki seçmək imkanı əldə edəcəklər.  Baqajın (23 kq-a qədər) uçuşdan ən azı 12 saat əvvəl qeydiyyatı 20 avro təşkil edəcək. Yükün göstərilən vaxtdan gec qeydiyyatı həmin qiymətdən 5 avro baha olacaq.

Budget tarifi üzrə istiqamətlərin qiymətləri

İstiqamət Bir tərəfə aviabiletin son qiyməti

(avro ilə)

Tbilisi 69
Tehran 79
Aktau 79
Mineralnıye Vodı 79
Moskva (“Vnukovo”) 89
Moskva (“Domodedovo”) 89
İstanbul (“Sabiha Gökçen”) 89
Alanya 89
İstanbul (“Atatürk”) 99
Antalya 99
Dubay 99
Kazan 99
Ankara 109
Kiyev 109
Minsk 119
Sankt-Peterburq 129
Lvov 139

Bu istiqamətlər üzrə ən ucuz aviabiletləri onların dəyişdirilməsi və geri qaytarılmasını nəzərdə tutmayan “Budget” tarifinin əvvəlcədən bron edilməsi zamanı almaq mümkün olacaq. “Discount” tarifinin qaydaları 40 avro məbləğində cərimə olunmaqla uçuşa qədər aviabileti geri qaytarmaq və ya vaxtını dəyişdirmək imkanı verir. “Comfort” tarifi üzrə aviabileti uçuşa qədər əlavə maliyyə sanksiyaları olmadan, uçuşdan sonra isə cərimə olunmaqla dəyişmək və ya geri qaytarmaq mümkün olacaq.

Qeyd edək ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) reqlamentinə əsasən, qlobal bron sistemləri vasitəsilə bron edilən Azərbaycanın bütün beynəlxalq sərnişin aviadaşımalarının qiymətləri vahid Avropa valyutası olan avro ilə formalaşır. Bu qarşılıqlı hesablaşma qaydası İATA-nın Avropa zonasının digər ölkələrində də tətbiq olunur.

Bütün tariflər üzrə reyslər çərçivəsində “AZAL Miles” bonus proqramından istifadə etmək olar. Proqram haqqında məlumatı bu linkdə əldə etmək olar: http://www.azal.az/az/azal-miles

Bundan əlavə, “Azərbaycan Hava Yolları” aşağıdakı marşrutlar üzrə uçuşlara yeni qış aksiyası barədə elan edir:

Marşrut Aviabiletin son qiyməti
Bakı – Paris – Bakı 349 EUR
Bakı – Milan – Bakı 329 EUR
Bakı – Nyu-York – Bakı 499 EUR
Nyu-York – Bakı – Nyu-York 549 USD
Bakı – Praqa – Bakı 329 EUR
Praqa – Bakı – Praqa 359 USD
Bakı – Tel-Əviv – Bakı 299 EUR
Tel-Əviv – Bakı – Tel-Əviv 329 USD
Bakı – London – Bakı 329 EUR

Bu aksiya çərçivəsində bilet satışı 11 yanvar 2016-cı il tarixində başlayacaq və 5 mart 2016-cı il tarixinə kimi davam edəcək, uçuş tarixi 11 yanvar 2016-cı il tarixindən 6 mart 2016-cı il tarixinə kimidir.

Aviabiletlərin qiymətinin aşağı salınması məsələsi bundan sonra da AZAL-ın gündəliyində olacaq. Sərnişinlərə maksimum əlverişli şərtlər təqdim etmək aviaşirkət üçün prioritet təşkil edir.