Avropa Oyunlarındakı avtobus qəzası üzrə məhkəmə başladı

mehkeme-huquqAvtobusun sürücüsü ilə yanaşı, görüntüləri yaymış polis və Nəqliyyat Nazirliyinin vəzifəli şəxsləri də məsuliyyətə cəlb olunub

Qəza nəticəsində xəsarət almış avstriyalı idmançılarla danışıqlar aparılır

Ötən ilin yayında Bakıda keçirilən Avropa Oyunları zamanı baş vermiş avtobus qəzası ilə bağlı məhkəmə prosesi başlayıb. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyilə baxılır.

Xatırladaq ki, iyunun 11-də səhər saatlarında metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən “Atletlər kəndi”nin nəqliyyat deposunda “Bakubus” MMC-yə məxsus avtobus hərəkət zolağından çıxıb. Nəticədə, həmin vaxt səki ilə gedən şəxslərdən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviç, Luna Pajer və Verena Breyt xəsarət alıb.

Məhkəmə qarşısına çıxarılanlar arasında avtobusun sürücüsü, 51 yaşlı Vəli Əhmədovla yanaşı, paytaxtın Nizami Rayon Polis İdarəsinin “Təhlükəsiz şəhər” xidmətinin operatoru olmuş Elçin Həsənov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov və Xidmətin Bakı şəhər Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov da var. Bu şəxslərdən sürücü Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsilə ittiham olunur. Adıçəkilən polis isə avtobus qəzası baş verərkən təhlükəsizlik kameralarının qeydə aldığı video-görüntüləri ictimaiyyətə yaydığı üçün məsuliyyətə cəlb olunub və ona qarşı CM-nin 308-ci (vəzifədən sui-istifadə) maddəsilə ittiham irəli sürülüb. Digər iki nəfərə isə CM-nin 314-cü (səhlənkarlıq) maddəsilə ittiham elan olunub. Onlar bu sürücünü xəttə buraxmaqla səhlənkarlığa yol verməkdə təqsirləndirilir.

Onu da qeyd edək ki, adları çəkilən şəxslərdən üçü həbsdədir, Fərid Əmiraslanovun barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Dünən bu iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim təqsirləndirilən şəxslərin anket məlumatlarını dəqiqləşdirib, onlara hüquq və vəzifələrini izah edib. O da məlum olub ki, iş üzrə zərərçəkmiş qismində tanınmış əcnəbi idmançıların heç biri məhkəmədə iştirak etmir. Hakim bildirib ki, zərərçəkmişlərin də məhkəmədə iştirak edib ifadə vermək, mülki iddia qaldırmaq, vəsatətlər vermək və s. hüquqları var. Zərərçəkmişlərlə danışıqlar aparıldığını deyən hakim onların məhkəmədə iştirakla bağlı mövqeyinin müəyyənləşdirilməsi üçün prosesdə fasilə elan edib.

Bu iş üzrə məhkəmə prosesi yanvarın 15-də davam edəcək.

Onu da əlavə edək ki, qəza nəticəsində xəsarət alanlar yeniyetmə qızlardır. Onlardan Vanessa Sahinoviçin vəziyyəti daha ağır idi. Hadisədən sonra onun əlil arabasında hərəkət etdiyi bildirilir.

Aytən Məmmədova