“Monopoliyanın ləğvi”ndən sahibkarlar nə qazanacaq?

manat1Son günlər sosial şəbəkələrdə və mediada gömrükdə idxal olunan malların üzərindən monopoliyanın götürülməsi barədə xəbərlər yayılıb. Iqtisadçı-ekspert Nazim Məmmədov bu xəbərlərin doğru olduğunu təsdiqləyir. Onun sözlərinə görə, dekabrın 30-da Gömrük Komitəsində keçirilən kollegiya iclasında monopoliyanın ləğvi barədə göstəriş verilib və broker şirkətlərin idarədən çıxarılması ilə bağlı qərar qəbul olunub.

Ilkin Əhmədov santexnika malları, kafel-metlax idxalçısıdır. Illərdir bu məhsulların ticarəti ilə məşğuldur. Çoxillik təcrübəsindən çıxış edərək deyir ki, dəyişdirilən bu qaydalar sahibkarlara xeyir gətirməyəcək. Onun sözlərinə görə, gəlib anbardakı məhsula görə də vergi istəyirlər.

“Əvvəllər gömrükdən keçən hər yüklü maşına görə ödəmə olurdu. Malın qiymətinin üstünə hardasa 20-25 faiz əlavə pul qoyulurdu. Amma indi birbaşa 36 faiz rəsmi vergi, üstəlik, malın üzərinə ƏDV də qoyulur”.

Ilkin Əhmədov bildirir ki, əgər bu qaydalar normal bazar şəraiti olan ölkədə tətbiq olunmuş olsaydı sahibkarlara sərf edərdi: “Indi insanlarda pul yoxdur, işin özəyi budur. Gətirdiyimiz malı sata bilmirik. Bazarın gücü qalmayıb. Indi əsas dərdimiz müştəridi”.

Iqtisadçı-ekspert Nazim Məmmədov deyir ki, gömrükdəki idxal monopoliyası haqda hamı bilirdi. Media mənsubları, jurnalistlər, sahibkarlar, ekspertlər bu barədə daim kifayət qədər danışıblar. “Bu təkzibolunmaz faktdır ki, Azərbaycanda iynədən tutmuş sapa qədər idxal olunan məhsulları ayrı-ayrı şəxslər monopoliyaya alıblar”.

Nazim Məmmədov deyir ki, adi vətəndaş hər hansı məhsulu ölkəyə gətirmək üçün ya gömrük orqanları ilə, ya da o monopolistlərlə razılaşmalı olurdu. Yəni monopolistin zəmanəti altında məhsulları ölkəyə gətirə bilirdi: “Yəni ondan başqa heç kəs o məhsulu ölkəyə gətirə bilməzdi. Ona görə də həmin məhsula öz istədiyi qiyməti diktə edə bilirdi”.

Nazim Məmmədov bunu “yırtıcı kapitalizm” adlandırır.

“Bunun ləğvinin vaxtı çoxdan yetişmişdi. Əslində biz rəqbətli mühit, bazarda ədalətli qiymətlərin formalaşmasını istəyiriksə, bunu çoxdan etməliydik”.

Azərbaycanın idxaldan asılı ölkə olduğunu diqqətə çatdıran ekspert ümid edir ki, yeni qaydalar tezliklə işə yarayacaq və bu sahədə islahatlar davam edəcək.

“Növbəti addım dövlət strukturlarının idarəetmə funksiyaları dəyişdirilməlidir. Mən Gömrük Komitəsinin tamamilə ləğvinin və onun funksiyalarının departament şəklində Maliyyə və Vergilər nazirliklərinin tərkibinə verilməsinin tərəfdarıyam”.

Digər iqtisadçı Natiq Cəfərli də gömrükdə monopoliyaların ləğvini pozitiv addım kimi qiymətləndirir. Natiq Cəfərli deyir ki, ölkədə bahalaşmanın, rəqabətli mühitin yaradılmamasının əsas səbəbi inhisarçılıq idi. Ancaq onun sözlərinə görə, indiki şəraitdə tək gömrükdə yarımçıq islahatlarla, monopoliyaların ləğvi ilə ölkədəki iqtisadi vəziyyəti düzəltmək mümkün deyil.

“Burda həssas məqam var. Korrupsiyanın, monopoliyanın olması heç də həmişə qiyməti qaldırmırdı. Bəzi hallarda, bu, elə iş adamlarına sərf edirdi ki, rüşvət verməklə, daha az vergi ödəməklə işini həll edirdi”.

Ekspert deyir ki, yeni qaydalar dövlət büdcəsinə pozitiv təsir etsə də, qiymətləri azaltmayacaq. Natiq Cəfərlinin fikrincə, əgər rəqabətli mühit yaradılarsa, qiymətlərdə stabilləşmə ola bilər: “Bizim əsas problemimiz ixracatdadır. Hamı gedib mal idxal etsə, kim alacaq? Monopoliyanın ləğvi ölkədən valyutanın daha sürətlə çıxmasına da şərait yaradacaq”.

Ekspert deyir ki, bu da manatın taleyinə ciddi təsir göstərəcək və milli valyuta sürətlə dəyərsizləşəcək:

“Monopoliyaların ləğvi sahibkarlara ilkin mərhələdə yaxşı təsir göstərəcək. Amma rəqabətli mühit artdıqca, sahibkarların sıradan çıxması da çoxalacaq. Bugünə qədər bazarda oturuşmuş mövqeyi olan inhisarçılar qanuni yolla işləsələr belə, o biri sahibkarlar qarşısında üstünlük qazanacaqlar”.

Iqtisadçı bunu onunla əsaslandırır ki, həmin monopolist sahibkarlar bugünə qədər həmin işin izini, yolunu bilirlər, partnyorları var. Ekspert onu da bildirir ki, qoyulan 36 faizlik vergi də iş adamlarını məcbur edəcək ki, qiymətləri bahalaşdırsınlar: “Manatın dəyərdən düşməsi də rəqabətli mühit olsa belə qiymətləri əvvəlki səviyyədə saxlamağa imkan verməyəcək”.

meydan.tv