“Azadlıq”ın qiyməti niyə qalxdı?

SONY DSC
SONY DSC

Azad sözü yaşatmaq asan başa gəlmir

Təbii ki, “Azadlıq”ın hansı məhrumiyyətlərdən keçdiyi, hansı fədakarlıqlar hesabına dərc olunduğu oxuculara məlumdur. Çünki zaman-zaman üzləşdiyimiz problemləri tirajlamışıq, çətin günlərimizdə hökumətin yox, xalqın yardımına ehtiyac duymuşuq.

Amma bir daha təkrar etmək istəyirik ki, “Azadlıq” heç bir mətbuat orqanının üzərinə götürə bilməyəcəyi missiyanı yerinə yetirir. “Azadlıq”ın yazdıqlarını başqa heç bir yazılı mətbuat tirajlaya bilməz. “Azadlıq” heç kimə güzəşt etmədən, heç kimlə bazarlığa getmədən yaşayır. “Azadlıq” hamını adıyla çağırır, yüzüncü dərəcəli deyil, birinci dərəcəli günahkarlardan hesab sorur.

Məhz buna görə hakimiyyət “Azadlıq”ı susdurmaq üçün müxtəlif vasitələrdən istifadə edib və edir. Bunun nəticəsidir ki, KİV-ə Dövlət Dəstəyi Fondu “Azadlıq”ın layihələrini maliyyələşdirməkdən imtina edib, qəzetin yayımına süni əngəllər törədilir, rəhbəri YAP-çı deputat Mirkazım Kazımov olan, dövlətə aid yayım firması “Qasid” redaksiyanın köhnə məzənnə ilə 70 min manatını mənimsəyib, kollektivin yazarlarından biri şərlənərək həbs edilib, baş redaktoru və bəzi əməkdaşları mühacir həyatı yaşamağa məcbur olub və s. Qəzetin əməkdaşları 5 aydır əmək haqqı almır. Yəni “Azadlıq” qəzetini prinsiplərindən döndərə bilməyən hakimiyyət onu iqtisadi yollarla çökdürməyə çalışdı. Amma qəzetin kollektivi bu məhrumiyyətlərə də dözdü və vətəndaş fədakarlığı sərgilədi.

Qəzet çapını dayandırmaq məcburiyyətində qalanda da kollektiv geri addım atmadı, ritorikanı yumşaltmadı, hökumətə mesaj göndərmədi. Əksinə, daha kəskin yazdıq, dövlətin sərvətlərinin oğurlanmasına, xalqın haqqının yeyilməsinə susmadıq. Biz dərk edirik ki, “azad sözün sonuncu qalası” təslim olmamalı, vətəndaş obyektiv informasiya ilə təmin edilməlidir. Buna görə də son nəfəsimizə kimi prinsiplərimizə sadiq qalacaq, hakimiyyətin anti-xalq siyasətini ifşa edəcəyik.

Amma fəaliyyətimizi davam etdirmək, xalqa hər gün 16 səhifəlik həqiqət daşımaq üçün ayaqda qalmalıyıq. Sonuncu devalvasiya bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də öz “küləyini” əsdirdi. Yəni manatın qiymətdən düşməsi, kəskin bahalaşma qəzetin də xərclərini artırıb. Çap xərcləri, kağızın qiyməti təbii olaraq bahalaşır. Vəziyyətə uyğun addım atmağa məcburuq. Qəzetin qiymətini artırmaqdan başqa yolumuz yoxdur.

Bəli, biz aylarla maaş almadan, Nəşriyyatın 9-cu mərtəbəsində yağış suları içində, komfortsuz, köhnə texnika ilə işləyə bilərik. Amma işimizin nəticəsini hazır məhsula çevirib alıcıların seçiminə təqdim edə bilmək bizdən asılı deyil. Yəni qəzetin qiymətini kollektivin iradəsindən kənar amillər müəyyən edir.

Oxucularımız “Azadlıq”ı dəfələrlə çətin vəziyyətdən qurtarıb, qəzetin önəmini başa düşdüyünü sübut edib. İnanırıq ki, sədaqətli oxucularımız bu dəfə də bizi anlayışla qarşılayacaq – qəzetin qiymətini artırmaq məcburiyyətində qaldıq. Bu gündən “Azadlıq”ı 60 qəpiyə almalı olacaqsınız.

Başa düşürük ki, bu, oxucularımızın büdcəsinə mənfi təsir göstərir. Heç də asanlıqla vermədik bu qərarı. Sadəcə, başqa yolumuz yoxdur. “Azadlıq” ya dayanmalıdır, ya da ölkəni ağuşuna alan sosial-iqtisadi tənəzzülün tempinə uyğun olaraq yaşamaqda davam etməlidir. Biz davam qərarı verdik – fədakar oxucularımıza güvənərək. İnanırıq ki, oxucularımız qəzetimiz üçün ödəyəcəkləri əlavə 10 qəpiklərə azad sözə, obyektiv informasiyaya çəkilən xərc kimi baxacaq.

Əmin olun, sizin 60 qəpiyiniz kağız parçasına verilən pul deyil, müqəddəs missiyanın davam etdirilməsinə dəstəkdir. Bəli, “Azadlıq”ın qiyməti 60 qəpik olsa da, dəyəri maddiyyatla ölçülməz. Dəyəri maddiyatla ölçülməyəni isə 60 qəpiyə almağa dəyər. Gəlin, imkan verməyək ki, bu qeyri-bərabər döyüşdə “Azadlıq” müqavimətini itirsin.

Bir sözlə, sizə xidmətini davam etdirmək üçün, həqiqi azadlıqlar naminə “Azadlıq”ın qiymətinin qalxması zərurət oldu.

“Azadlıq”