Gültəkin Hacıbəyli: «Yetər ki, bunun üçün Azərbaycan hakimiyyətində siyasi iradə olsun»
ATƏT-in fəaliyyətdə olan sədri vəzifəsini yanvarın 1-dən bir il müddətinə Almaniya həyata keçirəcək. APA-nın məlumatına görə, bu vəzifəni Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer icra edəcək. Xatırladaq ki, Almaniya sədrliyi Serbiyadan təhvil alıb.
Məlumdur ki, Azərbaycan hakimiyyəti son zamanlar Qərbə qarşı, xüsusilə Almaniya ilə münasibətdə sərt ritorikaya müraciət edir. Bu isə o deməkdir ki, rəsmi Bakının ATƏT ilə münasibətləri də bir o qədər xoş olmayacaq. Onsuz da bu münasibətlər ATƏT-in Azərbaycandakı fəaliyyətinin layihə koordinatoru səviyyəsinə endirilməsindən sonra kifayət qədər gərilmişdi.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, əslində ATƏT-in həmsədrlik institutu keçici xarakter daşıyır. Mütəmadi olaraq rotasiya ilə quruma üzv ölkələrdən biri təşkilata sədrlik edir. G.Hacıbəylinin sözlərinə görə, Azərbaycan da bir müddət öncə Avropa Şurası Parlament Assambleyasına sədrlik edirdi. Daha sonra isə əlifba sırası ilə sədrlik Ermənistana keçdi: “Almaniyanın da ATƏT-ə sədrliyi rotasiya prinsipi ilə həyata keçirilir. Amma istənilən halda Almaniya kimi güclü dövlətin ATƏT-ə rəhbərlik etdiyi dövr daha qətiyyətli, daha çevik faydalı idarəetmə dövrü kimi tarixə düşəcək. Düşünürəm ki, Almaniyanın ATƏT-ə sədrliyi Azərbaycan üçün kifayət qədər müsbət haldır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın ən böyük problemi olan Qarabağ münaqişəsinin həlli üzrə mandat ATƏT-ə məxsusdur. Bu mandatı BMT ATƏT-ə verib. Belə olan halda Almaniyanın ATƏT-ə sədrlik etməsi Azərbaycanın ədalətli mövqelərinə təsir edə bilər. Çünki Almaniya Qarabağ problemində dünyada ən qətiyyətli, prinsipial mövqe bildirən ölkədir. Almaniya Bundestaqının Qarabağla bağlı dəfələrlə açıq mövqeyi ifadə olunub. Almaniya Xarici Işlər Nazirliyinin bu məsələ ilə bağlı dəfələrlə bəyanatları olub. Almaniya Azərbaycan ərazilərinin işğal faktını dəfələrlə pisləyib. Ermənistandan bu əraziləri dərhal boşaltmasını etməsini tələb edib”.
G.Hacıbəyli vurğuladı ki, ATƏT-in həmsədrlərindən biri olan, amma Azərbaycan ərazilərini faktiki işğal etmiş Rusiyanın hazırkı aqressiv vəziyyətində Almaniyanın sədr olması Kremldən gələn təzyiqlərin neytrallaşmasına səbəb ola bilər: “Digər tərəfdən, Almaniya insan haqları və demokratiya məsələsində də kifayət qədər prinsipial mövqedən çıxış edən bir ölkədir. Onun Azərbaycana qarşı mövqeyi səmimidir. Çünki Almaniya Qarabağla bağlı mövqeyini açıqlayıb. Amma Almaniya Azərbaycanda insan haqlarının da kifayət qədər acınacaqlı durumda olduğunu qeyd edib. Bununla bağlı Bundestaqın ayrıca qətnaməsi də var. Bu baxımdan Almaniyanın ATƏT-ə sədrliyindən Azərbaycan yalnız yararlana bilər. Yetər ki, bunun üçün Azərbaycan hakimiyyətində siyasi iradə olsun. Avropanın Almaniya kimi ölkəsini görməzdən gəlmək, onun iqtisadi cəhətdən geriləməsi barəsində hakimiyyətin nəzarətində olan telekanallar vasitəsilə nağıllar səsləndirməkdənsə, yaxşı olardı ki, hakimiyyət Azərbaycanı hər mənada müdafiə edən ölkə ilə münasibətləri daha da dərinləşdirsin”.
Xəyal