İndi guya bu ağılla ölkədən kapital axınının qarşısını alırlar

akarimli-yeni5Ölkədə nələrin və niyə baş verdiyini bayram günlərində də düşünənlər üçün

İndi guya bunlar bu ağılla ölkədən kapital axınının qarşısını alırlar. Valyutadəyişmə məntəqələrində satmadıqları dolları banklar və onların filialları vasitəsilə satacaqlarmış. İndi aydınlaşdıraq ki, bu qərar xaricə dollar axınının qarşısını ala bilərmi, yoxsa sadə vətəndaşa əlavə problem yaradacaq?

1. Ölkədən böyük miqyasda dolları aydındır ki, korrupsionerlər, monopolistlər çıxarır. Bəs banklar kimlərə məxsusdur? Həmin oliqarxlara, korrupsionerlərə. Deməli, bankların özünə də nəzarət edən oliqarxlar yenə heç bir çətinlik çəkmədən istədikləri qədər manatı dollara çevirib, ölkədən çıxaracaqlar.

2. Bəs banklara əli çatmayan, valyutadəyişmə məntəqələrində dollar tapa bilməyib, qara bazara üz tutan, orada dolları rəsmi məzənnədən xeyli baha almağa məcbur edilənlər kimlərdir Əsasən xaricə müalicə üçün gedənlər və ya qohumunu aparanlar, xaricdə uşaqlarını oxudan valideynlər, turist kimi xaricə gedənlər, xaricdən nağd pulla mal gətirən kiçik biznes nümayəndələri, dollarla borcu olanlar (Lombardlardan, ayrı-ayrı vətəndaşlardan dollarla borc almış xeyli insan var) və s. sadə vətəndaşlar. Dollar qıtlığının zərbəsi də məhz onlara dəyir.

3. Mərkəzi Bankın dollar satışını inzibati qaydada azaltması dollar ajiotajını daha da gücləndirir, dollara tələbatı süni şəkildə də artırır.

Beləliklə, hökumətin dərin düşünmədən, instinktiv verdiyi qərarlar heç bir halda böhranı durdura bilməyəcək. Növbəti devalvasiya da, bahalaşma da qaçılmaz olacaq. Və bütün bunlardan korrupsionerlər, monopolistlər daha da qazanclı çıxacaq.

Yazmışdım axı, ölkədə hansı sosial-iqtisadi problem yaşanır-yaşansın, hökumət hansı qərarı verir-versin, korrupsionerlər və oliqarxlar daha çox qazanıb varlanır, sadə əhali isə daha çox ziyana düşüb kasıblayır. Çünki bu ölkədə hakimiyyət bir sülaləyə, bir ovuc oliqarxa və korrupsionerə məxsusdur. Vəziyyəti dəyişməliyik. Hakimiyyəti xalqa qaytarmalıyıq.