Putinin dostunun köməkçisindən sensasion iddia

putin-bakida2«ABŞ Konqresinə təqdim olunan anti-Azərbaycan aktı Azərbaycanda dövlət çevrilişinə hesablanmış bir sənəddir»

Strateji Planlaşdırma və Araşdırmalar Institutunun rəhbəri Azad Məsiyev moderator.az saytına maraqlı müsahibə verib. Strateq.az bildirir ki, müsahibənin girişində Azad Məsiyev yalnız QHT rəhbəri kimi təqdim edilsə də, o, vaxtilə keçmiş MTN zabiti olub, hazırda isə Azərbaycanda Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı və yaxın dostu kimi tanınan iş adamı Ilham Rəhimovun şəxsi köməkçisidir.

Azad Məsiyev sanksiyalar barədə danışarkən ABŞ-ın Azərbaycanda dövlət çevrilişi hazırladığını iddia edib: “Xatırlatmaq istəyirəm: təxminən, bir il əvvəl ABŞ Konqresi və Mərkəzi Kəşfiyyat Idarəsinin tabeliyində fəaliyyət göstərən ictimai təşkilatlar Azərbaycanla bağlı xoşagəlməyən bəyanatlar səsləndirirdilər, sonradan həmin kampaniyaya Avropa təşkilatları da qoşuldular. Bu bəyanatlar dünya ictimaiyyətində, beynəlxalq təşkilatlarda fikir formalaşdırmağa yönəlmişdir. Anti-Azərbaycan bəyanatları öz işini gördü, hətta Avropa təşkilatları özlərinin rəsmi sənədlərində müəyyən qərarlar verdilər. Onu da qeyd edim ki, Avropa Birliyi ABŞ-ın, de-fakto ştatlarından biridir. ABŞ-dan gələn hər hansı təkiflər, ideyalar həmin andan Avropa təşkilatları tərəfindən qəbul edilir və icra olunur. ABŞ rəsmiləri bu hərəkətləri ilə Azərbaycan hakimiyyətinə bir mesaj vermiş olur. Yəni, demək istəyir ki, biz zarafat etmirik, mövqeyinizi dəqiqləşdirin, bizimləsiniz, yoxsa Rusiya ilə? Insan haqları, demokratiya, söz azadlığı və s. bu kimi dəyərlər ABŞ dövlətinin maraqlarını təmin etmək üçün bir vasitədir. ABŞ Konqresinə təqdim olunan anti-Azərbaycan aktı Azərbaycanda dövlət çevrilişinə hesablanmış bir sənəddir və məqsəd də Azərbaycanda dövlət cevrilişinə hüquqi zəmin yaratmaqdır. Bu sənəd qəbul edilərsə, ABŞ-ın bütün dövlət strukturları bu sənədin icrasına başlayacaqlar”.

Azad Məsiyev deyib ki, hökumətin anti-ABŞ kampaniyasını yersiz addım kimi qiymətləndirib: “Bizim yaxşı bir atalar sözümüz var: ”Yel qayadan heç nə aparmır”. Bu mənada bizimkilərin apardıqları anti-Amerika təbliğatı çox yersiz görünür. Bu məsələyə daha qlobal baxmaq lazımdır. Reallıq ondan ibarətdir ki, bizim nə ABŞ-la, nə də Rusiya ilə rəqabət aparmaq imkanlarımız yoxdur. Bizim problemimiz bu iki nəhəng dövlətin dünyada maraqlarının toqquşmasından yaranıb. Nəinki təkcə bizim, hətta Ukraynanın, Suriyanın, Türkiyənin problemləri də, dünyada baş verən iqtisadi böhranların da səbəbi bu iki dövlətlərin maraqlarının toqquşmasından qaynaqlanır”.