Qibleyi-aləmin aləmi kor qoyub verdiyi o əfv sərəncamına hələ saatlar qalmış, facebookda status yazdım: “İlham Əliyevdən növbəti yarımçıq əfv fərmanı”. Yəqin ki, “Azadlıq” qəzetinin bir azdan manşeti belə olacaq”.
Saatlar keçdi, sərəncam çıxdı. Sərəncam çıxsa da, bircə siyasi məhbus da azadlığa çıxmadı. İlk baxışda, proqnozum özünü doğrultmuşdu. Hətta, əfv gözləntisinə düşüb, məyusluq yaşayanlara statusumu təkəbbürlə daha geniş ictimaiyyətə hayqırmaq istəyirdim. Elə bu an bir yoldaş “əfvlə bağlı siz də yanıldınız” yazdı və bəndeyi-həqirinizi yersiz təkəbbürdən xilas elədi. Onun məsləhəti ilə yazdığıma bir də baxdım, oxudum. Ey dadi-bidad, doğrudan da axı bu əfv nəinki yarımçıq, heç yarımçığın yarısı da deyil. Bircə nəfər siyasi məhbus azadlığa çıxmayıbsa, yarımçıq əfv sözü bu əmələ adekvat deyil, hadisənin mahiyyətin təhrif etməkdir. Yəqin, buna görədir ki, “Azadlıq” qəzetində biz ənənəvi manşeti görə bilmədik.
Son fərmandan baş açmaq üçün indi çoxları beyninə əziyyət verir. Yazıq beyin! Otu-suyu hökumətdən gələnlər yenə insanları tovlamaq üçün araya söz salıblar ki, guya ABŞ dövlət başçısını hirsləndirib, o da acığa belə əfv verib. Bildiyiniz kimi, ABŞ Azərbaycana qarşı sanksiya tətbiq eləməyə hazırlaşır. Ona görə ki, Azərbaycan hökuməti insan hüquq və azadlıqlarına hörmət bəsləmir, demokratik təsisatlara düşmən kəsilib və s. Bizim hökumətdən tələb edilən də bu problemləri aradan qaldırmaqdır. O isə acığa düşüb.
Utanmadan deyirlər ki, prezident acığa bu cür əfv verib. Başqa dövlətə qəzəbləndiyinə görə öz vətəndaşına zülm vermək olsun ki, analoqsuz siyasətin ana prinsiplərindəndir. Bizim kimi savadsız adamlar belə nüansları bilməz.
Mənə isə belə gəlir, acıq-filan söhbəti uydurmadı, bunu Rauf Arifoğlunun sözləri ilə desək, prezidenti xalqın gözündən salmaq istəyənlər düşünüb. Doğrudur, İlham Əliyev hakimiyyəti çox ərköyünləşib, amma onun Amerika ilə Amerikalıq eləməyə nə topu var, nə topxanası. Bu əfv fərmanına sanksiya xəbərdarlığının təsiri şəksiz ki, olub. Lakin, onu düz yozmaq lazımdır. İlham Əliyev bu dəfə ona görə əfvə siyasi məhbusları salmadı ki, ABŞ-a güc göstərsin, yox… ABŞ-da, İlham Əliyev də kimin gücünün nə qədər olmasını yaxşı bilir, heç bu yöndə mübahisə də açmırlar. Bu fərman birbaşa İlham Əliyevin öz komandası üçün “sıra baxışı” keçirmək üçün düşünülüb. Bəli, hökumdar çətin günlər yaşayır. Təqvimdə nə çox gün, onların istənilən birinə əfvi salmaq olar. Amma hər zaman öz komandasını yoxlamaq üçün belə unikal imkan ələ düşmür. Son əfv sərəncamı ilə İlham Əliyev öz komansasının zəlzələyə davamlılıq əmsalını yoxladı. Sizə də, mənə də bəlli deyil nəticə onun ürəyincə olub, ya yox. Lakin, nəticəni bilmədən də artqı aydındır ki, hökumdar komandasından nigarandır, ilk fürsətdə tərk edilmək qorxusu yaşayır. Manat üzməkdə, pardon ölməkdə davam edir, neftin qiyməti və hasilatı azalır və bu geridönməz xarakter alır, əhalidə hökumətə olan etimad sıfırın altına enir, bir yandan da beynəlxalq aləmdə heç zaman olmayan kimi bədnam imic…
Əlində pul olan, komforta alışan, heç bir ciddi dəyərə sahib olmayan komanda üçün razılaşın ki, yuxarda təsvir edilən mühit yaşamaq, nəfəs almaq üçün dözülməzdi. Onlar ilk fürsətdə qaça bilərlər. Mənim kimi sadə müxbir bu barədə siqnal alıbsa (bəzi məmurlar kapitalların və qohum əqrabasın ölkədən sürətlə çıxarır), əlahəzrət deməli, daha ciddi və ürəkparçalayan siqnallara sahibdir. Xülasə, bu əfvdə nə camaatımıza, nə Amerikaya yönələn mesaj axtarmayın. Orda cəmi iki mesaj var idi ki, ikisinin də ünvanı prezidentin böyürbaşına hesablanıb.
Bir: Əfv sərəncamı ilə İlham Əliyev öz komandasına dedi: “Amerikadan qorxmuram, siz də qorxmayın”.
İki: Bu sərəncamdan sonra komanda içində büdrəməsi davam edən, mərkəzdən qaçmaq meyillərini tərgitməyənlər müəyyən edilib “ət maşınından” keçiriləcək.