Eldar Mahmudovun həbsinə hazırlıq gedir

eldar-mahmudov2Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun həbsinə hazırlıq gedir. “Azadlıq”a sızan məlumatlara görə, “MTN işi” ilə bağlı istintaq Eldar Mahmudovun həbsinə aparır. Məlumatda deyilir ki, MTN-in keçmiş şefi hazırda tam təcrid olunmuş vəziyyətdədir. Onun bir kimsə ilə ünsiyyət qurmaq imkanı tanınmayıb. Hətta evindəki telefonlardan belə istifadə etmək hüququ yoxdur. Eldar Mahmudovun bu dərəcədə təcrid olunması onun hansısa bilgiləri ictimailəşdirə biləcəyi narahatlığından da irəli gələ bilər.

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş Idarəsinin sabiq rəisi, hazırda həbsdə olan Akif Çovdarovun saxlanma şəraiti ilə bağlı heç bir narazılığı yoxdur. Bu barədə isə Trend-ə Akif Çovdarovun vəkili məlumat verib. Vəkilin sözlərinə görə, 1 saylı Bakı Istintaq Təcridxanasında saxlanılan sabiq idarə rəisinin saxlanma şəraiti normaldır: “Mütəmadi olaraq Akif Çovdarovla görüşürəm və problemləri ilə maraqlanıram. Hələlik heç bir problem barədə mənə şikayət etməyib”.

Vəkil əlavə edib ki, Akif Çovdarov barəsində ibtidai istintaq davam etdiyi üçün hələlik onun ailə üzvləri ilə görüşünə icazə verilmir. Istintaq təcridxanasında Akif Çovdarov yalnız vəkili ilə görüşür.

Vəkil bildirib ki, Akif Çovdarovun həbs qərarından apellyasiya şikayəti verilməyib: “Müdafiə etdiyim tərəf buna ehtiyac görməyib”.

Akif Çovdarov Cinayət Məcəlləsinin 302.2 (Əməliyyat-axratış fəaliyyəti haqqında qanunvericiliyi pozma (eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə etməklə törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə), 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq, Səbayel Rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Eldar Mahmudovla Cahangir Hacıyev hansı bankı ziyana salıb?

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin Azərbaycan iqtisadiyyatına vurduğu zərbənin ölçüyəgəlməz dərəcədə böyük olmasını təsdiqləyən daha bir fakt üzə çıxıb.

“Bank Technique” bu duetin adamlarının nəzarəti altında olanda bank 263 milyon dollar zərərə düşüb. Bu barədə virtualaz.org saytına “Bank Technique” rəhbərliyindəki mötəbər mənbələrdən məlumat verilib.

Bu bank əvvəllər Etibar Əliyevə məxsus olub. Lakin MTN-in o zamankı rəhbərliyi bankı ələ keçirmək üçün 2012-ci ildə xüsusi əməliyyat keçirib, bank rəhbərliyini saxta ittihamlarla həbs edib. Daha sonra sabiq nazir Eldar Mahmudov bankı qudası Cahangir Hacıyevin adamlarının idarəçiliyinə verib.

Etibar Əliyev yalnız Mahmudov və dəstəsinin ifşa edilməsindən sonra “Bank Technique” Müşahidə Şurasının sədri vəzifəsinə bərpa olunub.

“MTN işi”ni araşdırmaq üçün deputat-istintaq komissiyası yaradıla bilər

1990-ci illərin əvvəllərində baş vermiş hər hansı xüsusi fövqəladə hadisələrin təhqiqatı, mürəkkəb motivli cinayətlərin araşdırılması üzrə hüquq-mühafizə orqanları ilə yanaşı, Ali Sovet (indiki Milli Məclis) də istintaqda iştirak edirdi. Bunun üçün Milli Məclis deputat-istintaq komissiyasını təşkil etmək səlahiyyətinə malik idi.