Son günlər mətbuata basqıların artmasının pərdəarxası
Son günlər hökumət yenidən mətbuatın üzərində fokuslaşıb. Prezidentin köməkçisi Əli Həsənov yalan informasiya yayan KIV-lərin məsuliyyətə cəlb olunmasından danışır, Mətbuat Şurası bunun davamı olaraq tədbir keçirir, jurnalistlər prokurorluğa çağırılır və.s
Təbii ki, bütün bunlar təsadüfi deyil və hakimiyyət başa düşür ki, tendensiya təhlükəli nəticə vəd edir. Belə ki, MTN-də baş verənlər hakimiyyətin ilməsinin sökülməsi oldu. Hər gün yeni cinayət əməllərinin anonsu verildi, MTN-in yüksək rütbəli generallarının quldurluq əməlləri ortaya çıxdı, keçmiş nazirin var-dövləti ictimailəşdirildi. Ardınca isə baş verənlər Rabitə nazirliyinə sıçradı, Əli Abbasov işdən çıxarıldı, nazirliyin məsul şəxsləri həbs edildi və.s
Baş verənlər ölkədə əsas müzakirə mövzusu oldu və mətbuatda müxtəlif analizlər, ekspert rəyləri, ehtimallar yer aldı. Nəticə etibarilə yeni suallar ortaya çıxdı.
Haqlı olaraq sual yarandı ki, Eldar Mahmudov var-dövlət yığdığına görə, sahibkarlara zülm edildiyi üçün “vurulursa”, digərləri niyə cəzasız qalır?
Axı, vətəndaşa gömrükdə də, vergilərdə də zülm edilir. Axı, vətəndaş səhiyyə sahəsində də, nəqliyyat sektorunda da, təhsil məsələsində də problemlərlə qarşılaşır. Yəni, mətbuatda yazılanlar cəmiyyətdə yaranmış sualları daha da qabartdı, hakimiyyətin “islahat aparırıq” təbliğatını məhv etdi. Yuxarıda da qeyd etdiyimiz kimi bu gün Eldar Mahmudovun, Əli Abbasovun haqqında deyilənləri digərlərinə də aid etmək olar. Sadə vətəndaş da bilir ki, digər nazirlər Əli Abbasovdan daha varlıdır.
Beləliklə, yaranmış vəziyyət hakimiyyətin ifşasını reallaşdırdı. Məsələnən daha da dərinləşməsi, hakimiyyətin daha da batmasına gətirib çıxarır. MTN-də baş verənlər zəncir kimi uzanmağa başladı və məlum oldu ki, dövlətin əsas strukturunda təmiz adam qalmayıb. Üstəlik, o da üzə çıxdı ki, bütün bu “vurulmuş” adamların yaxın qohum-əqrəbaları da müxtəlif vəzifələrdə işləyirmiş. Hamıda bu qənaət yarandı ki, bütün strukturlar bu vəziyyətdədir. Yəni, hansı nazirliyi ələk-vələk etməyə başlasan, daha biabrıçı nəticə ilə üzləşə bilrəsən.
Onu da qeyd etmək lazımdır ki, MTN-də baş verənlərlə bağlı hamı yazmağa başladı. Yəni, dünənə qədər hansısa məmuru tənqid etməkdən çəkinənlər, hökumətin mədhiylə məşğul olanlar da, başa düşdülər ki, Eldar Məhmudovdan, Əli Abasovdan yazmaq təhlükəsizdir. Yəni, bu məsələdə azadlıq əldə etdilər və sərt tənqidlər yazdılar.
Ümumilikdə yaranmış mənzərə hökumətin yaratdığı “analoqsuz inkişaf” mifini dağıtmağa xidmət edirdi. Bütün mətbuat nazirlərin, generalların uzun illər ərzində milyonlar mənimsədiyini, reketliklə məşğul olduğunu yazır. Bəli, gecə-gündüz hakimiyyət komandasının quldurlardan ibarət olduğu tirajlandı.
Yuxarıda da qeyd etdiyimiz kimi yaranmış vəziyyət hökumətin bütün orqanizminə sıçramağa başladı və hökumət bu informasiyaların qarşısını almaqda aciz qaldı. Artıq mətbuatın yazdıqları cəmiyyətdə “guya filankəs təmiz kadrdı”, “filan nazirliyi niyə yoxlamırlar”, “filan nazirin 50 dənə şirkəti var, onu niyə həbs etmirlər” kimi sualları aktuallaşdırdı.
Ona görə də hökumət bu informasiyaları məhdudlaşdırmaq üçün curnalsitləri qorxutmağa, saytları təhdid etməyə başlayıb. Çünki, proses hakimiyyətin tam ifşasına xidmət edir.
Istənilən halda baş verənlər Ilham Əliyevin müşavirədə dediklərinə ziddir. Ölkə başçısı hər dəfə deyir ki, mətbuatı yaxından izləyir, əsas informasiyaları mətbuatdan öyrənir. Həm də Ilham Əliyev dəfələrlə ictimai nəzarətin güclənməsindən, bunun vacibliyindən danışıb. Indiki halda baş verənlər isə ictimai nəzarətə zərbə vurmağa, informasiyanı məhdudlaşdırmağa xidmət edir.
Samir