MTN olayı hakimiyyətə ictimai nifrəti göstərdi

ilham eldarEldar Mahmudova münasibət rejimə münasibətin göstəricisidir

Bir neçə gündür ölkə gündəmini MTN şefi Eldar Mahmudovun “vurulması” xəbəri zəbt edib. Ona görə “vurulması” deyirik ki, bu ölkədə vəzifədən yalnız “vurulmaqla” əl çəkirlər. Ümumiyyətlə, abırlı istefa vermək, hörmətlə yola salınmaq ənənəsi yoxdur.

Indiki məqamda isə Eldar Mahmudovun vəzifəsindən azad edilməsi kifayət etdi ki, onun barəsində ən ağır ittihamlar səsləndirilsin. Artıq bir neçə nəfər həbs olunub, 10-larla generalın həbs olunması gözlənilir, Eldar Mahmudova məxsus obyektlər qapadılır və.s Dünənə qədər ölkənin təhlükəsizliyinə cavabdeh olan adamı, ən təhlükəli adam kimi təqdim etməyə başlayıblar. Onu soyğunçu, quldur, korrupsioner, xəyənətkar adlandırırlar. Hətta hökumət komandasında təmsil olunanlar da dilə gəlib və bu strukturdakı neqativlərdən söhbət açırlar.

Təbii ki, bu komandada olub, təmiz qalmaq qeyri-mümkündür. Təmizlik, dürüstlük bu hakimiyyətin “standart”larına uyğun gəlmir. Amma məsələ burasındadır ki, Eldar Mahmudov yeganə nümunə deyil. Komandanın hansı təmsilçisini vursalar, nəticə eyni olacaq. Hətta eldar Mahmudov haqqında deyilənlər, “toya getməli” olacaq.

Amma bu proseslər də bir məqam aydın görünür. Əslində yazılanlar, deyilənlər təkcə Eldar Mahmudova olan münasibət deyil. Ümumilikdə, rejimə qarşı olan ictimai nifrətin görsənişidir. Yəni, Eldar Mahmudovla bağlı neqativlərin sürətlə yayılması, hakimiyyətin hansı dəyərlərə sahib olduğunu göstərmək üçündür. Xalq da bilir ki, komandanın istənilən “iri” üzvünün kompromatı, qanunsuz əməlləri, çirkli pullları var.

Ölkə müxalifətinə qarşı səslənən fikirləri, indi Eldar Mahmudov haqqında səsləndirirlər. Bütün diqqətlər ona tərəf yönləndirilib. Komandada təmsil olunan xırda məmurlar da hansı çirkabın içində olduqlarını dəqiq bilirlər. Sadəcə olaraq qorxudan dillənmirlər. Eldar Mahmudov “vurulan” kimi dilə gəldilər. Sabah başqası haqqında da deyəcəkləri xeyli sözləri var. Bu ölkədə iri məmurlar ona görə könüllü istefaya getmir ki, nəticənin belə olacağından əmindilər. Yəni, cinayətin ört-basdır edilməsi üçün əbədi vəzifədə qalmağın yolun tapmaq lazımdı.

Artıq cəmiyyətdə bu rejim haqqında tam təsəvvür formalaşıb. Ictimaiyyət dərin nifrətə köklənib. Hansısa nazirin, icra başçısının sıradan çıxarılması sadə vətəndaşı sevindirir. Adamlar “qaniçənin biri də getdi” deyə fikirləşirlər. Əmindilər ki, gedən hər kəsin böyük “çp”si var. Bu ictimai nifrət və qəzəb bütün rejim vəzifəlilərinə qarşı yönəlib.

Müxtəsər, son günlər MTN ətrafında yaranmış hay-küy həm də cəmiyyətin hakimiyyətə nifrətinin ifadəsidir. Insanlar arasında “bir-birini parçalayıb, məhv olacaqlar” qənaəti də bu nifrətdən doğur.

Samir