Milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Hilal Əsədovla bağlı yayılan məlumatlara nazirlik tərəfindən açıqlama verilib.
Milli Təhlükəsizlik Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Hilal Əsədovun vəzifəsindən azad olunaması ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur.
“Hilal Əsədov barədə yayılan bütün xəbərlər cəfəngiyatdır. O, hazırda Milli Təhlükəsizlik Nazirliyində iş başındadır. Mətbuatda onun işdən azad olunması ilə bağlı yayılan xəbərlər dezinformasiyadır” – deyə nazirliyinin açıqlamasında bildirilir.
Nazirliyin bu açıqlaması təəccüb doğurmaya bilməz. Belə ki, ölkə başçısı İlham Әliyev ötən gün milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsinə təyinatla bağlı sərəncam verib. İndi bu vəzifəni Penitensiar Xidmətin keçmiş rəhbəri Mədət Quliyev daşıyır. Deməli, Hilal Əsədov artıq milli təhlükəsizlik nazirinin birinci müavini deyil. Hər halda bir vəzifəni iki nəfər icra etmir. Belədə Hilal Əsədovun MTN-də hansı işin başında olduğu sual doğurur.