elnurastanbeyli@gmail.com
Məgər dünən Beynəlxalq Statistika günü imiş, hətta bu münasibətlə Ilham Əliyev ölkəmizin statistiklərindən bir xeylisini 3-cü dərəcəli “Vətənə xidmətə görə”, “Tərəqqi”, “Dövlət qulluğunda fərqlənməyə görə” kimi orden-medallarla təltif edib. Mən də öz adımdan Azərbaycan statistiklərini səmimi-qəlbdən təbrik edir, onlara şişirtmə, “pripiska” fəaliyyətində uğurlar arzulayıram.
Corc Oruellin məşhur “1984″ romanında Azərbaycan kimi avtoritar rejimlərin hökm sürdüyü ölkələrdə bütün sahələr kimi, rəsmi statistikanın da mahiyyəti çox dəqiqliklə açılıb. ”Teleekran dayanmadan əfsanəvi statistika püskürürdü. Əvvəlki il ilə müqayisədə daha çox ərzaq, daha çox geyim, daha çox ev, daha çox mebel, daha çox qazan, daha çox yanacaq, daha çox gəmi, daha çox vertolyot istehsal edilmişdi, daha çox kitab dərc olmuş, daha çox körpə doğulmuşdu, bir sözlə, xəstəlik, cinayət və dəlilikdən başqa hər şey çoxalmışdı” yazır Oruell.
“Statistika öz ilkin halında da dəyişdirilmiş halında olduğu kimi uydurmadan başqa bir şey deyil” – bu da böyük yazıçının həmin romanındandır.
Əslində Oruelldən sitat gətirməyə ehtiyac-filan da yoxdur. Kor-kor, gör-gör. Azərbaycanda rəsmi statistikanın yalan istehsal etmək gücünə heyrət etməmək mümkün deyil. Bizim Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarına inansaq, bu saat hamımız yağ-bal içində yaşayırıq, ölkədə o qədər iş yeri açılıb ki, artıq işçi tapılmır, hərə məcbur olub iki-üç işdə işləyir, pul bir bizdədir, bir ingilisdə, hər addımbaşı yeni zavodlar, fabriklər…
Reallığın necə olduğunu demək isə yəqin ki, artıqdır.
Məşhur bir Sovet lətifəsi vardı, deyəsən bir dəfə yazmışam, xatırlamayanlar, ya da bu lətifəni, ümumiyyətlə, yerli-dibli bilməyənlər üçün yenidən yazım:
Uşaq bağçasında tərbiyəçi balacalara deyir:
– Sovet Ittifaqında hamı doyunca yeyir, qəşəng geyinir. SSRI-də insanlar gözəl mənzillərdə yaşayırlar. Bütün sovet uşaqlarının gözəl oyuncaqları var.
Vova ağlayır:
– Mən, mən… SSRI-yə getmək istəyirəm..
Indi bizdə adam DSK-nın rəqəmlərini oxuyanda istəyir ki, gedib bu rəqəmlərin aid olduğu ölkədə yaşasın. Bu həm də AzTV-nin hər gün mədh etdiyi ölkədə yaşamaq arzusu ilə eynidir.
Yadıma başqa bir Sovet lətifəsi də düşdü. Azərbaycandakı gerçək durum da bu lətifədəkindən fərqlənmir.
Lektor beşilliyin uğurlarından danışır:
– Şəhərdə elektrik stansiyası tikilib…
Zaldan səs:
– Mən ordan gəlirəm. Heç bir elektrik stansiyası yoxdu.
Lektor davam edir:
– Şəhərdə kimya zavodu tikilib…
Həmin səs:
– Bu yaxınlarda orda idim. Heç bir zavod yoxdu.
Lektor qəzəblənir:
– Siz, yoldaş, az avaralanın, bir az qəzet oxuyun.
Burada “qəzet” sözünü bizim DSK-nın statistikaları ilə də əvəzləmək olar. Bəli, həmin statistikalara görə, məşhur bir mahnının sözlərində deyildiyi kimi, “dünyanın xoşbəxti bizik dünyada”. Həmin statistikalara inansaq, biz göyün yeddinci qatında uçuruq, arabir oradan baxıb almanları acından qırılan, fransızları qəpiyə güllə atan görürük.
Ümumiyyətlə, ədalətsiz Sistemlər rəqəmlərlə rəqs etməyi sevirlər. Onlar rəqəmlərlə istədikləri kimi oynayırlar – bu onlara sadə insanları, qara kütləni hər şeyin yaxşı olduğuna, analoqsuz inkişafa inandırmaq lazımdır. Amma elə bir an gəlir ki, rəqəmlər artıq reallığı malalamaq, gizlətmək iqtidarında olmur. Rəsmi statistikalar nə deyir desin, həqiqətin, gerçəkliyin yanında miskin, cılız qalırlar.
Azərbaycan da artıq belə bir mərhələyə gəlib çatıb. Indi bizdə rəsmi statistikalarla ifadə olunan inkişaf söhbətləri acı gülüş doğurur. Rejimin açıqladığı “çiçəklənmə rəqəmləri” sürətlə solur.
Neft kökənli “analoqsuz inkişaf” nağılları “qara qızıl”ın ucuzlaşması ilə sabun köpüyü kimi dağılır, onun yerini hakimiyyətin ən yüksək qatlarından eşidilən böhran etirafları, özünütənqidlər tutmağa başlayır.
Məhz bu mənzərənin fonunda Azərbaycan statistiklərini təbrik etmək xüsusilə ləzzət verir. Qoy onlar yenə də, bundan sonra da rəqəmləri rəngbərəng şarlar kimi üfürüb şişirməkdə olsunlar, onsuz da həqiqət artıq bir uşaq şıltaqlığı ilə həmin “şarları” ani bir toxunuşla partladaraq əylənməyə, “AzərTAc”sayağı desək, başlamışdır.