faiz2

Azərbaycanda “kölgə iqtisadiyyatı” neçə faizdir?

faiz2Rəsmi statistikada 9 faiz qeyd olunan göstərici, ekspertlərin fikrincə, 60 faizə civarındadır

Nemət Əliyev: «Hökumət bir qayda olaraq bu səviyyəni aşağı göstərməkdə maraqlıdır»

Xəbər verildiyi kimi, Azərbaycan ÜDM-də “kölgə iqtisadiyyatı”nın payının 9 faizdən çox olduğu bəyan edilib. Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimovun “Statistika xəbərləri” elmi-praktik jurnalında dərc edilən məqaləsində belə deyilir.

Məqalədə qeyd olunur ki, sənayedə “kölgə iqtisadiyyatı”nın payı ÜDM-in 1,1 faizini, kənd təsərrüfatında 0,5, tikintidə 1,3, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 2,1, nəqliyyat və anbar təsərrüfatı sahəsində 0,4, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 0,4, sosial və digər xidmətlər sahəsində isə 3,3 faiz təşkil edir.

R.Səlimov qeyd edib ki, sahibkarlar statistik hesabat və bəyannamələri dövlət qurumlarına təqdim edərkən bəzi hallarda məlumatları təhrif edirlər: “Müayinənin nəticələri göstərib ki, məlumatlar əsasən tikinti, emal sənayesi, ticarət, nəqliyyat və anbar təsərrüfatı, turistlərin yerləşdirilməsi və ictimai iaşə, sosial və digər xidmət sahələrində təhrif edilir. Sahibkarların vergi, statistika və digər dövlət orqanlarına təqdim etdikləri hər 10 hesabatdan 6-da, o cümlədən 20 nəfərədək işçisi olan müəssisələrin 10 hesabatından 7-də, 20 nəfərdən 50 nəfərədək işçisi olanların 6-da, 100-dən artıq işçisi olanların isə 5-də təhrif etmələrə yol verilir”.

O əlavə edib ki, bu hesabatlarda gəlirlər faktiki olduğundan orta hesabla 29,1 faiz, əməkhaqqı xərcləri 23,8 faiz az, xammal-material xərcləri 14,5 faiz, xidmətlərin ödənilməsi xərcləri 16,1 faiz, digər maddi xərclər isə faktiki olduğundan 6,3 faiz artıq göstərilir. O həmçinin, emal sənayesi üzrə təhrif edilmiş hesabatlarda gəlirlərin faktiki olduğundan 25,8 faiz, tikintidə 33,4 faiz, ticarətdə 44,4 faiz, nəqliyat və anbar təsərrüfatında 33,8 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşədə 29,4 faiz, sosial və digər xidmət sahələrində 22,3 faiz az göstərildiyini deyib.

Iqtisadçı-ekspert Nemət Əliyev söyləyir ki, “kölgə iqtisadiyyatı” ölkənin ən həssas tərəflərindən biridir. Ekspertə görə, bu göstərici hökumətin birbaşa fəaliyyətinə qiymət vermək üçün təsirli vasitələrdən biridir:

Hökumət bir qayda olaraq bu səviyyəni aşağı göstərməkdə maraqlıdır. ”Kölgə iqtisadiyyatı”nın səviyyəsi haqqında danışılanda, rəsmi çevrələr özünü bir qayda olaraq çox narahat hiss edirlər. Ona görə də bu göstəricini hökumətlə heç bir əlaqəsi olmayan, bütün təsisatlardan uzaq olan ekspertlərin hesablaması doğruldur. Ölkədə hələ bir müddət öncə kölgə iqtisadiyyatının təxminən 60 faiz ətrafında dəyişdiyi bildirilirdi. Nəzərə alsaq ki, son dövrlər korrupsiya, rüşvətxorluq, monopoliya, haqsız rəqabətin miqyası daha da çoxalıb. Monopollaşma səviyyəsi daha da dərinə işləyib. Hökumət gözdən pərdə asmaq məqsədilə antikorrupsiya tədbirlərini manipulyasiya edir. Lakin bu göstərici 60 faiz həddində qiymətləndirilir. Bütün parametrlərinə görə kölgə iqtisadiyyatının səviyyəsinin 60 faiz ətrafında olması daha düzgündür. 9 faizlik səviyyə isə gerçək mahiyyətindən uzaqlaşdırılmış və heç nəyi ifadə etməyən bir göstəricidir”.

Nigar