Rafiq Manaflı: “Hamını, hakimiyyətə işləyir damğası ilə ittiham edirsiniz. Bir dönüb özünüzə baxın”
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı demokratik düşərgədən olan bəzilərinin seçkilərə qatılmaqla yanlışlığa yol verdiyi haqda fikirlərinə görə Müsavatdan ona və Gültəkin Hacıbəyliyə deyilən ittihamlara çox sərt şəkildə cavab verib. Onun facebook səhifəsində yazdıqlarını təqdim edirik.
Seçki prosesi start götürəndən bəri yazdığım bir neçə status məni istər VHP daxilində, istərsə də müxalifətin seçkiyə qatılan kəsimində bir çoxları ilə üz-üzə qoydu. Statuslarda mən bu seçkilərə münasibətimi, mövqeyimi əks etdirmişəm. Seçkilərdə iştirakın ölkədə dəyişikliklər, islahatlar uğrunda mübarizəyə niyə və nə qədər zərərli olduğunu, zərbə vurduğunu əsaslandırmağa çalışmışam. Heç bir qurumun adını ayrıca hallandırmadan. Bu statuslar konkret kiməsə qarşı yönəlməyib, Müsavat daxil, özlərinə müxalifət deyib seçkiyə qatılan bütün qurumlara ünvanlanıb. 2-3 nəfərin adlarını çəkmişəmsə də, onların hansısa quruma aid olduqlarına görə deyil, etik çərçivələri pozduqlarına görə çəkmişəm.
Sosial şəbəkədə, mətbuatda mənimlə eyni mövqe sərgiləyənlərin sayı minlərlədir. Amma nədənsə, son bir neçə gündə hədəfdə, özü də artıq konkret, Müsavat partiyasının hədəfində mən və Gültəkin Hacıbəylidir. Məni VHP-nin parlamentdə otrması və sair ilə, Gültəkin xanımı isə guya nə vaxtsa hakim komandada təmsil olunması ilə ittiham edirlər.
2010-cu ildən bəri keçirilən bütün seçkilərdə bir nəfər də qalib gəlib parlamentdə əyləşməyib. Qalib gəldin-gəlmədin, hakimiyyət kimi buraxıbsa, o da gedib parlamentdə oturub. Bu 15 ildə ya 1 sezon olsun, ya 2-3 sezon, Müsavat Partiyası da daxil olmaqla, əksər partiyalar hakimiyyətin icazəsi ilə o parlamentdə oturub. Dünən yüksək icazə ilə parlamentdə oturan partiya hansı mənəvi haqla bu gün elə həmin icazə ilə parlamentdə oturanı ittiham edə bilər?
Nə vaxtdan parlamentin deputatı olmaq hakimiyyət komandasında təmsil olunmaq demək olub. Niyə sualı belə qoymursuz ki, hansı səbəbdən Gültəkin Hacıbəyli kimi ağıllı, yüksək intellektli, gözəl nitq qabiliyyətli bir xanım, bu gün hələ də orada oturan bisavadlardan fərqli olaraq daha deputat deyil? Sizin özünüzün fəal iştirakınızla Milli Şura təsis ediləndə Gültəkin xanım yekdilliklə seçilən yeganə komissiya sədri olub. Gültəkin Hacıbəyli ilə yanaşı şəkil çəkdirməyi özünüzə fəxr bilirdiniz ki. Lideriniz İsa Qənbərdən artıq müsavatçı olduğunuzu zənn etmirəm. İsa bəy 2013-cü ildə Gültəkin xanımı Müsavatın beynəlxalq məsələlər üzrə müavini kimi görmək istəyirdi. Nə dəyişib, kim dəyişib? Öz köynəyinizdən çıxan əski divan üzvləriniz Musa Qasımlı, Rasim Musabəyov hardadirlar ki? Keçmiş divan üzvünüz Əkrəm Əylisli öz daş yuxuları ilə millətimizin ürəyindən vurdu ki.
Hamını, hakimiyyətə işləyir damğası ilə ittiham edirsiniz. Bir dönüb özünüzə baxın. Qurultayınızdan sonra biri bir az böyük, biri bir az kiçik iki hissəyə bölünmüsünüz. Hər iki tərəfdə Müsavatın bərpa qurultayından bəri illərdir bir yerdə olduğunuz 20 ilin müsavatçıları var. Bir tərəf o birini, o biri tərəf bu birini ciddi ittihamlarla, tutarlı dəlillərlə hakimiyyətə işləməkdə ittiham edir. Özünüz deyirsiz, hamınıza. Biz də kənardan baxırıq ki, vay dad, bunlar hamısı iqtidara işləyirmişlər ki. Siz hələ özünüzün hakimiyyətə işləmədiyinizi sübut edin, sonra başqalarını ittiham edərsiz.
Daha bir iddia Milli Şuranın seçki başlayandan müxalifətlə mübarizə aparmasıdır. Görəsən seçkiyə getməmək davasını kiminlə döyməli idik? YAP-ı təşkil etdiyi şoudan çəkindirməli deyildik ki. Biz bütün vasitələrlə sizi bu seçkidən çəkindirmək üçün vuruşduq. YAP-ın bizə nə dəxli, onlar özləri üçün oyun təşkil ediblər. Siz qatılmasaydınız YAP özü çalıb özü də oynayacaqdı. Hətta ATƏT DTİHB də bu özü çalıb özü oynayan dəstəyə çəpik çalmaqdan imtina etmişdi. Sizin seçkiyə qatılıb dairəyə girməyiniz bu prosesi şou olmaqdan çıxarıb seçki prosesinə çevirdi. Əlbəttə, nəticələr saxtalaşdırılacaq, bu, şəksizdir. Amma bütün hallarda, sizin iştirakınızla artıq bu saxta da olsa seçki prosesidir, şou deyil.
Mən şübhə etmirəm ki, siz bütün bunları gözəl bilirsiniz. Və buna görə də özüm üçün dəqiqləşdirmişəm ki, siz doğurdan da mübarizə aparırsınız. Mandat üçün yox. Hakimiyyətlə də yox. Heç müxalifətlə də yox.
Siz gündəmə qayıtmaq, öz legitimliyinizi bərpa etmək uğrunda mübarizə aparırsınız. Amma seçdiyiniz vasitələrin üzrü günahından betərdir.