Qasım kişinin sərgüzəştləri: “ Səs verin!”

zamin serdarliZamin Sərdarlı

Günlərin bir günü Aşağı nahiyyələr kəndindən deputatlığa namizədliyini irəli sürən Qasım kişi, kəndin bağlı olduğu seçki məntəqəsinə namizədliyi barədə ərizəsini verərək rəsmi qeydiyyata düşdü. O, lazım gələrsə millətin bağıraraq boğaz qlandalarını partladan səsi, lazım gəlməyib Nataşa gəldikdə isə, millətin hakimiyyətdən tələb etdiyi demokratiyanı ilk öncə Nataşanın üzərində uyğulamağı qərara almışdı. Qasım seçki qabağı təbliğat – təşfiqat kompaniyası ərəfəsində tez- tez, köhnə, xaraba qalmış kənd soveti binasının uçuq tribunasına birtəhər çıxıb, Nuh əyyamına mənsub çürümüş taxtaların cırıltı sədaları altında avazı yetənəcən kənd camaatına şəxsi ambisiyasını çatdırmağa cəhd edirdi. Limiti aşaraq kifayyət qədər səs faizini toplayıb, kəndin deputatı seçiləcəyi təqdirdə, fəaliyyət göstərəcəyi bu beş il ərzində kənddə misli görünməmiş, analoqu Avropanın ən inkişaf etmiş ölkələrində belə olmamış inkişafı təmin edəcəyinə əmin idi. O, Milli Məclisdə digər deputatlar kimi vicdanla işinin öhdəsindən gələcəyinə, məclisdə vəkillik etdiyi camaatın narahat olduğu mövzuları, əsasən də, artıq qlobal məsələyə çevrilməyin astanasında olan mal nobatındakı növbə problemini və kəndə WiFi, pulsuz ictimai internet çəkdirərək AzTv ilə çərçivələnmiş əhalinin düşüncə tərzinin üfüqünü dünya miqyasında genişləndirməyi müzakirə obyektinə çevirəcəyini bildirmişdi. Hətta onlara iş vaxtında mürgü vurub qarşısındakı masanın üzərinə ağzının şoşağını belə tökməyərək, millətin cibindən çıxan pulla alınan salfetə belə israf etməyəcəyinə dair Tübürcəyi Müqəddəs ağanın cəddinə and içərək söz verirdi. Belə incə nüanslar Qasımın nitqində öz əksini tapırdı. Qasım kişinin belə məşəqqətli yola üz tutmağının səbəbi qətiyyən şəxsi mənfəəti deyildi. O, tez- tez xalqın xilaskarı olmağını və “Qasımmen” ləqəbi ilə adlandırılıb camaat tərəfindən başına and içildiyini xəyallarına qonaq edirdi.. Əslində Qasım kişi kənd sakinlərinin halına acıyırdı. Onu nə səhər o başdan oyanıb yuxusuna haram loxma qatıb qıvşımış, peyin qoxan tovladan şillə təpik və zor gücüylə mal qaranı örüşə yola salmaq, yağışda məhəllədə yaranan bataqlıqda qurbağa kimi çevik hərəkət edib qarşıya çıxan maneələri məharətlə dəf etmək, ot yonmaq, yonca sulamaq, bir sözlə kənd həyatındakı usandırıcı sistematik həyat tərzi qətiyyən narahat etmirdi.
Birdən Qasımın qulağına qəribə səslər gəldi və baş nahiyyəsindən üzünə doğru soyuq bir şeyin axdığını hiss etdi. Yerindən dik atılan Qasımın gözünə ilk görünən şey Balqızın aralı ağzından çölə boylanan üç dənə saralmış alt dişləri idi..
– Əəə Qasım səni görüm qanınqa bələnmiyəsən yazıxsan, dur dayna. Səhərdən xalx səni gözləmir??? Səttar kişi qapının ağzındadı. Mal nobatındasınız ikinqiz də..
– Az it köpəyin qızı gözdə bir toxduyum dayna..
Qasım kişi bir az yerində qaxılıb qaldı. Bəli, bütün yaşadıqları yuxuydu.. Millət vəkilliyinə namizədliyi, Nataşa, Bakı, Qasımmen.. Bunlar heç biri olmayacaqdı. Elə bu anda, səhərin gözü açılıb, hər gün eyni şeylərin davam etdiyini görübdə, bezgin halda yenidən yumulduğu dəmdə, televizorda xəbbərlər verilişinin aparıcısı möhkəm çığırıb balaca dünyadan bütün aləmə car çəkirdi: – “Səsləriniz millət vəkilləri üçün çox önəmlidir. Bu gün öz növbəmdə, on səkkiz yaşından yuxarı hər kəsi seçkilərə dəvət edirəm. Sizi əmin edirəmki, belə şəffaf seçkilər sisteminə nəinki Avropada, heç digər ilan mələşən planetlərdə belə rast gəlinməyib”.
Qasım xəbərləri sona qədər dinləmədi və uzunboğaz çəkmələrinə ayağını dürtüb eyvana çıxdı. Səttarla birlikdə məhlədə hər qış fəslində adi hala çevrilən, yağış və torpağın yarımçıq vəhdətindən əmələ gələn bataqlıqda, yuxularının onu təngə gətirməsinə baxmayaraq, bir gün yuxularının belə çin çıxacağına əminlik duyub vüqarla irəliləyir, hərdən bir palçığa yapışaraq ayağından sıyrılıb çıxan çəkməsini əliylə palçıqdan çıxarıb ayağına salır və bu uzun keçmkeçli yolları əzmlə davam edirdi…