ABŞ-dakı səfirliyimiz ətrafında növbəti diplomatik qalmaqal

elin suleymanov

Amerika mətbuatı Elin Süleymanovun Vaşinqtonu tənqid etdiyini yazdı, səfirlik təkzib etdi

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Birləşmiş Ştatların Yuta Universitetində (Yuta ştatı) Amerikanın dünyadakı roluna dair konqresmen Kris Stüartın təşkil etdiyi konfransındakı çıxışı zamanı Rusiyanın Xəzərdən Suriyaya raket zərbələri endirməsindən narahatlığını bildirib.

Milli təhlükəsizlik zəminində təşkil edilmiş konfransdakı çıxışı zamanı səfir ABŞ-ın Rusiyanın bu hərəkətinə laqeyd yanaşmasını da tənqid edib.

The Salt Like Tribune” qəzetinin yazdığına görə, səfir konfransdakı çıxışı zamanı Azərbaycanın yerləşdiyi regionda sülhün təmin edilməsinə göstərdiyi kömək üçün Amerikanı tərifləyib.

Məsələn, Elin Süleymanov bildirib ki, Azərbaycandan Gürcüstana, oradan isə Türkiyənin Ceyhan limanına Avropa və digər ölkələr üçün əlavə neft təchizatı mənbəyi olan neft kəmərinin çəkilməsi ABŞ-ın dəstəyi sayəsində baş tutub. Səfir bu kəmərin Rusiyanın Avropaya neft nəqlini kəsməklə hədələdiyi bir vaxtda işə düşdüyünü vurğulayıb.

E.Süleymanov deyib ki, bu neft kəmərinin tikintisində Birləşmiş Ştatlar açar rolunu oynadı. ABŞ kəmərin keçdiyi ölkələrlə yaxından işlədi və daha sonra prezident Bill Klinton Bakı-Tiflis-Ceyhan (BTC) kəmərinə dair sazişin imzalanması mərasimində şəxsən iştirak etdi. Bu isə başqalarına “kəmərə qarışmamaq” mesajı verdi və Corc Buş Administrasiyası da kəmərin tikintisi prosesinə daimi dəstək göstərdi.

Əgər uzlaşma, strateji öhdəliklər yoxdursa, insanlar bu cür layihələr və sülh üçün üzərlərinə öhdəliklər götürməyə daha az hazır olurlar”- deyə Elin Süleymanov bildirib.

Səfir əlavə edib ki, Amerikanın BTC-yə və tikilməkdə olan Cənub Qaz Dəhlizinə dönməz dəstəyi bu layihələri həyata keçirməyə imkan verib.

Rusiyanın regiondakı rolu”

Səfir çıxışında Rusiyanın regiondakı rolu haqda da danışıb. Xatırladıb ki, Rusiya son vaxtlar Ukraynaya müdaxilə edib və onun Krım yarımadasını zəbt edib. Və bu ay Rusiya Xəzərdəki gəmilərindən Suriyaya qanadlı raketlərlə zərbələr endirib. Baxmayaraq ki, Rusiya, Azərbaycan, Iran, Türkmənistan və Qazaxıstan Xəzər dənizinin militarizasiyasından uzaq durmaq barədə razılıq əldə etmişdilər.

Qərbin laqeydliyi narahat doğrurur?!”

Süleymanov bildirib ki, Qərbin belə hərəkətlərə laqeyd, soyuq yanaşmasını başqalarının da görüb nəticə çıxara biləcəyindən narahatdır. “Bu hadisə bir çox yönlərdən Qərbin regionun işlərində real iştiraka meyl etmədiyini nümayiş etdirdi. Insanlar da bunu qeydə alırlar”- deyə Azərbaycan səfiri vurğulayıb.

Müzakirələrdə Konqresin Nümayəndələr palatasının kəşfiyyat komitəsinin üzvü, konqresmen Kris Stüart deyib ki, əgər Amerika dünyada sülhə öz təsirini göstərməyə hazır olmasa, dünya daha qaranlıq və daha xaotik olacaq.

Qeyd edək ki, Rusiyanın Xəzər donanmasının raket gəmilərinin oktyabrın 7-də Suriyadakı hədəflərə “Kalibr” qanadlı raketləri ilə endirdiyi kütləvi zərbələrə digər sahilyanı ölkələr, o sıradan Azərbaycan heç bir reaksiya verməyib.

Rusiya gəmiləri Xəzərin Iran sektorunda, Rəşt limanı yaxınlığında mövqe seçərək Suriyaya raket zərbələri endirib. ABŞ isə Rusiyanın Xəzərdən uzaqmənzilli raketləri işə salmasına birbaşa reaksiya verməyib. Qərb mediasında isə belə fikirlər yer alıb ki, Rusiya bununla həm də Azərbaycan və Qazaxıstan kimi öz donanmalarını gücləndirməyə çalışan sahilyanı ölkələrə xəbərdarlıq etmiş olur.

Təkzib gəldi”

Ancaq günün sonunda xarici mətbuatda gedən məqalə ilə bağlı təkzib daxil oldu. “Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ABŞ-ın Yuta ştatının paytaxtı Solt Leyk Siti şəhərində yerləşən Yuta Universitetində konqresmen Kris Stüartın təşəbbüsü ilə baş tutmuş ”ABŞ-ın dünyada rolu” adlı tədbirdə həqiqətən də iştirak edib. Lakin səfir öz əksini “The Salt Lake Tribune” qəzetindəki məqalədə tapan hay-küylü bəyanatla çıxış etməyib”.

Bunu Azərbaycanın ABŞ-dakı səfirliyinin III katibi Natiq Baxışov bildirib. N.Baxışovun sözlərinə görə, səfirin çıxışı təhrif olunub: “Təəssüf edirik ki, adıçəkilən qəzet səfir Elin Süleymanovun çıxışındakı bəzi sözləri kontekstdən çıxararaq özünə sərf edən şəkildə təqdim edib. Halbuki səfirin Qarabağ və enerji təhlükəsizliyi barədəki bəyanatlarının heç biri həmin məqalədə əksini tapmır. Bundan əlavə, səfir çıxış edəndə məqalənin müəllifi Li Devidson zalda deyildi. Ona görə də biz onun yazdıqlarının hamısını tamamilə təkzib edirik” (virtualaz.org).

Hakimiyyətin manevr cəhdi”

Təkzib olunsa da, birinci dəfə deyil ki, Azərbaycanın mərkəzi hakimiyyəti ilə xaricdəki diplomatlar arasında ciddi fikir ayrılığı yaşanır. Belə bir tendensiyanın yaşanmasına səbəb nədir? “The Salt Like Tribune” qəzetinin dərc olunan məqalədə qeyd olunan fikirləri rəsmi Bakının təkzib etməsinə hələlik mətbu orqanından münasibət gəlməyib.

AXCP sədrinin müavini Nurəddin Məmmədli hesab edir ki, xeyli vaxtdır ki, Qərb dünyasının Azərbaycandakı insan haqlarının vəziyyəti ilə bağlı təzyiqləri Qərblə rəsmi Bakı arasında qarşıdurmalara səbəb olub. Eyni zamanda bu gün dünyada baş verənlər, Rusiyaya qarşı Qərb dünyasının artan təzyiqləri Azərbaycanın Qərbdən, ümumiyyətlə, qopa biləcəyi fikrini formalaşdırıb: 2Bu baxımdan Azərbaycan hakimiyyəti Qərblə mövcud əlaqələri tam qırmamaq və birmənalı Rusiyayönümlü adlandırılmamaları üçün arada bu cür fərqli açıqlamalar verməyə məcburdurlar. Amma Azərbaycan hakimiyyətinin Qərbə, xüsusilə də ABŞ-a ittihamlarında səmimiyyətin olması bir qədər şübhə doğurur. Çünki ABŞ Rusiyanın Suriyadakı siyasətini kəskin tənqid edir”.

Bu tip addımlarla Azərbaycan hakimiyyətinin Qərblə diplomatik münasibətləri qorumağa çalışdığını düşünən N.Məmmədli bildirdi ki, bu siyasət hakimiyyətə qarşı yönələn ciddi addımları önləmək məqsədilə edilir. “Azərbaycanda insan haqlarının kəskin pisləşməsi ilə bağlı ABŞ-dan son zamanlar ciddi çağırışlar edilir. Bu çağırışların fonunda Azərbaycan hakimiyyətinin həm ölkə daxilində, həm də bütövlükdə dünyada nüfuzu sürətlə düşməkdədir. Daim nikbin proqnozlar verən Ilham Əliyev də bunu özü etiraf edir. Təzyiqlər də günü-gündən artmaqdadır. Bu şəraitin davamı uzun müddət balanslaşdırılmış siyasət yürütməklə öyünən hakimiyyət üçün ciddi fəsadlar vəd edir. Bu vəziyyət ciddi təhlükələrə gətirə bilər”, deyə N.Məmmədli vurğuladı.

Hikmət