Azər Mehdiyev: “Sahibkarlıq mühiti yaxşılaşmayacaq”
Prezident İlham Əliyevin iqtisadiyyatdakı inhisarçılıq və azad sahibkarlığın sıxışdırılması ilə bağlı sonuncu çıxışı ölkədə ciddi müzakirələrə səbəb olub.
Maraqlıdır, prezidentin məlum problemlərlə bağlı səsləndirdiyi fikirlər, bu problemlərin yaranmasında və həll edilməməsində maraqlı olan şəxslərə ünvanladığı xəbərdarlıqlar nəticə verəcəkmi? Sahibkarlıq mühitinin yaxın gələcəkdə qismən də olsa yaxşılaşacağını müşahidə etmək mümkün olacaqmı?
Məsələ ilə bağlı açıqlama verən İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Azər Mehdiyev son illər ölkədəki sahibkarlıq mühitinin davamlı şəkildə pisləşdiyinin inkaredilməz olduğunu vurğuladı:
“Sahibkarlıq mühiti, sahibkarların sıxıışdırılması ilə bağlı ilk dəfə deyil ki, fikirlər səsləndirilir. Hələ 2002-ci ildə mərhum prezident Heydər Əliyev dönəmində də bu məsələlər dəfələrlə səsləndirilmişdi. H.Əliyev də sahibkarların sıxışdırılması, onlara olan basqıları dəfələrlə qeyd etmişdir. Bununla bağl müxtəlif fərmanlar imzalanmış, qərarlar verilmişdir. İ.Əliyev də Nazirlər Kabinetinin toplantılarında, müxtəlif iclaslarda sahibkarlara olan basqılardan bəhs edib. Bununla bağlı müxtəlif sənədlər imzalanlıb.
2011-ci ildə Azərbaycanda lisenziyalaşma ilə bağlı xüsusi qanunun hazırlanması ilə bağlı göstəriş verilmişdi. 2014-cü ildə sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün ayrı-ayrı istiqamətlərdə müvafiq tədbirlərin görülməsi ilə bağlı da göstərişlər verilib. Lakin bütün bunlara baxmayaraq biz vəziyyətin yaxşılaşdığını deyil, əksinə ildən-ilə ağırlaşmasına şahidlik edirik. Bunun da səbəbi sahibkarlığın bazasında azad sahibakrlığın deyil, inhisarçılıq mühitinin dayanmasıdır. Inhisarçılığın başında duran isə məmurlardır. Azərbaycanda dövlət məmurlarının sahibkarlığı mövcuddur. Dövlət məmurları digər şəxslərin sahibkarlıqla fəaliyyətinə maneçilik törədirlər”.
A.Mehdiyevin qənaətincə, məmur sahibkarlığı aradan qaldırılmadığı təqdirdə, bu sahədə ciddi bir uğura nail olmaq mümkün olmayacaq: “Nə qədər ki, ölkədə məmur sahibkarlğı mövcuddur, nə qədər ki, inhisarçılıq var, vəziyyətin müsbətə doğru dəyişəcəyi o qədər də güman edilən deyil.
Ölkəyə bu günə qədər ciddi neft gəlirləri gəlirdi və büdcənin doldurulmasında bu gəlirlərdən istifadə edilirdi. Lakin büdcədə də vəziyyət ağırlaşıb və bu ağırlaşma büdcənin dondurulması baxımından belə olsa sahibkarlıq mühitinin yaxşılaşdırılmasını tələb edir. Bu kimi çıxışların problemin həllinə öz təsirini göstərib-göstərməyəcəyinə gəlincə, bunu müəyyən etmək üçün zamana ehtiyac var”.