NASA-nın mənasız işləri

elnur-astanbeyliElnur Astanbəyli

elnurastanbeyli@gmail.com

Srağagün ABŞ-ın NASA kimi məşhur olan Milli Aeronavtika və Kosmos Idarəsi yetkililəri Vaşinqtonda guya çox önəmli bir mətbuat konfransı keçirdilər, Marsda mövsümi axan su qaynaqlarının tapıldığını açıqladılar. Sən demə, bu, Marsda həyat əlamətlərinin olduğuna dəlalət edən əhəmiyyətli fakt imiş.

Gəlin arzu edək ki, gün o gün olsun, Azərbaycanda da həyat əlamətləri tapılsın. Bəli, biz hazırda ölkənin özü boyda bir vakuumun, boşluğun, bozluğun içərisindəyik, əgər bu gün – yaptokratların Azərbaycanında yaşadığımıza həyat demək olarsa, ayıb çıxmasın, bəs onda norveçlilər, danimarkalılar, isveçrəlilər-zad nə ilə məşğuldurlar?!

Yeri gəlsə, NASA-nın açıqlamasının bizə bir isti-soyuğu da yoxdur, hətta boş söhbətdir. Oğul ona deyirəm, gəlib  Azərbaycanda hansısa məmurda insaf, məhkəmə hakimində ədalət, hər hansı yapçının dediklərində həqiqət, xalq şairində istedad, Elmlər Akademiyasında elm işartısı, Milli Məclisdə demokratik yolla seçilmiş deputat, polis şöbəsində qanunçuluq sözünün baş hərfini tapsınlar, ya da xəstənin cibindən əvvəl ağrıyan yerinə baxan həkim, seçki qutusuna topa-topa bülleten atmayan müəllim tapsınlar, biz də deyək, hə! Biz də deyək afərin, deyək, ay maşallah! Yoxsa Marsda su tapılması nə böyük şeydir. Ona qalsa, məsələn, bizim Əhmədlidə heç bineyi-qədimdən su yoxdur, gör biz heç bunu dərd eləyirik.

Düzdür, yapçıların dahi rəhbəri öz çıxışlarından birində müdrikcəsinə demişdir ki, “su həyat mənbəyi olaraq qalır”. Amma “Azərsu”nun sayəsində uca xalq, sevgili millətimiz bütün dünyaya sübut etmişdir ki, biz hətta susuz da yaşaya, partiya və hökumətin ətrafında sıx birləşə, ömrümüzdən kəsib onun ömrünə bağışlaya bilərik.

Ümumiyyətlə, bizim sağ qalmağımız üçün hava, su kimi ünsürlər elə də böyük əhəmiyyət kəsb etmir. Arxada qoyduğumuz 22 il bunu isbat etdi. Yuxarıda da yazdıq – Azərbaycan özü boyda vakuuma çevrilib, havasızlıq şəraitindədir. Amma biz dözürük, nəinki dözürük, Nadir Qafarzadənin “Maral, maral”ı üstə oğul evləndirib qız köçürürük, toylarda mahnı “zakaz”ı üstündə bir-birimizin qarnını yortur, Xoşqədəmə baxıb zırıldayır, Rafael-Coşquna hırıldayırıq. Qoy qlobal istiləşməyə, ozon dəliyinin böyüməsinə-zada görə də gedib başqaları narahat olsunlar. Bizim üçün hava var, ya yox, su var, ya yox, bir sözlə, həyat  əlamətləri var, ya yox, heç bir fərq eləmir, biz istənilən vəziyyətdə sağ qala, nəinki sağ qala, yenə də xoşbəxt ola, özümüzü dünyanın bəxtəvəri, ən qonaqpərvər camaatı, ilin qəhrəman xalqı hesab edə, hətta hər il Avropa oyunları, Eurovizion-filan keçirə bilərik.

Bir daha yazıram, Marsda su tapmaq boş, mənasız işdir, əlhəmdülillah, bizim öz milli-mənəvi gündəmimiz var. Məsələn, budur, hardasa 10 gündür Şirin Abbasov adlı jurnalistdən heç bir xəbər yoxdur, axtarışlar davam edir. Əvvəl demişdilər onu “bandotdel”də saxlayıblar, sonradan isə açıqlama verildi ki, bəs bu gənc, cəmi-cümlətanı 19 yaşlı jurnalisti Nərimanov Rayon Məhkəməsinə təhvil veriblər, orada da onun haqqında 30 sutka həbs qərarı çıxarılıb.

Çox simvolikdir ki, Amerika alimlərinin Marsda su tapdıqlarını açıqladıqları gün Nərimanov Rayon Məhkəməsindən də Şirinin vəkilinin sorğusuna cavab gəlib. Cavabın məzmunu bundan ibarətdir ki, bəs bizdə onun haqqında heç bir məhkəmə işi-filan olmayıb, hər hansı məhkəmə qərarı da çıxarılmayıb.

Indi sual olunur: bəs Şirin hardadır?

NASA-nın belə mərifəti, hünəri var gəlsin onu tapsın, yoxsa Marsda su tapmaq nə böyük iş imiş!