“Karanti”lər ifşa olundu

axcp-qurultay3AXCP isə növbəti dəfə «teatrı partlatdı»

Yəqin ki, hamınız “Uzaq sahillərdə” filminə baxmısız. Həm də dəfələrlə və diqqətlə baxmısız. Hamı bu filmdəki epizodları, dialoqları yaxşı xatırlayır. Filmdəki “Karanti” obrazı öz cəbhəsinə xəyanət edir və Alman faşistlərinə satılır. Pul qazanmaq, komfort həyat sürmək Karantini o qədər bihuş edir ki, ən iyrənc addımlardan belə çəkinmir, cəbhə yoldaşlarını düşmənə satır və vətən xaininə çevrilir.

Ən maraqlı məqam isə Mixaylo ilə bağlı epizoddur. Almanlar bütün vasitələrlə Mixaylonu ələ keçirmək istəyir və onun başına küllü miqdarda pul qoyurlar. Belə fürsəti əldən buraxmaq istəməyən Karanti dəfələrlə almanları aldadır və Mixaylonun öldüyünü iddia edir. Amma hər dəfə məlum olur ki, Mixaylo sağdır və fəaliyyətini davam etdirir.

Bütün bunları ona görə xatırladıq ki, bu gün ölkəmizdə baş verənlər filmdəki mənzərəyə çox oxşardı. Uzun illərdi “Karanti”lər AXCP-nin məhv olduğunu, dağıldığını, Əli Kərimlinin ətarafında 1-2 nəfərin qaldığını iddia edirlər. Amma hər dəfə AXCP düşmən tələsindən sağ çıxır və “Şults”ları məyus edir. Indi “Şults”lar “Karanti”ləri divara dirəyib ki, “Mixaylo”nun ölüsünü gətirin. Bir sözlə,  “Karanti”lər ənam almaq üçün yalan vədlər verir, AXCP-isə hər dəfə daha bir “teatrı partladaraq” missiyanı davam etdirir. Hökumət “partizan”ları çörək və su ilə sınağa çəksə də, onlara kömək edənləri zərərsizləşdirsə də, “cəbhə partizanları” təslim olmurlar.

Sentyabrın 27-də keçirilən möhtəşəm qurultay isə həm “Karanti”ləri, həm də “Şults”ları isterik vəziyyətə salıb. Indi mənzərə o qədər şəffafdır ki, “Karanti”in kimliyini dəqiqləşdirmək üçün “orta boylu, alnı çapıq” adam axtarmağa ehtiyac yoxdur.

Görünən budur ki, “Karanti”lərin əməyi hədər gedib, “Şults”ların planları pozulub və “partizan”lar şərəfli əməliyyatları davam etdirir.

Digər tərəfdən artıq “Mazelli”ləri “Mixaylo” kimi təqdim etmək də mümkün olmayacaq. Indi “Mazelli”ləri küçədəki it də tanıyır. Yəni, fəaliyyət davam edir və “Mixaylo” yenə də şəhərdədi.

Və nəhayət, AXCP bu illər ərzində öz adı ilə yaşayıb və öləndə də öz adı ilə öləcək. Həm də AXCP-nin də Mixaylo kimi rəsm çəkmək qabiliyyəti var. AXCP mübarizənin, mərdliyin, ləyaqətin şəklini çəkir. Və bu tablo millətə və dövlətə xidmətin qızıl sənədidir.

Bir daha sübut olundu ki, hətta AXCP-nin səngərindən çıxan “kəşfiyyatçı”ların məlumatı da döyüşün şiddətini zəiflətməyə, AXCP-ni mühasirəyə salmağa yaramadı.

İlham Hüseyn